Aparıcı dövlətlərdə ksenofobiya -Kanadada hinduların mədəni soyqırımı - ŞƏRH
Cəmiyyətlər inkişaf etdikcə dünyada ksenofobiya sanki daha da artır. Bu istiqamətdə yeni-yeni hadisələr törədilir, faktlar üzə çıxır. Ksenofobiya əcnəbi qorxusu, nifrəti anlamındadır. Bu, insanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına, nifrət etməsinə verilən addır. Bir çox hallarda irqçilik də onun bir növü kimi tanınır.
Yenixeber.org: Deməli, son 30 ilin ən məşhur kəlmələrindən biri olan inteqrasiyanın antonimi kimi ksenofobiya da çıxış edir. Belə çıxır ki, inteqrasiya artdıqca ksenofobiya da güclənir. Bu iki ziddiyyətli hadisə özünü daha çox qərb ölkələrində göstərməkdədir. Bir sıra hallarda Rusiya, Çin, İran, ərəb ölkələrində də buna rast gəlinir.
Amerika qitəsi avropalılar tərəfindən işğal olunub. Bu hadisə nəticəsində 15 milyondan çox yerli əhali, hindular soyqırıma məruz qalıblar. Yer kürəsinin bu hissəsinə sonra Afrikadan insanlar qul kimi köçürülüblər. Həm hinduların, həm də avropalılar tərəfindən insan alverinin qurbanı olan afrikalıların inancları dəyişdirilib, mədəniyyətləri aşağılanıb. Bunun üçün xüsusi missionerliklər sistemi fəaliyyət göstərib. Yeli əhalinin assimilyasiya edilməsi, irqçiliyin, ksenofobiyanın qurbanı olması halları Kanadadan da yan keçməyib.
Bu günlərdə dünya mətbuatında Kanadada katolik kilsələrindəki internatlarda hindu uşaqları istismara və cinsi təcavüzə məruz qalmasına dair yazılar, xəbərlər yayılıb. Kanadada yerli xalqlar katolik kilsəsinə aid internat məktəblərində uşaqların istismar edilməsi ilə bağlı Roma Papası Fransiskdən hələ də üzr gözləyirlər. O isə bu addımı atmayıb. Məlumata görə, 150 minə yaxın hindu 3 yaşlı uşağı 1831-1997-ci illərdə evlərindən və ailələrindən güclə ayıraraq bu dövlət tərəfindən maliyyələşən bu tip internata aparıblar. Bu uşaqlardan bir çoxu fiziki və cinsi istismara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalaraq bəziləri də üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən 4 100-dən çox uşaq ölüb. Onların çoxunun meyiti valideynlərinə qaytarılmayıb. 1894-cü ildən bu məktəbdə oxumaq hindular üçün məcburi olub. Ailələrindən ayrılan uşaqlar ingilis dilini öyrənməyə, xristianlığı qəbul etməyə məcbur edilir, ağdərililərin mədəniyyətinin daşıyıcısına çevirilirdilər. Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur. Qeyd edək ki, Kanadanın Kamplus şəhəri ərazisindəki keçmiş internat məktəbdə 3 yaşlı 200-dən çox uşağın meyitinin qalıqları aşkarlanıb. 1978-ci ildən məktəb hökumətin nəzarətin keçib. Kamlupsdakı qırmızdərili katolik kilsəsinin internat məktəbini bitirmiş 72 yaşlı Saa Hiil Sut həmin təhsil ocağında uzun illərdir ona edilən işgəncədən və orada başlarına gətirilənlərdən danışıb: “Günahkarlar cəzasız buraxılırlar. Vatikanın hələ də üzr istəməməsi həmin internatlarda minlərlə uşağın fiziki və cinsi istismara məruz qalması hadisəsinə biganəlikdir. Papa “Kamlupsda internat məktəbində adsız məzarda 215 uşağın olduğunu” deməyəcək”.
Qeyd edək ki, ötən həftə Kanadanın baş naziri Castin Trudo həmin internat məktəblərin kilsənin nəzarəti altında olduğunu xatırladaraq baş verənlərə görə məsuliyyəti Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. O, ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-cu ildə qurulan və 2015-ci ildə fəaliyyətini tamamlayan kilsədə baş verdiyini də deyib. Baş nazir Həqiqət və bağışlama komissiyasının hazırladığı 4 min səhifəlik hesabata əsasən həmin il Roma Papası Fransiskin üzr istəməsini tələb etmişdi. O, 2017-ci ildə Vatikana səfəri zamanı Papadan bunu istəsə də, tələbinə cavab almamışdı. Məktəblər rəsmi olaraq 1997-ci ildə bağlanıb. 2019-cu ildə məskunlaşma müqaviləsi fəaliyyət göstərir. Hindulara qarşı aparılan bu siyasət “mədəni soyqırımı” adlanır.
Yeri gəlmişkən, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlanılıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.
İyunun 6-da Kanadada etiraz aksiyası keçirən hindular katolik kilsəsinin internat məktəbi sisteminin qurucularından Eqerton Rayersonun heykəlini uçurublar. Yeri gəlmişkən, Kanadada hindular, eskimolar və aleutları bir yerdə “yerlı sakinlər”, “yerli xalqlar”, “aborigen xalqlar” sayılır. 2006-cı ilin siyahıyaalınmasına əsasən, ölkə üzrə onların sayı 732 520 nəfərdir.
Kanadada ksenofobiya indi də davam edir. İyunun 7-də Kanadanın Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini vurub. Nəticədə ailənin 4 üzvü həlak olub. Şəhər polisinin rəhbəri bunu qəsd adlandırıb: “Onlara müsəlman olduqları üçün hücum edilib”. Kanadanın baş naziri Castin Trudo müsəlman ailəsini qəsdən vuraraq öldürməsi barədə yayılan xəbərdən sonra ölkədə islamofobiyanı dayandırmağa çağırıb. Yerli xalqları assimiliyasiya edilən Kanadada islamafobiya da hökm sürür. Deməli, bu ölkədə öz vətəndaşlarının bir-birinə qarışı dözümsüzlüyü mövcuddur. Ölkədə hindu, eskimo və aleutların 3 yaşlı uşaqlarının qatili olan bir dövlətin Ermənistanı və erməniləri müdafiə etməsi çox gülünc görünür. Bu ölkənin başçısının saxta erməni iddiasından bəhs etməsi isə cəfəngiyyatdır.
Erməniləri və Ermənistanı müdafiə edən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa rəsmiləri ilə Kanada hakimiyyətinin bir mövqedə durması onun mahiyyətini gizlətməyə imkan vermir. Bu baxımdan Castin Trudonun yerli xalqlara görə üzrü və islamofobiyaya qarşı çağırışları süni görünür. Fransanın islamofobiyası bənzərsizdir. Bu, dövlət başçılarının çıxışlarında özünü daha çox göstərir. Fransada ksenofobiya daha aşkar hal aldığından ona dair nümunələri göstərməyə ehtiyac duymuruq.
Ksenofobiyadan ATƏT-in Minsk qrupunun başqa bir ölkəsi Rusiya da xilas ola bilmir. Bu ölkədə yüz ildən artıqdır formalaşmış “velikorus şovinizmi” hələ də davam edir. Bu il mayın 28-də Rusiyanın Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 “Sibir” magistral yolunun 61-ci km-də “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin “Saxla” tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Polislər onu təqib etməyə başlayıblar. Avtomobil yol kənarındakı mehmanxananın qarşısında dayanıb. Bir neçə nəfər avtomobildən düşərək qaçmağa çalışıb. Polis həmin şəxslərdən birini tutaraq patrul avtomobilinə aparıb. Bu zaman qaçanlardan ikisi geri qayıdıb və polisə müdaxilə etməyə çalışıb, onlardan biri baş verənləri videoya çəkib, ikincisi - 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev isə yoldaşını polislərin əlindən almağa çalışıb. Bu zaman polis müfəttişi Aleksandr Qusev onun başına atəş açıb. İki gündən sonra Abdullayev xəstəxanada vəfat edib. RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin göstərişinə əsasən, polis heç yerə çıxmamaq barədə iltizam verməklə təcridxanadan azad edilib. Bu, Rusiyada azərbaycanlıya qarşı edilən ilk ayrı-seçkilik deyil. 2013-cü ildə Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Orxan Zeynalovu gözu bağlı şəkildə Rusiya daxili işlər nazirinin otağına gətirilməsinin görüntülərinin yayılması praktikada görülməyən hadisə idi. “Məni döyürdülər, ona görə də yalan ifadə vermişəm. Mən heç kimi öldürməmişəm. Hadisə baş verən gün ümumiyyətlə Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim”, - Orxan Zeynalov bildirmişdi. Ancaq həmin il ona 17 il iş kəsdilər. Heç Azərbaycan Respublikasına ekstradisiya da etmədilər. Rusiyada qeyri-ruslara qarşı dözümsüzlüyə dair çoxsaylı faktlar sadalamaq olar.
Həmsədr ölkələrdən biri olan ABŞ-da da cəmiyyət kseonofobiyadan əziyyət çəkir. 2020-ci il mayın 25-də afroamerikalı Corc Floydun ağdərili polis əməkdaşı tərəfindən qətlə yetirilməsi faktını yada salmaq yetərli olar.
Ksenofobiyadan xilas ola bilməyənlərin Azərbaycanla bağlı mübahisəli sayılan məsələlərdə ədalətli mövqe tutacağına inanmaq sadəlövhlükdür. Təəssüf ki, onlar Azərbaycan ərazisində erməni mədəni irsinin qorunması barədə boş bəyanatlar verirlər. Yerli xalqların 3 yaşlı övladlarını fiziki və cinsi istimara məruz qoyduğuna görə heç bir məsuliyyət daşımayanlardan haqqı müdafiə edəcəyini gözləmək də absurddur.