Xədicə İsmayılı həbsdən çıxarmaq mümkün olmadı
Jurnalistə xaricdən dəstək var, onu tutduran şəxs isə yeni anonslar verir ; Tural Mustafayev: “Birdən-birə hər şeyi açıb danışıb sizləri şoka salmaq istəmirəm”
"Xeberinfo.com": Dekabrın 11-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Abid Abdinovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın birinci instansiya məhkəməsinin qərarından şikayətinə baxıldı. Məhkəməyə jurnalistlər, X.İsmayılın yaxınları, xarici səfirlik nümayəndələri buraxılmadı. Məhkəmə binasının qarşısında prosesin bitməsini gözləyən yaxınlarına son məlumatı jurnalistin vəkilləri verdi. Öncə zaldan çıxan vəkil Elton Quliyev bildirdi ki, məhkəmə şikayəti təmin etmədi.
Dünəndən X.İsmayılın müdafiəsinə vəkil Yalçın İmanov və Fariz Namazlı da qoşulub. Y.İmanov bildirdi ki, məhkəmənin bu qərarı hansı əsaslarla qəbul etməsi onlara məlum deyil: “Qərar elan olunanda heç bir əsas göstərilmədi. Sadəcə, apelyasiya şikayətinin təmin olunmadığı bildirildi. Güman edirəm ki, formal əsaslar olacaq. Xədicə İsmayıl 2 əsasla həbs olunub - istintaqın gedişinə maneçilik törətmək və proses iştirakçılarına qanunsuz təsir göstərmək ehtimalları ilə. Burda da müdafiəçilər olaraq məhkəmənin diqqətinə çatdırdıq ki, bu ehtimalları sübut edəcək hər hansı bir dəlil varsa, məhkəməyə təqdim olunsun və araşdırılsın”.
Y.İmanov prosesdə X.İsmayılın özünün də iştirak etdiyini dedi. Onun sözlərinə görə, jurnalist xanım həbsinin qanunsuz olduğunu və bunun gözlənilən olduğunu qeyd edib: “Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir».
Dekabrın 5-də Səbayel Rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs qərarı çıxarıb. Jurnalist Cinayət Məcəlləsinin 125-ci - özünüöldürmə həddinə çatdırma maddəsi üzrə təqsirləndirilir. Jurnalist özü, beynəlxalq və yerli təşkilatlar onun peşə fəaliyyətinə görə həbsə atıldığını bildirirlər.
“Biz Azərbaycan jurnalisti Xədicə İsmayılın həbsindən olduqca narahatıq. Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk”. «Amerikanın Səsi»ndə bildirilir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bəyan edib. “Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir”.
Jen Psaki rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb. “Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər.” Jen Psaki əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.
Böyük Britaniyanın Bakıdakı səfirliyində Beynəlxalq İnsan Haqları Günü qeyd olunub. Tədbirdəki çıxışında səfir Irfan Siddiq son günlər ölkədə baş verən həbslərə də toxunub, deyib ki, istənilən dövlətin gücü onun müxtəlif fikirləri dinləmək və bu problemlərlə məşğul olmaq, birgə müzakirə və həll etməkdən ibarətdir:
«İnsan hüquqları günündə Azərbaycan hökuməti və fikir formalaşdıran şəxslərə müraciətim o olardı ki, fərqli fikirlərə dözümlü olsunlar və biz birgə qarşılıqlı anlaşma şəraitində müzakirələr apara bilərik».
İnsan hüquqları günündə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington da öz bloqunda AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə toxunub:
«Ötən ay Azərbaycana getdim. Bu ölkədə ifadə və media azadlığına təhdidlər qalır. Elə ötən cümə günü daha bir jurnalist saxlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır. Bu, tez-tez həbs cəzaları ilə bitir. Ancaq Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil». David Lidington daha sonra media azadlığının pozulduğu digər ölkələrdən danışır.
Bu arada X.İsmayıl barədə şikayət verib, onun həbsinə səbəb olan Tural Mustafayev “cəbhə”sində sakitlik deyil. O, “Yeni Müsavat”da dərc edilən “Xədicə İsmayıl işində son və şok xəbərlər” başlıqlı yazını paylaşaraq öz münasibətini açıqlayıb.
Həmin məqalədə T.Mustafayevin bir il öncə özünü asaraq intihar edən homoseksual gənc İsa Şahmarlı ilə eyni evdə yaşaması məlumatı, sonuncunun gündəliyində T.Mustafayevlə bağlı məqamların olması barədə ehtimallar yer almışdı. Yazıda T.Mustafayevin də iddiaya münasibəti yer alıb. Amma o, profilində buna ayrıca münasibət bildirib: “Bu yazıda bir məqama toxunmaq istəyirəm. Mən anlamıram ki, İsa Şahmarlı ilə eyni evdə qalanda Xədicənin və onun ətrafında olanların münasibəti mənə qarşı normal idi. Nə oldu bunlar indi ortaya atılıb? Təxminən bir-iki ay bundan qabaq mənə Əfqan Muxtarlı zəng açaraq adımın İsa Şahmarlının şəxsi gündəliyində hallandığını bildirmişdir.
Mən isə açıqlamamda heç bir məlumatım olmadığını bildirdim. 9 mart hadisələri yetərincə hamının yadında idi. Aynurun da, Rövşanənin də və digər şəxslərin də. Hansı ki, bu gün ortada quyruq bulayırlar. Bir çox şeylərə aydınlıq gətirmək istərdim. Amma hələ gözləmə mövqeyindəyəm. Birdən-birə hər şeyi açıb danışıb sizləri şoka salmaq istəmirəm. 5-6 min ”demokrat" var, hamınız şoka düşsəniz ortada quyruğu kim bulayacaq?"
O, daha sonra vaxtilə yaxın çevrəsində olduğunu iddia etdiyi jurnalist Cavid Abdullayevə də öz profili vasitəsilə müraciət edib: “Cavid Abdullayev, bəlkə etiraf edəsən ki, ”O gün olsun LGBT bayrağını Qarabağda dalğalandıraq. Cıdır düzündə Gey Parad keçirək" ilk sənin statusun olub? Təzyiqlər nəticəsində bunu sən siləndən sonra, mən paylaşdım? Onda «Meydan TV»də işləyirdim. Likelardan da görsənir ki, hətta bəyənmisən də. Bir qaranlıq məqamlara açıqlama verəsən bəlkə?"
Bu arada X.İsmayılın həmkarı, “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli də X.İsmayılın həbsi məsələsinə toxunub. “Yeni Müsavat”a açıqlamasında E.Astanbəyli deyib ki, X.İsmayılın həbsində gözlənilməz heç nə yoxdur. Onun özü də, çoxlarımız da bu həbsi gözləyirdik: “Gözlənilməz olan bir şey varsa, o da həbsin bu qədər gecikməsidir. Onun hansı ittihamla, maddə ilə həbs edilməsi də önəmli deyil. Xədicə xanımın məhz hakimiyyətin tabu elan etdiyi mövzularda araşdırmalarına görə qəzəbə gəldiyi şübhəsizdir. Açığı, həbsə əsas kimi göstərilən motivlə dərindən maraqlanmıram.
Çünki həm əsas motiv bəllidir, həm də axı bu ittiham, maddə faktiki olaraq Azərbaycanın hüquq təcrübəsində işləmir. İndi onun bir tənqidçi jurnalistə, - həm də əgər o xanımdırsa! - belə asanlıqla tətbiq edilməsi bu qərarın yalnız və yalnız siyasi intiqam duyğusu ilə verildiyini göstərir. Azərbaycanda kütləvi susdurulma dövrü başlayıb. Hakimiyyət ”Hamı üzərində qələbə!" şüarı ilə hərəkət edir, meydanı tənqidçi səslərdən tamamilə təmizləməkdə israr edir. Məncə, total susdurulma prosesi bu və ya digər formada heç kimdən yan ötməyəcək. Bir sözlə, elə bir vəziyyət yaranıb ki, Xədicə xanımın və digər məhbus dostlarımızı müdafiə etməli olanların özləri də tamamilə müdafiəsizdir".
“Hərə oturub öz növbəsini gözləyir” deyən müsahibimizin sözlərinə görə, son bir il, ilyarımda baş verən həbslər xüsusilə bir məsələdə çox faydalıdır: “Bu uzun illər Qərb, Avropa dairələrinə onların Azərbaycanın demokratik qüvvələrini heç vaxt köməksiz qoymayacaqları barədə gülməli inamın tamamilə sarsılmasıdır. Bəli, bu aparılan kütləvi həbslərin xeyri onda oldu ki, ölkəni demokratikləşdirmək istəyən insanların artıq çox böyük hissəsi başa düşür ki, özümüzdən başqa heç kimimiz yoxdur, bu repressiya maşınının qarşısında təkbaşınayıq, ona görə də demokratik qüvvələr öz məqsədlərində səmimidirlərsə, kürəklərini bir-birinə daha sıx söykəməlidirlər. Bu çətin, ağır günləri ancaq öz iradəmizlə, birliyimizlə arxada qoya bilərik”.
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov isə APA-ya müsahibəsində ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının sözçüləri, Avropa Şurası və AŞPA rəhbərlərinin Xədicə İsmayılla ilə bağlı bəyanatına münasibət bildirib. A.Qasımov deyib ki, bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirir: “İqtisadi böhran yaşayan Avropada insan haqlarının tapdalanması, irqi ayrı-seçkilik, faşizm meyllərinin artması, multikulturalizmə qarşı hücumların gücləndiyi bir dövrdə Avropa strukturlarının nümayəndələri beynəlxalq ictimaiyyətin əsas diqqətini öz problemlərindən yayındırmağa çalışırlar. ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakinin çıxışına gəldikdə isə onun Xədicə İsmayılova ilə bağlı verilən suallara cavablarına diqqəti yönəltmək istəyirəm. O, on gün ərzində verdiyi iki bəyanatda demək olar ki, bir söz belə dəyişilmədən, yenə də heç bir reallığa əsaslanmayan şablon ifadələr işlətməklə, bir daha öz qeyri-peşəkarlığını nümayiş etdirib. Mən bir daha ABŞ Dövlət Departamentini diqqəti öz ölkəsində insan haqları və azadlıqları, ümumiyyətlə, demokratik prinsiplərin açıq-aydın və kobud şəkildə pozulması hallarına yönəltməyə çağırıram. İrqi zəmində qarşıdurma, Ferqyuson hadisələri ilə bağlı öz haqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxmış dinc nümayişçilərə qarşı sanki hərbi əməliyyatlar keçirilməsinin, günün günorta çağı heç bir müqavimət göstərməyən insanın polislər tərəfindən boğulub öldürülməsi, hətta uşaq və yeniyetmələrin polislər tərəfindən qətlə yetirilməsi kimi dəhşətli halların biz bu yaxınlarda şahidi olduq.
Ötən dəfə bu məsələlərlə bağlı sualınıza cavab verərkən Amerika Birləşmiş Ştatlarında söz və fikir azadlığı sahəsində vəziyyətin də acınacaqlı olduğunu bildirmişdim. Bu ölkədə kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı təqiblər geniş vüsət alır, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olduqları zaman həbs olunur, hüquq-mühafizə orqanları tərəfindən kütləvi informasiya vasitələri əməkdaşlarının telefon danışıqları və internet yazışmaları tam nəzarət altında saxlanılır.
Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatları Senatında təqdim olunmuş sənəddə dünyanı şoka salan dəhşətli faktlardan xəbərdar oldu. Məruzədən göründüyü kimi, ABŞ Xüsusi Xidmət Orqanları tərəfindən işgəncələrin tətbiq olunması uzun illər adi hala çevrilibmiş. ABŞ Dövlət Departamenti öz ölkəsində demokratiyanın və insan haqlarının tapdalanması faktlarını görməməzliyə vuraraq mütəmadi olaraq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni süni şəkildə qabardaraq beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqillik əldə etməsindən keçən qısa bir dövrdə demokratiyanın və fundamental insan haqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib və Azərbaycan hökuməti bu istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir".