Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

“O səviyyəli adam rayona rəhbərlik edə bilməz”– Rüstəmxanlı icra başçısıyla davası haqda

“İcra başçısının mənə qarşı elədiklərini yalnız müəllimlər bildi, camaat xəbər tutmadı…”

Yenixeber.org: Bir neçə gün əvvəl Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq nazir və millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb. A.Əsgərov xalq şairinin təhsil aldığı məktəbin şagirdləri ilə görüşməyinə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Administrasiyası və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.
Xalq şairi məsələ ilə bağlı BakuPost-a müsahibə verib və hadisənin səbəblərindən və detallarından danışıb.
- Sabir bəy, bu barədə sosial şəbəkədə qısa şəkildə yazmışdınız. Sonra mətbuata açıqlamnızdan ümumi məlumatımız oldu ki, Ayaz Əsgərov sizin Yardımlıda şagirdlərlə görüşünüzə əngəl yaradıb. Amma hadisənin səbəbindən xəbərimiz olmadı. Əslində nə baş vermişdi?
– Ondan başlayaq ki, universitetlərdə, ali məktəblərdə ölkənin tanınmış yazıçıları, şairləri, sənət adamları, alimləri ilə görüşlərin keçirilməməsi və ya az keçirilməsi məni narahat edən məsələdir. Çünki böyük həyat yolu keçmiş sənətkarların hər biri canlı məlumat bazasıdır. Onlar tarixlər arasında, keçmişlə bu gün arasında körpüdürlər, Sovet rejimini də görüblər, müstəqil Azərbaycanı da görürlər. Söhbətləri, dərslik çərçivələrinə sığmayan təcrübələri gənclərin vətənpərvərlik duyğularının güclənməsinə kömək edir. Onlar Qarabağı gözləri ilə görmüş, qarış-qarış gəzmiş və bu bölgənin Azərbaycan üçün hansı əhəmiyyət daşıdığını bilən adamlardır; ədəbiyyatın, kitabın, mədəniyyətimizin, milli dəyərlərimizin gənclərə sevdirilməsi istiqamətində bu görüşlər ciddi rol oynayır.
Mən bunları öz xatirələrim və dünya təcrübəsinə əsaslanıb deyirəm. Bizim universitet illərimizdədən yadımda qalan ən parlaq hadisələr belə görüşlərdir. Məsələn, Mirzə İbrahimovun pyesi əsasında qoyulmuş tamaşanın müzakirəsi, Mehdi Hüseynin Türkiyə səfərindən sonra tələbələrlə görüşü… Bundan əlavə, o vaxtlar bizim indiki yaşımızdan çox-çox cavan olan şair və nasirlərimizdən Süleyman Rəhimli, İlyas Əfəndiyev, Balaş Azəroğlu, Nəbi Xəzri, Məmməd Araz, Sabir Əhmədli, Söhrab Tahir, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram və başqalarının görüşləri yaddaşımıza həmişəlik həkk olunub. Bəxtiyar Vahabzadə müəllimimiz idi, hər gün görürdük. Bilirəm ki, o görüşlər tələbələrin hafizəsində necə iz salırdı və onlara necə ciddi təsir göstərirdi. Uzun müddət, bəzən bir həftə o görüşlərin müzakirəsi gedirdi. O görüşlərdən sonra gedib kitablar alırdıq, araşdırmalar aparırdıq, yazılar yazırdıq və s. Birdən-birə bu görüşlərin arasının kəsilməsi, məncə, nəsillərin rabitəsini itirir və ədəbiyyata, kitaba maraq azalır. Bütün bunlar milli hislərlə, vətəndaş mövqeyi və fəallığı ilə birbaşa əlaqəsi olan məsələlərdir.
- Qalmaqala səbəb olan sonuncu görüşünüzün məqsədi nə idi? Hardan doğdu öz doğma məktəbinizə getmək zərurəti?
– Bir az əvvəl mən bu sualınızın cavabını verdim artıq. Bakının bir sıra məktəbləri, yaxud liseyləri məni vaxtaşırı görüşə, bayramlara dəvət edir, məktəb buraxılışlarına çağırırlar. Məncə, məktəblərdə öz övladlarımızla görüş, onları dinləmək, təhsilimizin vəziyyəti ilə maraqlanmaq elə vacib işdir ki, bundan ötrü xüsusi bir səbəb axtarmağa ehtiyac yoxdur. Öz oxuduğun məktəbə isə, söz yox, daha həssas olmalı, ora ilə daha tez-tez maraqlanmalısan… Bu il bizim məktəbimizin 90 illiyidir, məktəbi bitirməyimizin isə yubiley tarixidir. Belə bir vaxtda o məktəbə getməyi, şagirdlərlə görüşməyi, tədrislə maraqlanmağı özümə borc saydım. Eyni zamanda şagirdlər, müəllimlər də doğma məktəbimizə az-az getdiyimə görə məni qınayır, dəvət edirdilər.
- Məktəbdə narazı qaldığınız başqa məqamlar oldumu?
– Mən indi bu barədə danışmaq istəmirəm. Fikir yarana bilər ki, aradakı qalmaqala görə belə deyirəm. Amma bütövlükə Yardımlı rayonunda təhsilin indiki səviyyəsi məni razı salmır. Dağ rayonları üçün təhsil çox önəmlidir. İllər uzunu ölkədə ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal yığanlar arasında Yardımlı məzunları da yer alıb. Son illər bu nəticələr xeyli aşağı düşüb. Səbəblərini bilirəm, ancaq indi bu barədə bir söz demək istəmirəm. Məni məktəbə buraxmaq istəməmələrinin dolayı səbəblərindən biri də budur.
Yardımlı şəhər 1 saylı orta məktəbi bir vaxtlar Azərbaycanın qabaqcıl təhsil müəssisələrindən idi. Şişirtmədən deyirəm ki, mən orta məktəbdə aldığım bilikləri Azərbaycan Dövlət Universitetində ala bilmədim. Orada ürəyimə bir öyrənmək həvəsi, vətən sevgisi, bir vətəndaşlıq odu doldurmuşdular. Bakıda universitetin dördüncü kursunda oxuyarkən, ümumuniversitet yığıncağında çıxış edərkən demişdim ki, mən ucqardan, rayon məktəbindən ürəyimdə bir od gətirmişdim, universitet onu gücləndirməkdənsə söndürməyə çalışdı, amma, şükür söndürə bilmədi. Bu sözümün konkret səbəbləri də var idi. Doğma məktəbimizə mən həmişə o xatirələrin, o güclü təəssüratın iziylə gedirəm və təəssüf ki, hər gedişimdə daha artıq xəyal qırıqlığına uğrayıram. O vaxtlar müəllimlərin geyimi, rəftarı, danışığı, dünyaya baxışı, Azərbaycan coğrafiyasını təmsil etmələri, hərəsi bir bölgədən gəlməsi ayrı bir aləm idi. Məktəb qaynayırdı. Amma indi məktəbimizi ayrı durumda gördüm. Məktəbdəki ümumi əhval-ruhiyyə, süstlük, divarların boşluğu, müəllimlərin geyim-kecimi, səliqəsizlik ürəyimi ağrıtdı. Direktor yəqin, vəziyyətdən duyuq düşüb məktəbə gəlməmiş və telefonunu söndürmüşdü. Başsız bir durum… Müəllimlər məni bağışlasınlar, lakin şəraitdən, maaşdan asılı olmadan müəllim məktəbdə öz yüksək mədəniyyətini, sənətinə sevgisini və ovqatını qoruyub saxlamağı bacarmalıdır, öz statusunu və şagirdini düşünməlidir. Direktor olmasa da, tədris hissə müdiri cəsarətli çıxdı: “gəlmirsiniz, uşaqların sizə ehtiyacı var. Ona görə görüşü keçirəcəyik”-dedi. Hətta hazırlıq da gördü, siniflərə xəbər verildi. Lakin sonra ona da nə zəng gəldisə, rəngi ağarmış vəziyyətdə “bu təzyiqin qarşısında başqa addım ata bilməyəcəyini” dedi. Bundan sonra mən icra başçısına zəng vurdum, yəqin, görüşün pozulduğuna arxayın olub bu dəfə telefona cavab verdi. Dedim, axı mən Bakıdan zəng vuranda və ya dünənki görüşümüzdə deməmisən “olmaz”. Onda məktəbə niyə başqa tapşırıq verirsan? Təəssüf ki onu başa salmaq mümkün olmadı.
- İcra başçısı görüşünüzə icazə verməməsini nə ilə əsaslandırırdı?
– Həm doğulduğum Hamarkəndin məktəbinə, həm də Yardımlı şəhər bir saylı orta məktəbinə gedəcəyimi xeyli əvvəldən Təhsil Şöbəsinə çatdırmışdım. Qalan bütün razılaşmalar Təhsil Şöbəsinin işiydi. Təkrar edirəm, rayona getməzdən əvvəl icra başçısına da zəng eləyib cümhuriyyət bayramı ərəfəsində məktəbdə görüş keçirmək istədiyimi demişdim. Mənə cavab vermişdi ki, məktəbə bir sözüm yoxdur, amma deyirlər, siz gəlib burada ağsaqqallarla görüş keçirmək istəyirsiniz. Anlatdım ki, ağsaqqal dedikləri mənim orta məktəb yoldaşlarımdır, mən onlarla görüşəcəyəm. Onlarla görüşmək qadağandırmı? Ümumiyyətlə, mənim rayonda öz gənclik dostlarımla, böyüklə, kiçiklə görüşməyimin sənə nə aidiyyəti var, hansı haqla belə işlərə müdaxilə edirsən? Dedi, bir söz demirəm, gəlin görüşünüzü keçirin. Yardımlıya çatan kimi yenə yol üstü ona baş çəkdim. On gün öncə Qazax rayonuna getməyimdən, orda gördüyüm quruculuqdan danışdım. Axşam üstü olsa da, yarıyuxulu qulaq asırdı mənə. Sonra masanın üstünə bir dəstə layih tökdü ki, Qazaxda gördüyün gözəl binaların hamısını mən tikmişəm. Dedim, lap yaxşı, bu işlərə görə sağ ol. Yaxşı olardı, o işləri Yardımlıda da davam etdirəsən. Ayrılarkən yenə də dedim, bir problem varsa, aydınlaşdıraq. Məni məktəbdə gözləyəcəklər. Dedi, məktəbə getməkdə bir problem yoxdur, amma sözarası başqa bir bəhanə atdı ortaya: Təhsil Şöbəsi zəng edib, Təhsil Nazirliyi ilə razılaşdırmalıdır. İndiyədək bunu niyə dilə gətirməməsinə təəccübləndim. Başa salmağa çalışdım ki, Təhsil Şöbəsi bunu Təhsil Nazirliyi ilə o vaxt razılaşdırar ki, bura tanınmayan, ilk dəfə görüş keçirmək istəyən biri gəlsin; sən özün məni tanıyırsan, gəl görüşümüzdə iştirak elə, yaxud nümayəndə göndər. Görüşü kameraya çəkdirib bax, qulaq as, hara maraqlanırsa ora göndər və s. Yəni görüşün icazəsini qoydu Təhsil Şöbəsinin və nazirliyinin boynuna və sonra da konfrans adına şöbə müdiri rayondan çıxır və mənim telefonuma da cavab vermir. Vəssalam. Bu vaxta qədər başçı ilə aramısda narazılıq –filan da olmayıb.
- Bəlkə onun qardaşının “vurluması”, səs-küylü məhkəmə prosesləri, özünün isə “cəza” olaraq Yardımlıya göndərilməsi onda elə hakimiyyətə qarşı bir qıcıq yaradıb. Və sizə münasibəti də bu qıcıqdan doğur?
– Yox! Bütün bunların mənə, mənim məktəbdəki görüşümə nə aidiyyəti? Mənə elə gəlir, bu daha çox onun idarəçilik qabiliyyəti və ya qabiliyyətsizliyi, ümumi mədəni səviyyəsi ilə bağlı bir məsələdir.
İcra başçısı kimi kimdən qoruyur? Yaxşı olar ki, o özünü pis alışqanlıqlarından qorusun. Mənsə ömrüm uzunu Yardımlı camaatını belələrindən qorumağa çalışmışam… Bu kasıb dağ rayonuna yeyib-içmək məkanı kimi yox, xalqa xidmət yeri, iş yeri kimi baxmaq lazımdır…
Yeri gəlmişkən onu da deyim ki, bəzi məmurlar buna bənzər işlərlə boş yerdən camaatı narazı salırlar. Hər halda Yardımlı camaatı mənə qarşı elədiyi hörmətsizliyini ona bağışlamaz. Özlərini hansısa bir obyektin qarovulçusu kimi aparan belə aşağı səviyyəli məmurlar, əslində araya pərdə çəkməklə iqtidarı yox, öz iqtidarsızlıqlarını və çirkin əməllərini gizlədirlər. Buna görə də hansı birisi vəzifədən gedirsə altından külli miqdarda mənbəyi bəlli olmayan, dövlətdən oğurlanmış, xalqdan çalınmış pullar çıxır…
- Yardımlıda özünüzə qarşı gördüyünüz münasibətin sırf icra başçısının qərarı olduğu fikrindəsiniz?
– Məncə, belədir. Çünki problem PA-nın müdaxiləsi ilə həll olundu. Deməli, tapşırıq yuxarıdan gəlməyib.
Düzü, bu münasibətdən sonra məktəbdən üz döndərib getmək istəyirdim, qoy özləri xahiş eləsin, həm bu boyda yol gələcəyəm, həm də hörmətsizlik görəcəyəm, əsəblərim korlanacaq… Ancaq müəllimlər buraxmadılar: “Şagirdlərə nə deyəcəyik, burda prinsip var, imkanınız varsa, Təhsil Nazirliyinə zəng vurun, həll edin bu məsələni!” Mən də məhz həmin prinsipi nəzərə alıb, başçıya yerini göstərmək üçün zəng vurdum; beş dəqiqə sonra başçının müavini tələsik özünü məktəbə çatdırdı ki, görüş yüksək səviyyədə keçirilməlidir. Bu nə münasibətdir? Deməli, bunların öz düşüncəsi, öz səlahiyyəti yoxdur. İnsan yerində olmayanda belə vəziyyət yaranır. Əlimdə icra başçısının Yardımlıda təhsilə münasibəti ilə bağlı ciddi faktların toplandığı ərizə var. Bu münaqişədən əvvəl müxtəlif dövlət idarələrinə göndərilib, mənim narazılığımı oxuyandan sonra bir surətini də gətirib mənə verdilər. Bir dəfə getməklə bu qədər acı reallıqlardan xəbər tutdum. Bu faktlardan xəbərim yox idi. Oxuyanda heyrətə gəldim. Bunu yazan rayonda kifayət qədər yüksək vəzifələrdə işləmiş, məsuliyyətini bilən şəxsdir. Öz adından yazdığı ərizəni mənə verəndə dedi: “Sabir müəllim, bu işi görən adamlar sizin orada görüş keçirməyinizi istərlərmi?”
- Rayonun ən böyük, elə adı kimi bir nömrəli məktəbinin vəziyyətindən qısa da olsa danışdınız və fikrimizcə, bu rayonun təhsilinin ümumi vəziyyətini əks etdirir. Bəs, ümumən rayon haqqında təəssüratınız necədir?
– Dağların məğrur camaatını sındırırlar. Çirkli pullarla insanların halal çörəyinə haram qatmaq olmaz. Qoy rahat otursun, orucunu tutsun, iftarını açsın. Toyunu, yasını yola versin. Bu nizamı pozmaq olmaz. BUNLAR ÖZLƏRİNİ İCRA BAŞÇISINDAN ÇOX, RAYON MOLLASI KİMİ APARIR. Rayonun öz axundu, mollası var. Siz gedin RAYONUN DUASINI BAŞQA CÜR, BAŞQA YERDƏ OXUYUN Kİ, İQTİSADİYYATI DÜZƏLSİN, İŞ YERİ OLSUN, CAMAAT ÇIXIB GETMƏSİN, MƏDƏNİYYƏT OCAQLARI BAĞLANMASIN, MEŞƏLƏR QIRILMASIN, SƏRHƏDİN O TƏRƏFİNDƏN OĞURLUQ EDİB TUTULMASIN, NARKOTİKƏ QURŞANMASIN, GİZLİ ALVERLƏ MƏŞĞUL OLMASIN, RAYON TƏHSİLİNƏ AYRILAN PUL GEDİB MƏKTƏBƏ ÇATSIN, TİKİNTİYƏ AYRILAN PULLA ANCAQ ÜZLÜKLƏR VURULMASIN. Yoxsa yasa-toya ianə edilən qəpik-quruşla camaatı daha da yaralamayın… Yardımlıda yolun qırağında bir hasar var, mən neçə ildir, görürəm, hər dəfə yeni icra başçısı gələndə o hasarın rəngini, üzlüyünü dəyişir. Bir öz kosmetikaları ilə məşğuldurlar, bir də divarların.
- Sizə qarşı rayon rəhbərliyinin bu münasibətinə camaat nə reaksiya verdi?
– Sosial mediada mənim bu barədə yazdığım yazıya verilən reaksiyaya baxa bilərsiniz. Oxuyanlar buşçıya qarşı qəzəb püskürür. Bu reaksiyaları, şərhləri oxuyan adam gərək istefa versin. Yardımlı camaatının əksəriyyətinin bu olaylardan xəbəri yoxdur. Mən konflikti dərinləşdirmək istəmədim, amma hər halda hesab edirəm ki, o adam bu şəkildə Yardımlıda uzun müddət işləyə bilməz. Bir həftə içində sözünü bu qədər tez-tez dəyişən, sözünün ciddisiylə, qeyri-ciddisi ayırd edilməyən adama rayon etibar etmək olmaz.
- Məktəbdə görüş necə keçdi?
– Baxmayaraq ki, görüşümə hazırlaşmış, şeirimi əzbərləmiş bir sinfi dərsdən buraxmışdılar, amma heç bir hazırlıq görülməsə də balaca uşaqlar qalxıb mənim şeirlərimi dedilər, şagirdlər və müəllimlər maraqlı çıxışlar etdilər, düşündürücü suallar verdilər. Görüş yüksək səviyyədə keçdi. Başçının müavini oturmuşdu, hər yarım saatdan bir zəng gəlirdi, görünür görüşü tez qurtarmaq tapşırığı verilirdi. Çox narahatsansa, prokurorluqdan, polisdən adam göndər, ÖZÜN DƏ GƏL OTUR DİNLƏ. BƏLKƏ ƏDƏBİYYATINIZ HAQDA BİLGİN ARTDI. BƏLKƏ ÖZÜN DƏ NƏSƏ ÖYRƏNDİN.
- Direktorun, Təhsil Şöbəsinin müdirinin sizə münasibəti necədir?
– Onların hamısının mənə hörməti var.
- Sizin məlum statusunuza yazılan rəylərdən belə məlum oldu ki, Təhsil Şöbəsinin müdirini sizə görə işdən çıxarmaqla təhdid ediblər…
– Bəli. Bakıdan başçıya zəng vurub rayona, məktəbə gedəcəyimi dediyim gün şöbə müdirini çağırıb ki, ərizəni yaz get. Buna görə etiraz etdim, mənim görüşümə görə kimsə işdən çıxarılacaqsa, mən gəlmirəm, görüş də keçirməyəcəyəm, – dedim. Mənə inandırmaqa çalışdı ki, yox, mənim onunla ayrı problemim var. Ayrı nə haqq-hesabları olduğunu mən də bilirəm. Amma söhbətimizin əvvəlində söylədiyim kimi indi bu haqda danışmayacağam.
- Siz müxalifət partiyasının sədri kimi deputatlığa, hətta prezidentliyə namizəd də olmusunuz. Həmin vaxtlar bu və digər icra başçılarından belə münasibət görmüsünüz?
– Xeyr. Hətta Xəzər Aslanovla (Yardımlının keçmiş, Xızı rayonunun hazık icra başçısı – red.) aramızda narazılıq olsa belə, onun rəftarı indiki başçıyla müqayisəyə gəlməz. Xəzər Aslanov incik vaxtlarında da heç vaxt hörmətsizlik etməyib.
Hesab edirəm ki, buna bir reaksiya olmalıdır. Sözünün dalınıı-qabağını bilməyən, gündə bir hava çalan adamlar heç vaxt elə vəzifələrə qoyulmamalıdır. Çünki belə hallarda narazılıqlar yaranır.
- Nə təklif edirsiniz?
– Bu idarəçilik sistemində dəyişiklik olmalıdır. İslahat deyirik, islahatın hansı şəkildə aparıldığına baxaq. Rayonların idarələri birləşdiriblər. Axı rayonların statusu dəyişməyib, qubernatorluq yaranmayıb, vahid rəhbərlik formalaşmayıb. Onda birdən-birə rayonların müxtəlif sahələrini niyə birləşdirirsiniz? Birləşdirmə o nəticəyə gətirir ki, mədəniyyət ocaqları, kitabxanalar yarıbayarı azalır. Mədəniyyət işçiləri iş yerlərini itirib işsiz qalırlar. Rayon əhalisinin əsas iş yeri məktəb, xəstəxana və mədəniyyət ocaqlarıdır. Camaatı niyə işsiz qoyursunuz? Bəlkə rayonlarımıza mədəniyyət lazım deyil? Hər şey öz-özünə paytaxta yığılır. Məcburi köçkünü Bakıya yığ, mədəniyyət ocağını Bakıya daşı, şəhər dözməz buna. Bununla dağ, sərhəd rayonları boşalır. Kəndləri qorumaq və abadlaıdırmaq siyasəti başqa cür olmalıdır, camaatı orada saxlamağın yolları düşünülməlidir. Proses isə bunun əksinə gedir.
- Məsələ ilə bağlı rəsmi müraciətiniz olacaqmı?
– DAĞ RAYONUNUN TƏK ÜMİD YERİ TƏHSİLDİR. BU ÜMİDİ QIRMAQ OLMAZ. Yardımlı təhsilinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən təkliflərim var. Bununla bağlı Təhsil Nazirliyində görüşüb danışmaq istəyirəm.
Nərmin Məmmədli
BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam