Məscidi yandıran PKK-çılar haqqında faktlar
“Yekbun”çuların aksiyalar keçirmək, Bakını qarışdırmaq planları olub; anası oğlundan imtina edib: “İstərdim ona güllələnmə versinlər”
"Xeberinfo.com": Bakıda Qaraçuxur məscidini yandıranlar barəsində yeni xəbərlər gəlməkdədir.Məlumata görə, onların İraqın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Bu aksiyalarda qarışıqlıq salmaq nəzərdə tutulub.
Qaynağın sözlərinə görə, PKK-nın Azərbaycandakı “Yekbun” təşkilatının həmtəsisçiləri Namiq Nəsibov və Elnur Ələkbərov ətrafındakı kürdlərlə etiraz nümayişləri keçirmək niyyətində olublar.
Onlar bu aksiyaları təşkil etməzdən əvvəl isə Qaraçuxur məscidini yandırmaq, diqqəti yayındırmaq planı cızıblar. Mənbənin sözlərinə görə, “Yekbun”çular məscidi yandırmaqla ibadət evində İŞİD tərəfdarı olan qüvvələrin namaza gəldiyini nəzərə çatdırmaq istəyiblər.
Çünki hazırda Kobanidə PKK və İŞİD arasında amansız savaş gedir. N.Nəsibov da Suriyadan qayıtdıqdan sonra planlaşdırdığı təxribatı həyata keçirməyə cəhd göstərib. Onun təsis etdiyi təşkilat “Yekbun” isə yeni yaranıb və rəsmi qeydiyyatdan keçməyib.
Bu təşkilatın adı kürdcədən tərcümədə “Birlik” deməkdir. Amma bu “birlik” 5-10 nəfərdən ibarət olub. Artıq onların facebook-da yaratdığı “Yekbun” səhifəsi də ləğv edilmiş sayılar. Səhifənin admini olan E.Ələkbərov həbs edildikdən sonra adı oradan çıxarılıb.
Milli Təhlükəsizlik Nazirliyinin yaydığı rəsmi məlumatda da qeyd olunub ki, onlar aksiya keçirmək istəyiblər. Lakin bu, baş tutmayıb. Mənbə qeyd edir ki, məscid tamamilə yansaydı və aksiyalar baş tutsaydı, onlar Bakıda böyük qarışıqlıq salmağa nail olacaqdılar. Amma hüquq-mühafizə orqanları tədbirli tərpənib.
Vaxtilə “Ronahi” Mədəniyyət Mərkəzinin sədr müavini olmuş N.Nəsibovun həbsi əslində gözlənilən idi. O, fikirlərinə və mövqeyinə görə müavinlik vəzifəsindən çıxarılmışdı, bir müddət əvvəl isə paytaxtda PKK lideri Abdulla Öcalanın şəkli olan köynəkdə şəkil çəkdirdiyi üçün saxlanmışdı.
Sadəcə, Milli Məclis PKK-nı terror təşkilatı kimi tanımadığına görə məsuliyyətə cəlb edilməmişdi. N.Nəsibovun Suriyaya getməsi və qayıtdıqdan sonra “Yekbun”u təsis etməsi radikallığına təsir edib.
***
PKK-çı gəncin məscid yandırmasına görə ailəsi də ondan imtina edib. “Bütün nəslimiz ondan imtina edib. İstərdim ona güllələnmə versinlər”. Bunu azvision.az-a açıqlamasında N.Nəsibovun anası Nailə Nəsibova deyib.
N.Nəsibovanın sözlərinə görə, oğlu içki aludəçisi olub: “Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub. O da atası kimi şəhid olaydı, bilərdim ki, evimdə iki şəhid şəkli var. Həmişə deyirdi ki, kürdəm.
Bizim ata-babadan pasportumuzda kürd sözü yoxdur, biz Azərbaycan vətəndaşıyıq. O, içki aludəçisi olub. Psixoloji vəziyyəti də normal səviyyədə olmayıb. Dispanser həkiminin reseptini vəkilə təqdim etmişəm. Psixi dərmanlar atırdı. Bu il ona şəxsi həkim tutmuşdum. Onun daxilinə cərrahi yolla arağa qarşı kapsul qoydurmuşam".
N.Nəsibova bildirib ki, oğlunu bir il öncə polisə müraciət edərək tutdurub. Onun sözlərinə görə, polis oğlunu bir həftə saxlayandan sonra sərbəst buraxıb: “İki dəfə şikayət edib onu tutdurmuşam. Bildirmişəm ki, bu harasa qoşulubsa, araşdırılsın, onunla bağlı iş qaldırılsın.
Kürdüstan bayrağı ilə İraqa kimin vasitəsilə və niyə getdiyindən xəbərim olmayıb. Bir il bundan qabaq ondan imtina etmişəm. Övladımın törədə biləcəyi əməlləri qabaqcadan bilərək polisə məlumat vermişəm. Polis orqanları isə ona qarşı vaxtında sərt tədbir görməyib. İndi məscid yandırıb. Yaxşı ki, daha böyük terror törətməyib".
***
Bu hadisədən sonra ölkədə insanlar arasından terror xofu yaranıb. İŞİD-dən sonra Azərbaycanda PKK təhlükəsinin olacağı iddia edilir. Daxili İşlər Nazirliyi isə Azərbaycanda terror təhlükəsi ilə bağlı iddialara aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov azvision.az açıqlamasında bildirib ki, bu istiqamətdə müəyyən tədbirlər görülür: “Əminliklə deyə bilərəm ki, ölkə daxilində kriminal vəziyyətə hüquq- mühafizə orqanlarımız tərəfindən tam nəzarət olunur. İctimai təhlükəsizlik nəzarətdədir. Bu istiqamətdə də tədbirlər görülür”.
Xatırladaq ki, MTN tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.
N. Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, E. Ələkbərovun üzərindən isə “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, N. Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya gedərək oradakı döyüşlərdə iştirak edib.