Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Lotu Quli”nin qətli kriminal aləmdə yeni və daha amansız SAVAŞIN ƏSASINI QOYA BİLƏR-ARAŞDIRMA

 

Çünki Nadir Səlifovun tərəfdarlarının onun qisasını almaq üçün hərəkətə keçəcəyi və azərbaycanlı avtoritetin düşmənlərinin ovuna çıxacağı istisna edilmir

Yenixeber.org: Xəbər verdiyimiz kimi, “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru”, azərbaycanlı kriminal çevrələrin “xaç atası” adlandırılan Nadir Səlifov ötən gün Türkiyənin Antalya şəhərinin Serik rayonunda, Boğazkent turizm mərkəzindəki restoranlardan birində yaxın adamı, 25 yaşlı “Xan Əhmədlinski” ləqəbli (Xaqan Zeynalov) kriminal avtoritet tərəfindən qətlə yetirilib. Bununla bağlı Türkiyə mediasında yer alan informasiyaya görə, “Lotu Quli” şam edərkən başından 4 güllə yarası alıb və yerindəcə keçinib. Nadir Səlifovun meyiti Antalyadakı özəl xəstəxanalardan birinin morquna aparılıb. “Qanuni oğru”nu qətlə yetirən şəxs isə Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. Onu da qeyd edək ki, bu gün “Lotu Quli”nin qətli ilə bağlı daha bir nəfər – 26 yaşlı Əmir Əhmədli Dənizli vilayətində saxlanılıb.

“Xan Əhmədlinski”nin 20 milyon dollar qarşılığında “Lotu Quli”ni qətlə yetirdiyi deyilir

Məsələnin maraqlı tərəfi ondadır ki, “Lotu Quli”nin qətli onun əsas rəqiblərindən biri, hətta düşməni kimi xarakterizə olunan “Rövşən Lənkəranski”nin İstanbulda güllələnməsi hadisəsiylə eyni aya, hətta eyni günə təsadüf edir. Məhz bu fakt “Rövşən Lənkəranski”nin qisasının alınması kimi izah oluna bilər. Əslində, bu gün həm yerli, həm də Türkiyə mətbuatında yer alan məlumatlarda bu versiya üzərində də dayanılır. Lakin mötəbər mənbədən əldə etdiyimiz bilgidə deyilir ki, “Lotu Quli”nin rəqibləri tərəfindən onun başına nə az, nə çox düz 20 milyon dollar qoyulmuşdu. “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet isə Nadir Səlifovla yaxınlığından istifadə edərək, sifarişçilərə qətli reallaşdıra biləcəyinə dair ismarıc göndərib. Nəticədə qeyd olunan məbləğ “Xan Əhmədlinski”yə çatdırılıb və ondan işi tamamlayacağına dair təminat alınıb. Mənbənin iddiasına görə, “Xan Əhmədlinski”nin Nadir Səlifovun qətlindən bir qədər öncə çəkdiyi və sosial şəbəkələrdə yayımlanan videogörüntü əslində sifarişçilərə “Mən işi icra etməyə hazıram” mesajı idi. Hadisənin bundan qısa vaxt sonra baş verməsi bu ehtimalı doğrulamağa əsas verir. Həmin videodan da aydın şəkildə görünür ki, “Lotu Quli” hazırlıqsız yaxalanıb və onun arxasınca gedən “Xan Əhmədlinski” mimika ilə kimlərəsə ismarıc göndərib. Nadir Səlifov isə bir qədər sonra yaxın adamı tərəfindən öldürüləcəyini ehtimal belə, etməyib.

                         Nadir Səlifovun yerinə üç “qanuni oğru” iddia edir

Bu arada, virtualaz.org Rusiyanın kriminal aləm üzrə ixtisaslaşmış “prime crime” saytına istinadən xəbər verir ki, “Xan Əhmədlinski” “Lotu Quli”ni otel nömrəsində kart oynayarkən vurub. Bildirilir ki, otaqda Nadir Səlifovdan başqa daha iki nəfər, o cümlədən onun cangüdəni olub. “Lotu Quli” isə otağa daxil olan qatilə – Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı. Otağa daxil olan “Xan Əhmədlinski” Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman “Lotu Quli”nin vəkili cavab atəşi açsa da, qatil qaça bilib. Daha sonra onu polislər saxlayıb. Ura.ru portalı isə yazır ki, Sverdlovsk vilayətinin kriminal aləmi “Lotu Quli”nin öldürülməsindən sonra müharibəyə hazırlaşır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, Nadir Səlifovun regionda nüfuzu böyükdür, ona görə də onun ölümündən sonra kriminal aləmdə hakimiyyət bölgüsü uğrunda mübarizə başlayacaq. Nəşrin məlumatına görə, “Lotu Quli”nin yerinə indi üç “qanuni oğru” iddia edir ki, onlar “Ded Xasan”ın qohumu “Giya Sverdlovski” ləqəbli Georgi Akoyev, “Avto” ləqəbli Avtandil Kobeşavidze və “Əhməd Şalinski” kimi tanınan Əhməd Dombayevdir.

                            “Lotu Quli”nin qətlinə fərman verə biləcək şəxslərin siyahısı

Əldə etdiyimiz digər informasiyada isə deyilir ki, bu qanlı olayın bir ucu rus mafiyasının “xaç atası” adlandırılan, “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın misarçısı, “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşova qədər uzanır. Bir neçə ildir ki, tərəflər arasında ciddi münaqişənin yaşandığını bildirən mənbənin sözlərinə görə, “Lotu Quli” Zaxari Kalaşovu “Ded Xasan”ın varisi kimi tanımayıb. Bundan başqa, bir çox məsələlərdə onların maraqları toqquşub və bu, kriminal avtoritetlərin arasındakı münaqişəni daha da kəskinləşdirib. Elə bu səbəbdən də Zaxari Kalaşovun “Lotu Quli”nin qətlinə fərman verə biləcəyi iddia edilir.

Onu da qeyd edək ki, Nadir Səlifovun qətlində əli ola biləcək şəxslərin siyahısında, bir müddət əvvəl postsovet məkanının 1 nömrəli “qanuni oğru”su elan edilən “Şişkan” ləqəbli Oleq Şişkanovun da adı hallanır. Verilən bilgidə deyilir ki, “Lotu Quli” “Şişkan”ın oğru aləminin yeni “kral”ı elan olunmasına qəti şəkildə etiraz edib və buna imza atanlara savaş açıb. Nadir Səlifovun “Şişkan”ı “priznavat” etməməsi qarşı tərəfin “Lotu Quli”yə qarşı cəbhə açmasına səbə olub. Odur ki, Oleq Şişkanov da azərbaycanlı “qanuni oğru”nun qətlinin sifarişçilərindən ola bilər.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, mərhum “Lotu Quli” heç zaman düşmən sarıdan korluq çəkməyib. Belə ki, müxtəlif vaxtlarda həm yerli, həm də Rusiya və Ukrayna mətbuatında yayılan informasiyalara inansaq, Nadir Səlifov əsasən gürcü əsilli, “Kvejoviç” ləqəbli avtoritet Quram Çixladzeni, “Emin Hacıqabulinski” ləqəbli Emin Əhmədovu, “Zayka” ləqəbli Zaur Əliyevi, “Albert Rıjı” kimi tanınan Əli Heydərovu, “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovu aradan götürməyə çalışıb. Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, “Lotu Quli”nin qətli kriminal aləmdə yeni və daha amansız savaşın əsasını qoya bilər. Çünki Nadir Səlifovun tərəfdarlarının onun qisasını almaq üçün tez bir zamanda hərəkətə keçəcəyi və azərbaycanlı avtoritetin düşmənlərinin ovuna çıxacağı istisna edilmir.(hurriyyet.org)

Valeh TÜRKSOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam