Azərbaycan və Özbəkistan ədəbi körpüsü layihəsinin daha bir tədbiri keçirildi

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” adlı layihənin daha bir təqdimat mərasimi keçirilib.
Layihənin rəhbəri, İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyinin sədri Şahməmməd Sultanov tədbirdə çıxış edərək layihənin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, bu layihə iki dost və qardaş xalq – Azərbaycan və Özbəkistan arasında mövcud olan ədəbi mədəni əlaqələrin daha da güclənməsinə, ortaq mədəni irsin təbliğinə və yeni nəsil gənc yazarların qarşılıqlı tanıdılmasına xidmət edir.
Layihə çərçivəsində Azərbaycan və Özbəkistan şairlərinin şeirlərindən ibarət “Ədəbi Körpü” adlı poeziya toplusu hazırlanıb. Kitabda hər iki xalqın tanınmış və gənc şairlərinin yaradıcılığından nümunələr toplanaraq oxuculara təqdim olunub. Bu toplu, iki ölkə arasında ədəbi dialoqun davamlılığını və ortaq ruh birliyini əks etdirir.
Təqdimat mərasimində çıxış edən natiqlər Azərbaycan–Özbəkistan əlaqələrinin qədim tarixi köklərə söykəndiyini, bu dostluğun yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəniyyət, ədəbiyyat və mənəvi dəyərlər müstəvisində xüsusi önəm daşıdığını vurğulayıblar.
Şahməmməd Sultanov öz çıxışında qeyd edib ki, “bu cür layihələr xalqlarımız arasında ədəbi və mənəvi bağları daha da möhkəmləndirir, ortaq tariximizin və mədəniyyətimizin qorunmasına töhfə verir. Azərbaycan və Özbəkistan arasında ədəbi körpü sadəcə kitablarla deyil, dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərlə inşa olunur.”
Layihə, həm Azərbaycan, həm də Özbəkistan ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və gələcəkdə bu istiqamətdə birgə layihələrin davam etdirilməsi planlaşdırılır.












AZ
RU