BAKIDA BU ÜNVANDA 213 ŞİRKƏT QEYDİYYATA ALINIB - Sahibləri ilə bağlı ŞOK FAKTLAR +FOTOLAR
“Azərbaycanda bir şəbəkə var (məhkəmə qərarı olmadığı üçün cinayətkar olub-olmadıqlarını deyə bilmərəm), müxtəlif ünvanlarda əcaib adlarla minlərlə şirkət qeydiyyata aldırıb”.
Yenixeber.org: Bu haqda iqtisadçı-ekspert Allahverdi Aydın məlumat verib.
Onun sözlərinə görə, şirkətlərin əksəriyyətinin nə işlə məşğul olduqları bilinmir, amma qısa müddətdən sonra yaranan vergi borclarından belə başa düşülür ki, “böyük işlər” görürlər. Bəziləri isə dövlət satınalmalarında (tenderlərdə) qalib olurlar: “Bu ilin aprel-sentyabr aylarında (6 ay ərzində) həmin ünvanlardan birində - Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40 m. 40-da 213 şirkət qeydiyyata alınıb. Bu ünvanda daha əvvəl də yüzlərlə şirkət qeydiyyata alınıb (fotolar aşağıda).
Bu şirkətlərlə bağlı bəzi maraqlı və diqqət çəkən məqamlar:
- Həmin şirkətlərdən 3-nə Eminov Məhəmmədiyə Xəlil oğlu, 3-nə isə onun oğlu Eminov Eşqin Məhəmmədiyə oğlu “rəhbərlik edir”. Məhəmmədiyə Eminov 2017-ci ildə həyətində narkotik bitkilər əkdiyi üçün saxlanılıb.
- Məlikov Zamin Nəzərəli oğlu adlı başqa bir şəxs də 3 şirkətə “rəhbərlik edir” və bu şəxs də 2017-ci ildə oğurluq etdiyinə görə saxlanılıb.
- Başqa bir şəxs – Əfkari Eldar Məhərrəm oğlu da 3 şirkətə “rəhbərlik edir”. Amma, bu şəxs şirkətlər qeydiyyatdan keçəndə (08.05.2023) artıq həyatda olmayıb. Əfkari Eldarın meyiti 4 gün əvvəl (04.05.2023) evində asılmış vəziyyətdə taplıb.
Deyə bilərsiniz ki, keçmişdə oğru və narkoman olanların (ölülər istisnadır) şirkət rəhbəri olmasında qanunsuz nə var ki?
- Məsələn, Stanislav Yakushev adlı bir vətəndaş var. İnternet evində böyüyüb. Həbsdə olub. Bu şəbəkə onun da adına şirkətlər açıb və indi 1,5 milyon manat vergi borcu var.(Azpolitika)
- Başqa bir şəxs Astara sakini Zaur Məhərrəm oğlu Sovqatov mətbuata açıqlama verib və bildirib ki, onun xəbəri olmadan adına 5 şirkət açılıb və vergi borcu yaranıb. Açıqlamadan 5 gün sonra meyitini meşədə asılmış vəziyyətdə tapıblar.
Bu cür onlarla, yüzlərlə nümunə var. Sosial şəbəkələrdə, mətbuatda istədiyiniz qədər məlumat tapa bilərsiniz.
İndi əsas sual budur ki, bu şirkətlər barəsində ortada bu qədər açıq şübhəli məqamlar olduğu halda niyə heç bir tədbir görülmür?
Məni ən çox maraqladıran isə bu şirkətlərə kimin ad qoyduğudur. Minlərlə adı qoymaq üçün hansı alqoritmadan, hansı kompyuter proqramından istifadə edir, adların bir mənası varmı, yoxsa çinlilər kimi qab-qacağı yerə atır, çıxan səslərə uyğun ad qoyur...”