"Yeni qaydanın tətbiqi tikintidə qiymət artımına səbəb olacaq"
Sabahdan Azərbaycana gətirilən sement, gips, kərpic üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək.
Xeberinfo.com: Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Yeni gömrük idxal rüsumları sabahdan qüvvəyə minəcək və iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər, rənglənmiş və ya rənglənməmiş, hazır və ya klinkerlər formasında sement üçün 0,07 dollar, 1 kq gips, anhidrit, gipsli bağlayıcıların (susuzlaşdırılmış gips və ya kalsium sulfat olan) üçün 0,07 dollar, 1 kq kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatları (məsələn, kizelqur, tripolit və ya diatomitdən) üçün 0,04 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
Yüksək gömrük idxal rüsumunun tətbiqi əmlak bazarında qiymətlərə necə təsir edəcək? İdxal olunan tikinti məhsulları neçə faiz təşkil edir? Tikinti materialları ilə bağlı tələbatı Azərbaycan özü ödəyə bilirmi? Qaynarinfo.Az-ın suallarını daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlıcavablandırdı:
“İdxal məhsulları ilə yerli istehsal məhsullarının payı yarı-yarıyadır. 2-3 faiz yerli məhsullar idxal məhsullarını üstələyir. Bu gün Azərbaycanın sement istehsalçıları sementə olan tələbatın 40 faizini ödəyə bilirlər. Yəni sementin 60 faizi Azərbaycana idxal olunur. Eyni zamanda digər məhsullar da var ki, məsələn, armatur, dam örtükləri, dəmir və dəmir məmulatlarına aid olan məhsullar, taxta və digər məhsullar xaricdən idxal olunur. Bu məhsullar tikintidə geniş istifadə olunan materiallardır. Tikintinin maya dəyərinə kifayət qədər bu məhsullar təsir göstərir. Təkcə sementin mənzil tikintisində xərclər üzrə ümumi portfeldəki faizi 7-10 arasında dəyişir. Bu kifayət qədər böyük bir rəqəmdir. Ümumi xərclərin 7-10 faizi sementin payına düşür. Yüksək gömrük idxal rüsumlarının tətbiqi yeni tikililərdə maya dəyərini artıracaq. Tikintidə müyyən qədər qiymət artımına gətirib çıxaraq”.
Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.