Məhkəmə Qətnaməsi icra olunmur:Oğuzda
Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan Kərimova Məlahət Əliabbas qızının müraciəti daxil olub. Məlahət Kərimova müraciətində Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Oğuz Rayon Şöbəsində qarşılaşdığı haqsızlıqdan bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Mən Oğuz rayon Məhkəməsinin hakimi Rəfayel Şirinovun sədrliyi ilə 02 iyun 2016-cı il tarixdə çıxarılmış qətnamənin bugünə qədər icra olunmamasından şikayətçiyəm. Xatırladım ki, mən Məmmədov Tural Eyvaz oğluna və üçüncü şəxs “Accessbank” QSC-nə qarşı maddi təzminat olaraq 32.925.50 manat və 30 manat dövlət rüsumunun xeyrimə tutulması ilə bağlı məhkəməyə müraciət etmişdim. Qısaca olaraq bildirim ki, Məmmədov Tural Eyvaz oğlu 2004-2005-ci illərdə həyətimizdə sexi icarəyə götürmüşdür və tanışlığımız da o zamandan başlamışdır. Sonradan o məndən xahiş etmişdir ki, bankların birindən öz adıma 10.000 manat kredit götürərək ona verim, o da müxtəlif şəxslərə olan borcunu və icarə haqqını ödədikdən sonra işləyib gəlir əldə edərək banka olan kredit borcunun aylıq ödənişlərini ödəsin. Tural Məmmədov həyətimizdə işlədiyi müddətdə mənim və ərinin etimadını qazandığından ona kömək etmək qərarına gəldim. Cavabdehin xahişi ilə onun ayrı-ayrı şəxslərə olan 10.595 manat borcunu özüm ödədim. Bundan sonra mən cavabdehlə birlikdə “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin “20 Yanvar” filialına gedərək cavabdeh zamin olmaqla mənim öz adıma 16.000 ABŞ dolları miqdarında kredit verilməsi üçün müraciət etmişəm. Mənimlə “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında 36 ay müddətinə bağlanmış 06 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən mənə 16.000 ABŞ dolları miqdarında kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə 36 ay müddətində banka cəmi 23.643.15 ABŞ dolları əsas borc və faiz borcu ödənilməli idi. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq həmin tarixdə “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit alınan vaxtda olan məzənnəyə uyğun olaraq 16.000 ABŞ dolları 12.480 manat dəyərində olmuş, o, bankdan alınmış pulun 10.595 manatını cavabdehin ona olan borcunun əvəzi olaraq götürmüşəm, qalan 1885 manat kredit məbləğinə görə aylıq ödənişləri özü ödəyəcəyini bildirmişdir.
Cavabdehlə mənim aramda olan borc məsələsini rəsmiləşdirmək məqsədi ilə onunla birlikdə yaxınlıqda yerləşən Notariat Kontorlarından birinə getsək də, borc müqaviləsinin rəsmiləşdirilməsi üçün 100 manat pul tələb edildiyinə görə cavbdehin mənə olan borcunu sadə yazılı formaya riayət etməklə rəsmiləşdirmək qərarına gəldik. Cavabdeh mənə 10.000 manat borclu olduğuna dair öz xətti ilə qəbz yazıb imzalayaraq vermişdir. Kreditin alındığı vaxtdan 2 ay sonra cavabdeh bizə məlumat vermədən icarəyə götürdüyü sexi boşaldaraq çıxıb getmişdir. Kreditin ödənilməsində gecikmələrin yaranmaması üçün mən kreditin aylıq ödənişlərini özüm ödəməyə başladım. Cavabdehə dəfələrlə müraciət edərək kreditin aylıq ödənişlərini ödəməsini tələb etsəm də o hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişləri həyata keçirməkdən yayınmışdır. 2015-ci ilin mart ayına qədər kredit ödənişlərinin 9220 ABŞ dollarından ibarət hissəsini, yəni 11.821.50 manatını versə də 11.164 ABŞ dolları ödəilməmiş qalmışdır. 2015-ci ilin fevral ayında Azərbaycan manatı devalvasiyaya uğrayaraq öz dəyərini 30-35 faiz itirmiş, bununla bağlı 2015-ci ilin mart ayında banka olan qalıq borc 11.722 manat olmuşdur. Mənimlə bank arasında bağlanmış 19 mart 2015-ci il tarixli sazişə əsasən ödəniş planına dəyişiklik edilmiş və ödəniş müddəti 8 ay, yəni 06 aprel 2017-ci il tarixədək uzadılmışdır. Yeni ödəniş cədvəli əsasında banka 12.452.53 ABŞ dolları, yəni 13.074 manat ödənilməmiş borc qalmışdır. Mən 2015-ci ilin mart ayından 2016-cı ilin fevral ayınadək banka 5445 ABŞ dolları, yəni 8875 manat pul ödəmişəm. Kreditin aylıq ödənişləri mütəmadi olaraq mənim özüm tərəfindən həyata keçirilmişdir, Lakin 2015-ci ilin dekabr ayında Azərbaycan manatı yenidən devalvasiyaya uğrayaraq öz dəyərini itirmiş, 1 ABŞ dollarının dəyəri 1,63 Azərbaycan manatına uyğun olmuşdur. 2015-ci ilin dekabr ayında banka olan qalıq borc 7997,53 ABŞ dolları, yəni 13.036 manat miqdarında olmuşdur. 2016 cı ilin fevral ayından sonra banka 7502,53 ABŞ dolları, yəni 12.229 manat da ödənilməlidir. Cavabdehin xahişinə əsasən onun borclarını ödəmək məqsədi ilə bankdan öz adına götürdüyü kreditə görə mən 2015-ci ilin fevral ayınadək 11.821.50 manat, 2015-ci ilin fevral ayından sonra indiyədək 8875 manat ödədim və bundan sonra 12.229 manat ödəməklə - cəmi 32.925.50 manat ödəməli oldum. Cavadeh kredit borcunu ödəməyi öhdəsinə götürsə də vədinə əməl etmədiyinə görə cavbdehin qanunsuz hərəkətləri nəticəsində mənə 32.925.50 manat miqdarında maddi zərər dəymişdir. Cavabdeh həmin məbləği ödəmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur oldum, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişəm. 32.925.50 manat miqdarında maddi zərərin və 30 manat dövlət rüsumunun cavbdehdən mənim xeyrimə tutulmasını tələb etdim. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdim.
Belə ki, cavabdehin adından yazılmış 06 iyul 2013-cü il tarixli, iddiaçının qəbz adlandırdığı vərəqədə cavabdehin məndən həmin tarixdə 10.000 manat borc aldığı qeyd edilmişdir.
İş materiallarına əlavə edilmiş 06 avqust 2013-cü il tarixli ödəniş planının surətindən müəyyən edilir ki, mənimlə “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında 36 ay müddətinə bağlanmış 06 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən hər ay faiz borcu və əsas ödənilməklə 36 ay ərzində cəmi 23.643.15 ABŞ doları ödənilməlidir.
İş materiallarına əlavə edilmiş 19 mart 2015-ci il tarixli sazişin və həmin tarixli ödəniş planının surətlərindən də müəyyən edilir ki, mənimlə “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında 36 ay müddətinə bağlanmış 06 avqust 2013-cü il tarixli kredit müqviləsinin ödəniş planına dəyişiklik edilərək ödəniş müddəti 8 ay, yəni 06 aprel 2017-ci il tarixədək uzadılmışdır.
Nəhayət Oğuz rayon Məhkəməsinin hakimi Rəfayel Şirinovun sədrliyi ilə 02. iyun 2016-cı il tarixdə çıxarılmış qətnamə ilə mənim iddiam təmin olunmuşdur. Amma, hansısa səbəblərdənsə bugünə qədər bu qətnamə icra olunmur. Xahiş edirəm ki, bu problemin həll olunmasına-qətnamənin icra olunmasına köməklik edəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.