İkinci Qarabağ müharibəsinin şəhidləri...
Tarixi keçmişə nəzər salsaq görərik ki, bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Təəsüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi.
Yenixeber.org: Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.
İşğal altında olan torpaqlar Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrindən azad edildi. İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun arsenalındakı yüksək göstəricilərə malik olan müasir silahlar, texnikalar çətin relyefi olan ərazilərdəki döyüşlərdə üstünlüyü əldə etməyə imkan verdi. Mürəkkəb coğrafi şəraitdə düşmənin illərdir qurduğu istehkamlar Azərbaycanın peşəkar hərbçiləri tərəfindən yarıldı. Təbii ki, Ermənistanın uzun illər işğal etdiyi ərazilərdə qurduğu müdafiə sədlərini, tikdiyi istahkamları yarmaq peşəkar döyüş bacarığı tələb edir.
Hərbi ekspertlərin fikrincə, ərazinin mürəkkəb relyefə malik olması və möhkəm istehkamların mövcudluğu döyüşlərdə böyük itkiyə səbəb olan amillərdəndir. Çünki dağlıq ərazi müdafiədə olan tərəfə üstünlük yaradır və onun müdafiə olunma imkanlarını daha da genişləndirir. Ekspertlərin fikrincə, eyni zamanda, Ermənistanın böyük məbləğdə pullar sərf edib qurduğu müdafiə sədlərinin müasir texnologiyalara uyğun hazırlandığı və qarşı tərəfə maksimum itki vermək məqsədi güddüyü də məlumdur. Buna görə də Azərbaycan Ordusu strateji yüksəkləri azad edərək düşməni özünü müdafiə imkanlarından məhrum etməyi bacardı. İşğaldan azad olunan Ağdam və Füzuli rayonlarındakı düşmən istehkamlarının vizual müşahidəsi onu deməyə əsas verir ki, düşmən bu istehkamların qurulmasına uzun illər və böyük məbləğdə vəsait sərf edib.
Ona görə də, mütəxəssislər bu cür hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsini mütləq şərt hesab edir. Eyni zamanda, Birinci Qarabağ Müharibəsi və eləcə də, dünya təcrübəsi bu tipli münaqişələrdə böyük insan itkisinin olduğunu təsdiq edir. Həmçinin SSRİ-nin Əfqanıstana təcavüzü, ABŞ-Vyetnam müharibəsi, NATO qüvvələrinin Əfqanıstan və İraqda, Rusiyanın Çeçenistanda antiterror əməliyyatları və digər müharibələrin təcrübəsi də böyük sayda insan itkisinin olacağını deməyə əsas yaradırdı.
Nəzərə almaq lazımdır ki, Birinci Qarabağ müharibəsində təsdiq olunmamış hesablamalara görə 15-20 min insan həlak olub. Təbii ki, o zaman itkilərin çox olmasının bir çox səbəbləri var. Bu səbəblər sırasında həm Azərbaycan Ordusunun arsenalında yüksək keyfiyyətli silahların olmaması, hakimiyyətdaxili münaqişələri göstərmək olar. Amma bu gün Azərbaycan Ordusu dünyanın inkişaf etmiş orduları sırasındadır. Həm müasir silah-sursat və texnikaların, həm şəxsi heyətin döyüş bacarığı sahəsində Azərbaycan Ordusu öz əzəli torpaqlarını işğaldan azad edib.
Məhz Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan geniş istifadə, ən əsası, hərb tarixində ilk dəfə yeni döyüş standartlarının tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimuma endirə bildi. Elə buna görə də ekspertlər hesab edirlər ki, Azərbaycan ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoyub.
Eyni zamanda döyüşlərdə xeyli canlı qüvvə, silah-sursat və texnika sarıdan böyük itkilərə məruz qalan Ermənistan öz ictimaiyyətini aldatmaqla vəziyyətdən çıxmağa çalışır. Amma görünən odur ki, Azərbaycan Ordusunun haqq savaşında düşmən üzərində əldə etdiyi qələbə Ermənistanda daxili böhranlara da səbəb olub. Bu gün xalqının etirazları üzləşən Ermənistan hakimiyyəti müharibədə 2-3 min əsgər və zabitinin öldüyünü bildirir. Amma erməni itkilərinin nə qədər olduğunu müəyyənləşdirmək üçün təkcə Azərbaycan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videogörüntülərə baxmaq kifayət edir. Kadrları təhlil etdikcə müəyyən etmək olur ki, Ermənistan döyüşlərdə 10 min civarında canlı qüvvə itirib.
Məlumdur ki, hər bir müharibədə itkin düşən şəxslər olur. Azərbaycan Ordusu dağlıq ərazilərdə, dərin meşəliklərdə əməliyyatlar aparıb, zabit və əskərlərimiz şiddətli döyüşlərdə iştirak ediblər. Bir sıra hallarda həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkün olmayıb. Həmin şəxslərin axtarılaraq tapılması zaman tələb edir. Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən də ermənilərin xüsusi qəddarlığı, əsir götürülmüş, həlak olmuş vətəndaşlarımız və hərbçilərimizlə vəhşi davranışları onu deməyə əsas verir ki, bəzi hallarda həlak olmuş hərbçilərimizin taleyi haqqında məlumat əldə etmək mürəkkəb proses olacaq.
Müharibələr zamanı, xüsusilə müasir hərbi əməliyyatlarda istifadə olunan silahlar maksimal zərər yetirmək, rəqibin texnikasını və şəxsi heyətini tam sıradan çıxartmaq imkanına malikdirlər. Bəzi hallarda dağıdıcı silahlardan istifadə nəticəsində həlak olmuş şəxsləri tanımaq, identifikasiya etmək çətin olur. Onlarla bağlı xüsusi araşdırma aparılır, lazım gəldikdə genetik müayinə həyata keçirilir.
Şəhidlərimiz arasında itkin düşmüş, dağıdıcı silahların təsirinə məruz qalaraq tanınmaz hala düşmüş şəxslər var. Azərbaycan dövləti onların tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görəcək. Müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın da, nə qədər çətin olsa belə, vəziyyətə anlaşıqlı yanaşması, səbr və təmkin nümayiş etdirməsi arzu olunur.
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, enilməzlik, qəhrəmanlıq simvolumuzdur.
İkinci Qarabağ müharibəsində qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.