İcma sədri:"Ermənistanda azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində təbliğ olunur"
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun “Xarici İşlər Nazirliyi” ermənilərə qarşı ölkəmizdə guya ksenofobiya aşılanması və dünya erməniliyinin düşmən kimi təqdim edilməsi ilə bağlı yenidən cəfəng və əsassız iddialar irəli sürüb. Qondarma rejim UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununa toxunaraq, “Arsenal” klubunun erməni futbolçusu Mxitaryan və erməni azarkeşlərin Bakıya gələ bilməməsini bu məsələ ilə əlaqələndirməyə cəhd edib. Avropanın əsas futbol qurumu olan UEFA-nın prinsiplərinə zidd olaraq mötəbər idman yarışını siyasiləşdirməklə, qarşı tərəf yenidən özünü ifşa etdi”.
Yenixeber.org: APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “Xarici İşlər Nazirliyinin” şərhi ilə bağlı bəyanatında bildirilir.
Bəyanatda qeyd edilir ki, erməni və ya erməni əsilli idmançılar Azərbaycanda keçirilən mötəbər idman yarışlarında dəfələrlə iştirak ediblər. Hətta erməni parlamentarilər və digər erməni nümayəndə heyətləri ölkəmizə səfərlər edib və heç bir problemlə üzləşməyiblər: “Ermənistan anlamır ki, problemin kökündə duran əsas məsələ onun Azərbaycana qarşı davam etdirdiyi hərbi işğal və təcavüz siyasətidir. Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük soyqırımını törədən, yüzlərlə dinc sakini, qadın, uşaq və qocaları qətl edən Ermənistan tərəfi törətdiyi dəhşətləri unudaraq, futbol yarışı ətrafında “ucuz şou” düzəltməklə ifşa olunduğunu anlamırmı?! Azərbaycanlı dinc əhaliyə qarşı Xocalı soyqırımını törədən Ermənistan hansı əsasla ölkəmizi ermənilərə qarşı ksenofobiya aşılamaqda ittiham edir?! Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində bilavasitə irqi ayrıseçkilik, etnik təmizləmə və diskriminasiya qurbanı olaraq qondarma qurumun diqqətinə çatdırıram ki, Azərbaycanda guya ermənilərə qarşı ksenofobiya aşılanmasını iddia etməzdən öncə, qarşı tərəf mono-etnik Ermənistan ilə müxtəlif etnik azlıqların, o cümlədən on minlərlə erməninin azad və firəvan şəkildə yaşadığı ölkəmiz arasında olan fərqi düzgün dərk etməyə çalışsın. Bunu görmək üçün “silahlanmış gözə” malik olmağa ehtiyac yoxdur, sadə statistik rəqəmləri və digər göstəriciləri müqayisə etmək kifayət edər. Azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində məhz Ermənistanda təbliğ olunur və bunun nəticəsidir ki, azərbaycanlılar 30 ilə yaxındır ki, etnik təmizləməyə məruz qaldıqları torpaqlarına qayıda bilmir. Qondarma rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını da əsarət altında saxlamaqda davam edir. Onlar anlamalıdır ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasından asılıdır”.
Bəyanatda qeyd edilir ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı güc tətbiqi, etnik təmizləmə, ümumiyyətlə işğaldan irəli gələn nəticələrin legitimliyini heç vaxt tanımayacaq: “Bu mövqe sonuncu dəfə öz ifadəsini Fransanın Serji-Pontuaz şəhər məhkəməsinin qərarında tapıb. Sözügedən məhkəmə bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış “saziş”in ləğvinə dair qərar verərək, onun qanunsuz olduğunu, hüquqi qüvvəyə malik olmadığını və Fransanın beynəlxalq öhdəliklərinə ziddiyyət təşkil etdiyini bildirib. Bir daha bəyan edirəm ki, münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri dönməsi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür”.