Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu yeni dəhliz qitələri birləşdirəcək– İlham Əliyev

 

Sizi bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.

Yenixeber.org: Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

“Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”, - İlham Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığının böyük hissəsi energetika sektoruna aiddir:

“Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir”.

İlham Əliyev eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstərildiyini və bunun da danışıqların mövzusu olduğunu vurğulayıb:

“Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tiflis-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.

Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.

Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.

Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır.

Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam