Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır.
Yenixeber.org: Bunu İcma sədri Tural Gəncəliyev deyib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər.
Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir.
Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk.
Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq.