Azərbaycanlıların 9 May zəfərində yazdığı tarix: Faşizmə iki dəfə qalib gələn yeganə xalq! -FOTO/VİDEO
Azərbaycanda may ayının 9-da faşizm üzərində qələbənin 77-ci ildönümü qeyd olunacaq.
Yenixeber.org: Bu tarixi qələbə o qədər böyük və şanlı bir hadisədir ki, onu hansısa xalqın və millətin adına çıxmaq, geosiyasi maraqlara qurban vermək və ya əhəmiyyətsizləşdirilməsi ilə bağlı tendensiyaları cavabsız qoymaq olmaz.
Çünki 9 may tarixi faşizmə qalib gəlmək uğrunda vuruşanların, xüsusən də faşizm bəlasından hətta dünya müharibəsindən sonra da əziyyət çəkən azərbaycanlıların zəfərinin təntənəsidir.
1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzaladı, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatdı, yüz minlərlə azərbaycanlının iştirak etdiyi – bəşər tarixinin ən qanlı müharibələrindən biri sonlandı.
Bu gün dünyada gedən proseslər, maraqların və hərbi güclərin toqquşması fonunda 9 Mayın əhəmiyyətinin azaldılmasına cəhdlər müşahidə olunur. Qələbə kimlərinsə adına çıxılır, hərə öz istədiyi tərzdə qələbəni şərh edir, maraqların toqquşduğu məqamlarda tərəflər hətta bir-birini inkar belə edirlər.
Lakin dünya tarixi ali həqiqətləri, bəşəriyyətin faşizmlə mübarizəsində qələbənin yalnız ümumi qələbə olduğunu yazır və bu həqiqət heç zaman dəyişməyəcək.
Elə isə ümumi qələbədə öz payı olan, bütün resurs və imkanları ilə dünyanın, bəlkə də, tarixin ən böyük təhlükələrindən birindən xilas olmasında iştirak etmiş azərbaycanlıların, qəhrəman oğul və qızlarımızın xatirəsini, şücaətini andığımız, göstərdikləri cəsarətlə öyündüyümüz, gələcək nəsillərə ötürəcəyimiz xatirələrini yaşatdığımız, bir sözlə, iftixar etdiyimiz qələbənin qeyd olunduğu tarix hər birimiz üçün əzizdir!
Azərbaycan xalqı bu döyüşlərdə bütün dünya adına, gələcək uğruna var gücü ilə savaşıb və ümumi qələbənin qazanılmasında həlledici rollardan birini öz üzərinə götürüb.
Üstəlik, bu həlledici iştirak da bütün dünya tərəfindən qəbul olunub və hər zaman təqdir edilib. 9 May - Azərbaycanın şanlı tarixinin zəfər və qəhrəmanlıq salnamələri ilə dolu səhifələrindən birini təşkil edir.
Təkcə bir faktı qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 1941-1944-cü illərdə Azərbaycan əhalisinin il ərzində artım göstəriciləri -5,2, -7,6, -4,8 və -2,6 faiz olub. Yalnız 1945-ci ildə, müharibənin başa çatmasından sonra bu statistikada artımın 1,1 faizə yüksəlməsi qeydə alınıb. Müharibənin başladığı dövrdə Azərbaycan əhalisinin sayı 3,3 milyondan artıq olub. 600 mindən çox azərbaycanlı döyüşlərə yollanıb, 300 mindən çox həmvətənimiz bu yolda canından keçib.
Arxa cəbhədə var gücü ilə faşizmə meydan oxuyan insanlarımızın sayı isə milyonlarla ifadə olunur. Sadə dillə desək, Azərbaycanda həmin dövrdə hər beş nəfərdən biri faşizmə qarşı vuruşmağa yollanıb. Bu yolda döyüşlərdə iştirak edən hər iki azərbaycanlıdan biri qəhrəmancasına həlak olub. Azərbaycan həmin dövr üçün ümumi əhalisinin 10 faizə yaxınını faşizmlə mübarizəyə qurban verib.
Azərbaycan xalqının bu cür böyük şövqlə qoşulduğu və qalib olaraq ayrıldığı döyüşlərdə qələbə qazanmasının 77-ci ildönümü ilə əlaqədar xatırlamalı və hər zaman yaşatmalı olduğumuz məqamlara bir daha nəzər salaq:
Müharibə barədə
1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlanan döyüşlər dünya tarixində silinməz izlər buraxacaq İkinci Dünya müharibəsinin əsasını qoydu. Almaniya Polşaya hücum üçün 57 diviziya (1,5 milyon insan), 2500 tank, 2000 təyyarə göndərməklə öz planlarının və yaşanacaq faciələrin miqyasını da ortaya qoydu…
Bütün dünyada 57 milyondan (onlardan 27 milyonu sovet vətəndaşı olub) çox insanın ölümünə səbəb olan müharibədə yüzlərlə şəhər viran qoyuldu, dünya xalqları məhrumiyyətlərlə üzləşməli və görünməmiş dəhşətləri yaşamalı oldu.
Azərbaycan paytaxtı Hitlerin ən böyük hədəfləri arasında
Faşist Almaniyasının lideri Adolf Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. Həmin tarixdən etibarən sovet xalqları, o cümlədən azərbaycanlılar İkinci Dünya müharibəsinə qoşuldular. Bununla müharibə tarixində yeni mərhələnin başlanğıcı qoyuldu.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Alfred Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı adlanırdı. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusən Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş “Edelveys” planının həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu olmalı idi. “Ost” planına əsasən, Azərbaycan paytaxtının 1941-ci il sentyabrın axırına qədər işğal olunması nəzərdə tutulurdu.
Azərbaycanlıların faşizmə qarşı mübarizəsi
223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası — İkinci Dünya müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində milli Azərbaycan hərbi birləşməsi
Azərbaycan xalqı bu qanlı müharibədə həm arxa, həm də ön cəbhədə qəhrəmanlıq, mərdlik, şücaət nümunəsinə çevrilməyi bacardı.
Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradıldı. 1941–1945-ci illərdə 600 mindən çox azərbaycanlı kişi və qadın qanlı döyüşlərdə iştirak etdi. Azərbaycan xalqı bütün imkanları ilə bəşəriyyətin faşizm bəlasından xilas olması üçün çalışdı. Bu yolda böyük məhrumiyyətlərlə üzləşdi, lakin sonadək öz milli kimliyinin ona bəxş etdiyi bütün ali keyfiyyətləri ortaya qoyaraq şanlı qələbədə tarixi əhəmiyyətli rol oynadı. Dünyanın faşizmdən qurtulmasının ən önəmli həlqələrindən birini məhz Azərbaycan xalqının müharibədəki iştirakı təşkil etdi…
Azərbaycan diviziyaları Qafqazdan ta Berlinə qədər şərəfli döyüş yolu keçdi. Müharibənin bütün cəbhələrində Azərbaycan xalqının qəhrəman oğul və qızları böyük fədakarlıq göstərdilər.
1941-ci ilin 18 oktyabr tarixində İosif Stalinin əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etdi, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçdi, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərdi. Hətta azərbaycanlılar Reyxstaqa ilk bayraq sancanlardan oldular. Buna Reyxstaq divarlarına yazılmış xatirə sözləri də əyani sübutdur.
Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.
Dünya tarixində iz qoyan həmvətənlərimiz
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın və dünyanın tarixinə yeni şanlı səhifələr bəxş ediblər.
Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə şəhərin şimalında yerləşən Novqorod vilayətinin Pustınka kəndi yaxınlığındakı döyüşlərdə İsrafil Məmmədov komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə birlikdə 400 nəfərdən çox düşmən qüvvəsinin 9–10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirib. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşisti məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayper dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərib və düşmənə ağır zərbələr endirib. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Həzi Aslanov isə Berezina çayını keçərək Pleşinitsı şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinib.
Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdi. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi (ölümündən sonra). Həmyerlimizin xatirəsi bu gün də döyüşdüyü torpaqlarda böyük ehtiramla anılır.
II Dünya müharibəsinin iştirakçıları sırasında əfsanəyə çevrilən Azərbaycan oğullarının sırasında digər əfsanəvi partizanımızı da yada salmaq gərəkdir. Mehdi Hüseynzadənin komandiri, 162-ci “Türküstan” diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, “Russkaya Çeta” rotasının rəhbəri, kapitan Cavad Həkimli, yəqin ki, hər bir azərbaycanlının xatirəsində özünə yer tutur.
Təbii ki, İkinci Dünya müharibəsində iz qoymuş qəhrəmanlarımızdan danışarkən Əhmədiyyə Cəbrayılovu da unutmaq olmaz. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Ə.Cəbrayılov həm də Qarabağ müharibəsi şəhidi — Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atasıdır. Bu misal İkinci Dünya müharibəsinin qəhrəmanlarının öz xalqı üçün qəhrəmanlar yetişdirməsinin də ən bariz nümunələrindəndir.
Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o, döyüş ordeninə layiq görüldü.
Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsindən əvvəl və savaş dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə Rixard Zorgeni də xatırlayaq. 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulmuş Zorge sonradan Almaniyaya köçmüş, Hamburq Universitetində təhsil almışdı.
“Ramzay” ləqəbindən istifadə edən Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrinə Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar edir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1 700 tank, 1 500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.
Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilib. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edir.
Azərbaycan nefti və qələbədə oynadığı rol
1942-ci il iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, Vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi.
Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci Dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.
Hitler Almaniyanın I tank ordusunun 1942-ci il sentyabrın 25-də Bakını zəbt etməsini istəyirdi. Buna görə də daim öz komandanları ilə söhbətlərində Bakının önəmini vurğulayırdı:
“Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.
Təbii ki, Hitlerin bu sözlərdən istifadə etməsinə səbəb Bakı neftinin müharibənin taleyində oynadığı həlledici rolun dərk edilməsinə əsaslanırdı. Çünki müharibə illərində SSRİ-nin neft və neft məhsulları, təyyarələrin və tankların mühərrik yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın payına düşürdü. O dövrdə ölkədə istehsal edilən neftin 70–75%-i, benzinin 85–90%-i Azərbaycanın payına düşürdü. 1941–1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi.
SSRİ-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları Konstantin Rokossovski və Andrey Qreçko müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri mühərriklərin müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstəriblər.
Marşal Konstantin Rokossovski:
“Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var”.
Marşal Andrey Qreçko:
“Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi”.
Ümummilli lider Heydər Əliyev də hər zaman Bakı neftinin faşizm üzərində qələbədəki rolunu xüsusi vurğulayıb:
“Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi”.
Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda keçirilən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransdakı nitqində isə bu sözləri qeyd edib:
“Çoxları indi də deyirlər ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.
Bakı arxa cəbhədə
Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.
Azərbaycanlılar öz şəxsi vəsaitlərindən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl veriblər. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələrindən iki vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qaraciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə dərman preparatları və sarğı vasitələri göndərilib.
Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Faşizmə ikinci dəfə qalib gələn yeganə xalq
Qəlbi Azərbaycan sevgisi ilə döyünən, Vətəninin taleyinə biganə qalmayan, milli təəssübkeşliyi hər şeydən üstün tutan hər bir azərbaycanlı haqlı olaraq dünyada faşizmə iki dəfə qalib gələn yeganə xalq olmaq qüruruna sahib çıxa bilər. Azərbaycan xalqı 1945-ci il 9 May qələbəsindən sonra 2020-ci ilin sentyabrın 27-də başlanan müharibədə faşizmin daha bir dəhşətli və qəddar təzahürü olan erməni faşizminə qalib gəldi.
Azərbaycan xalqı yenidən var gücü ilə səfərbər olaraq bu dəfə alman faşistləri ilə müqayisədə daha amansız, daha qəddar və mənfur bir düşmənin başını əzməyi bacardı.
İlk qələbədən 75 il sonra, 2020-ci il 8 Noyabrda Azərbaycanın qəhrəman övladları bəşəriyyət üçün böyük təhlükə olan erməni faşizminə ən ağır zərbəni vurdular. Bununla da İkinci Dünya müharibəsində bəşəriyyətin qələbəsində ən mühüm vəzifələrdən birini üzərinə götürən Azərbaycan xalqı növbəti dəfə həm də bəşəriyyət adına, insani dəyərlər adına tarix yazmağa nail oldu.
Ermənistan da eynilə faşist Almaniyası kimi kapitulyasiya aktına imza atmağa məcbur qaldı. İkinci Dünya müharibəsində qalib gələn, həlak olan, qəhrəmanlaşan babalarının ruhunu özündə daşıyan Azərbaycan övladları Ermənistanı diz çökdürdülər!
9 May və 8 Noyabr qələbələri, xalqımızın faşizmə qarşı apardığı mübarizə, öz torpaqlarını erməni faşizmindən xilas etməsi - Azərbaycanın şanlı tarixində öz layiqli yerini hər zaman tutacaq, gələcək nəsillər üçün də hər zaman iftixar mənbəyi olaraq qalacaq!