Yarıerməni şirkəti Azərbaycanla alverini yenidən bərpa edib! -Hökumət, daxili bazarı niyə qoruya bilmir?
Yenixeber.org: Ötən il noyabrın 3-də Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə bəzi ərzaq məhsulları ilə yanaşı, toyuq əti və yumurtalarına da yüksək gömrük idxal rüsumlarının tətbiq olunmasına dair qərar, yerli istehsalçılar tərəfindən müsbət qarşılandı. Bu qərarın daxili istehsalın qorunmasına xidmət edəcəyinə ümid bəslənirdi. Çünki dəyişikliyə əsasən, həmin vaxtdan Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirildi. Hansı ki, əvəllər bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Bununla da yerli sahibkarların rəqabətdə daha üstün mövqe qazanması və ölkə daxilində toyuq əti və yumurta istehsalının inkişafına şərait yaradılacağı gözlənilirdi. Ancaq nəinki gözləntilər özünü doğrultmayıb, hətta Azərbaycanın damazlıq yumurta istehsal edən müəssisələri çətin vəziyyətlə üzləşiblər.
“AzPolitika”nın araşdırmaları zamanı məlum olub ki, xaricdən, xüsusən də Türkiyədən Azərbaycan bazarına məqsədli şəkildə ucuz qiymətə damazlıq yumurta çıxarılması yerli istehsalçıların məhsullarına tələbatı kəskin azaldıb. Nəticədə, hazırda onlar öz məhsullarını satmaqda ciddi problemlə üzləşiblər.Məlumatlı mənbənin sözlərinə görə, hazırda Azərbaycanın damazlıq yumurta bazarına ən çox məhsul çıxaran xarici şirkət, ortaqları arasında ermənilərin də olduğu “Emre Piliç”, onun törəmə şirkətləri olan “Qaranti” və “Orallar”dır. Hansı ki, “Emre Piliç”in səhmlərinin 30 faizinin Oskayan və Bozaçıyan adlı Türkiyə ermənilərinə məxsus olduğu sənədlərlə sübut olunub.
Ancaq qəribə də olsa Azərbaycan hökuməti bu şirkətin ölkəyə damazlıq yumurta ixrac etməsinin qarşısını almır, əksinə, hətta onların gömrükdə təhrif olunmuş məlumatlar və saxta sənədlər təqdim edərək, rüsum və vergilərdən yayınmasına da şərait yaradılır. Hər halda “AzPolitika”ya verilən məlumatlardan belə məlum olur ki, “Orallar” şirkətinin Azərbaycana göndərdiyi damazlıq yumurtaların gömrükdə bəyan olunmuş qiymətlərində kəskin fərqlər var.Məsələn, “Lerik Broyler” MMC-nin 08.04.2017-ci il tarixdə “Orallar”dan aldığı 132120 ədəd damazlıq yumurta gömrükdə 0.25 sentə sənədləşdirildiyi halda, bundan bir neçə gün sonra, 24.04.2017-ci il tarixdə “Şəba” ASC-nin Orallar”dan aldığı 126360 ədəd damazlıq yumurta gömrüyə 0.36 sentə bəyan olunub. Məlumatlı mənbənin bildirdiyinə görə, gömrük bəyannamələrindəki belə kəskin fərq, “Orallar” şirkətinin sahibi, adı Azərbaycan cəmiyyətində yaxşı tanış olan Ümur Oralın Azərbaycanın bəzi quşçuluq müəssisələri ilə qeyri-rəsmi anlaşması ilə bağlıdır. Yəni, əslində yumurtanın qiyməti sabitdir, lakin Ömür Oral kimlərlə anlaşa bilirsə, onlara satılan malın qiymətini gömrükdə aşağı göstərməklə, gömrük rüsumlarının məbləğini aşağı salır. Bunu “Orallar”ın təxminən son 1 ildə Azərbaycanın quşçuluq müəssisələrinə satdığı yumurtaların qiymətlərindəki kəskin fərq də sübut edir (Aşağıdakı siyahıya bax-red.).
Xarici istehsalçıların Azərbaycan bazarına asan yol tapması, eyni zamanda onların gömrükdəki saxtakarlığına göz yumulması isə toyuq əti və yumurta istehsalı sahəsində yerli istehsalçıların qorunması istiqamətində hökumətin qərarlarının nəticəsiz qalması ilə yanaşı, külli miqdarda valyutanın da xaricə axmasına səbəb olur. Bu prosesin qarşısının alınmaması, daxili istehsalın qorunmaması eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin də qarşısında ciddi maneəyə çevrilir. Çünki hər bir ölkənin iqtisadi təhlükəsizliyi ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasından keçir. Bu baxımdan əhalinin qida rasionunda əsas yerlərdən birini tutan quş əti və yumurta istehsalının da daxili tələbat hesabına ödənilməsi əhəmiyyətlidir. Ona görə də, ölkədə quşçuluğun inkişafı ökə rəhbərliyinin də daim diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda quşçuluğun inkişafına xüsusi diqqqət ayrılması tapşırılıb. Dövlət başçısı tərəfindən konfransda quşçuluğun inkişafı, quş əti və yumurta istehsalının artırılması, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialının əldə edilməsi barədə tapşırıqlar verib.
Bu tapşırığa uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə quşçuluğun inkişafı üçün sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan artıq güzəştli kredit verilib. Ancaq bu sahədə gözlənilən inkişafı əldə etmək mümkün olmayıb. Düzgün gömrük siyasəti həyata keçirilmədiyindən damazlıq yumurta istehsalı müəssisələri çətinliklə üzləşiblər. İri xarici rəqiblər isə yaranmış fürsətdən istifadə edərək, spekulyativ gedişlərlə yerli istehsalçılara zərbə vurmaq, onları çökdürmək istəyirlər.
Belə ki, Azərbaycanın illik damazlıq yumurta tələbatı 120-130 milyon ədəd təşkil edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən damazlıq yumurta istehsalı müəssisələri bu tələbatın 70-80 faizini qarşılamaq iqtidarındadırlar.
Bunu Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev ötən il mətbuata açıqlamasında da təsdiqləyib. O bildirib ki, Azərbaycanın müəssisələrində il ərzində damazlıq yumurta təlabatı 100 milyondur (hazırda bu rəqəmin təxminən 130 milyona çatdığı bildirilir-red.): “Ölkədə 7-8 damazlıq yumurta istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal olunur. Damazlıq yumurta ehtiyacı isə 100 milyondur”.
Bu isə göstərir ki, əgər hökumət daxili bazarı qorumaq və yerli istehsalı dəstəkləmək məqsədilə düzgün gömrük-rüsum siyasəti yeridərsə, qısa müddətdən sonra yerli müəssisələr daxili tələbatı tam qarşılamaq iqtidarında olarlar və beləliklə də, ölkədən xaricə ciddi valyuta axınının qarşısı alınar, əlavə iş yerləri açılar və iqtisadiyyat canlanar.
Hökumətin isə yerli iş adamlarını dəstəkləmək, daxili bazarı qorumaq üçün verdiyi qərarlar işləmir. Belə ki, müxtəlif qurumlar tərəfindən verilən və bir-birindən kəskin fərqlənən statistik rəqəmlərin təhlili də göstərir ki, ölkəyə idxal olunan həm ərzaq, həm də damazlıq yumurtanın böyük hissəsii rəsmi qeydiyyata alınmır. Deməli, müvafiq rüsumları ödəməkdən də yayındırılır.
Diqqət edək: Rəsmi qurumların açıqlamalarından belə məlum olur ki, Azərbaycanın özünü quş əti və yumurta ilə təminetmə səviyyəsi 100 faizə yaxındır. Rəsmi statistikaya əsasən, Azərbaycan özünü quş əti ilə 98,6 faiz, ərzaqlıq yumurta ilə isə 99,7 faiz təmin edə bilir.
Hətta bu ilin aprelində Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ərzaqlıq yumurtanın idxalı tam dayandırılıb.
Ancaq bu məhsullara əhalinin tələbatı, idxalla bağlı rəsmi rəqəmlər, eləcə də quşçuluq təsərrüfatlarının xaricdən aldığı yumurta ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar bunu təkzib edir.
Bunu quşçuluq təsərrüfatlarının özlərinin təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar da göstərir. Belə ki, bir müddət əvvəl respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının təqdim etdiyi rəqəmlər əsasında aparılan hesablamalar gösərirdi ki, ölkədə yalnız damazlıq yumurtaya olan tələbat illər üzrə 100- 130 milyon arasında dəyişib. Bunun təxminən 50-60 milyonu yeri istehsalçılar tərəfində qarşılanıb. Əlavə ehtiyac olan damazlıq yumurta Avropa ölkələrindən, əsasən isə Türkiyədən gətirilir.
Yəni, quşçuluq müəssisələrinin təlabatı son illərdə ölkəyə il ərzində azı 50 milyon ədəd mayalanmış (damazlıq) yumurta idxal olunduğu göstərir.
Bu isə hər il damazlıq yumurta idxalı üçün milyonlarla dollar valyutanın xaricə axmasına səbəb olur. Halbuki, bu sahədə fəaliyyət göstərən yerli təsərrüfatlara dövlət dəstəyini bir qədər artırmaqla, eyni zamanda daxili istehsalın qorunması üçün müəyyən tədbirlər görməklə, ölkənin damazlıq yumurtaya olan ehtiyacının tam qarşılanmasına nail olmaq olar. Belə olduqda isə hər il 10 milyonlarla valyutanın xaricə axmasının qarşısı alınar, əlavə iş yerləri açılar və ölkə iqtisadiyyatı bundan xeyir görər.
Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyədən Azərbaycana damazlıq yumurta ixrac edən əsas şirkətin ermənilərlə bağlılığına Azərbaycan hökumətinin diqqət yetirməməsi isə ümumiyyətlə anlaşılan deyil. 2 ortağı erməni olan “Emre Piliç Gida Sənaye və Ticarət Limited” şirkətinin törəmə qurumları olan “Orallar” və “Qaranti”nin bu gün də Azərbaycanla alveri davam etdirmələri anlaşılmazdır.
Qeyd edək ki, “Emrə Piliç”in səhmdarları arasında ermənilərin olduğu üzə çıxandan sonra bir çox quşçuluq təsərrüfatları onlardan yumurta alınmasını dayandırmışdılar.Lakin belə görünür ki, bu çox qısa çəkib və tezliklə erməni və türk ortaqlar Azərbaycandakı biznesin davam etdirilməsinin yolunu tapıblar.
Belə ki, “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin olmadığı yeni şirkətlər – “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Ancaq heç şübhəsiz ki, “Orallar” və “Qaranti”nin faktiki sahibləri arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var.Başqa sözlə, Oskayan və Bozaçıyan hal-hazırda da Azərbaycana damazlıq yumurta ixrac edirlər və bu biznesdən hər il onların büdcəsinə milyonlar daxil olur!
Buna səbəb isə yerli istehsalçıların qorunmaması və bu istiqamətdə verilən qərarların kağız üzərində qalmasıdır. Azərbaycanın damazlıq yumurta istehsal edən müəssisələrindən gələn məlumatlar, vaxtında müdaxilə olunmazsa yaxın gələcəkdə ölkənin tam şəkildə idxaldan asılı vəziyyətə düşəcəyini göstərir. Bu isə ölkənin ərzaq təhlükəsizliyini təhdid altında qoymaqdır.