“Prokurorluq məni fiziki məhv etmək istəyir”
Komi Dövlət Şurasının deputatı, azərbaycanlı biznesmen, “Uxtanefteqazgeologiya” ASC-nin baş direktoru Akif Sayadov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə nail ola bilməyib.
"Xeberinfo.com": Virtualaz.org Komi KİV-lərinə istinadən xəbər verir ki, Sayadovun vəkilləri onun barəsində oktyabrın 27-də seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Ali məhkəməyə müraciət ediblər. Komi Ali məhkəməsi apellyasiya müraciətinə noyabrın 13-də baxıb və rədd edib.
Azərbaycanda da geniş biznesi olan Akif Sayadov oktyabrın 27-də başqasının ona etibar edilmiş əmlakını mənimsəmək ittihamı ilə həbs edilib. Ona qarşı həmçinin “terrorçu qruplaşmaları maliyyələşdirmək” ittihamının irəli sürülə biləcəyi də açıqlanıb. Sayadov Komi respublikasının mülkiyyətində olan “Uxtanefteqazgeologiya” şirkətinin 42 milyon rubl vəsaitini mənimsəməkdə günahlandırlır. İstintaqın bildirdiyinə görə o, şirkətin adından bağladığı müqavilələrdə korrupsiyaya və mənimsəmələrə yol verib. Həmçinin o, 2009-cu ilin yanvarından 2013-cü ilin martına qədər 60 dəfə Azərbaycana gedib-gəlib və bu zaman təyyarə biletlərini, yol xərclərini şirkətin hesabından ödəyib.
Sayadov isə bildirir ki, əslində həmin müddət ərzində şirkətin işinə görə dəfələrlə Moskvaya uçmalı olub, oradan isə tez-tez xəstələnən nəvəsinə baş çəkmək üçün Azərbaycana gedib. Sayadovun bildirdiyinə görə, həmin səfərlər üçün biletləri şirkətin mühasibatlığına təqdim etməyib. İl yarım əvvəl isə Azərbaycana səfərlərə görə xərclədiyi pulların hamısını şirkətə qaytarıb.
Məhkəmədə vəkillər Sayadovun səhhətinin yaxşı olmadığını, onun ikinci qrup əlil olduğunu, ürək xəstəliyindən və onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildiriblər. Vəkillərin bildirdiyinə görə, Sayadov son vaxtlar 6 kimyaterapiya kursu keçib. O, hər 28 gündən bir bu kursu təkrar etməlidir. Təcridxanada isə bu müalicə kursunu həyata keçirmək mümkün deyil. Həmçinin vəkillər Sayadovun çoxsaylı mükafatlara layiq görüldüyünü, Rusiyanın fəxri neftçisi olduğunu əsas gətiriblər.
Məhkəmə iclasında Sayadovun xəstə və əzgin durumda olduğu görünüb. O, Komi prokurorluğunu söyüb və bildirib ki, prokurorluq onu fiziki olaraq məhv etməyə çalışır. Sayadov Komi prokurorluğunda bespredel hökm sürdüyünü deyib . “İki ildir ki, Komi prokurorluğu mənim arxamca düşüb. Qoy Federal Təhlükəsizlik Xidməti aydınlaşdırsın ki, məni prokurorluğa kim sifariş edib. Hazırda məni fiziki olaraq məhv edirlər” azərbaycanlı biznesmen-deputat bildirib.
Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi çoxsaylı dəlillərə baxmayaraq Sayadovu təcridxanada saxlamaq qərarını təsdiqləyib.