MSK daha 3 nəfərin prezidentliyə namizədliyini qeydə aldı
Yenixeber.org: Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir
- Novella xanım, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzovun sosial şəbəkələri bürüyən söyüş və təhqirlə bağlı müraciətini necə qiymətləndirirsiniz?
- Əvvəla, onu deyim, hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma təhqir heç kimə yaraşmır. İkincisi, Siyavuş Novruzov dediklərində haqlıdır. Mən Siyavuş Novruzovu hərəkat illərindən tanıyıram. Ondan söyüş və təhqir eşitməmişəm.
Onun müraciəti diqqətəlayiqdir. Birincisi, insanı təhqir etmək olmaz. Siyasətdə isə mübarizə daha doğru-dürüst getməlidir. İkincisi, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır.
Hansısa şəxslə siyasi mübarizə aparırsan, apar. Amma ailəni, xüsusilə qadınları təhqir edirsənsə, artıq, bu, siyasət deyil, tərbiyəsizlikdir.
Ailəni siyasətə qatmaq olmaz. Görünür, bəziləri ailənin müqəddəs olduğunu hələ dərk edə bilmir. Hesab edirəm ki, Siyavuş Novruzov bu məsələləri yerində qaldırıb və haqlıdır. Mən siyasi mübarizədə və fəaliyyətdə təhqirə yol verilməməsi, ailə üzvlərinin bura aid edilməməsi haqda fikirlərlə tam razıyam və bu müraciəti dəstəkləyirəm.
- Siyavuş Novruzovun müraciətinə onlarla şəxs müsbət reaksiya göstərib. Sizcə, bu müraciət söyüş söyənləri düşünməyə sövq edəcəkmi?
- Mənə elə gəlir, bu, tərəflərin kişiliyindən asılıdır. İnsan ilk növbədə özünə hörmət qoymalıdır. Feysbuka girin, görün nələr yazırlar... Mən bu tip adamları rədd edirəm. Çox pis və əxlaqsız sözlər yazırlar. Mən belələrini dərhal dostluq siyahımdan çıxarır və ya blok edirəm. Sözsüz ki, hər kəs öz tərbiyəsini ortaya qoyur. Bu, normal insana məxsus olmayan hərəkətlərdir.
Təhqir insanın gücsüzlüyünün, özünə hörmət etməməsinin göstəricisidir. Təhqirlə heç nəyə nail olmaq mümkün deyil. Dünya siyasi təcrübəsi göstərir ki, təhqirlə heç kim nəticə əldə etməyib. İnsan gücsüz və cılız olanda, heç nəyə qadir olmadığını anlayanda təhqirə üstünlük verir. Nəticədə özü hörmətdən düşür.
- Peşəkar siyasətçi özünə rəva görərmi ki, başqasını, rəqibinin ailə üzvlərini təhqir etsin?
- Əvvəla, bizdə peşəkar siyasətçi azdır. İkincisi, peşəkar siyasətçilər nadir hallarda təhqirə keçirlər. Bunu edənlər əsasən siyasətdən piyada olanlardır. Məsələn, Orduxan Teymurxan adlı şəxs heç vaxt Azərbaycan siyasətində iştirak etməyib. Amma indi Avropada oturub təhqirlə məşğuldur. Sən Azərbaycanda siyasətlə məşğul olmamasın, hərəkatda iştirakın yoxdur, sonrakı dönəmdə proseslərdə təmsil olunmamasın. İndi gəlib dərs keçirsən?
Bu adamlar xaricə gediblər və yəqin ki, indi orada vəziyyətləri yaxşı deyil. Ya onları olduğu ölkələrdən çıxarmaq istəyirlər, ya da kiminsə əlindən pul almaq lazımdır deyə Azərbaycanı, ziyalıları, ictimai xadimləri, hökumət üzvlərini təhqir edir, şər və böhtana üstünlük verirlər. Bu da qeyri-əxlaqi hərəkətdir. Mən söyüş və təhqiri rədd edirəm, etika çərçivəsində haqlı tənqid isə mümkündür.
Açığı, bunlar təhqiri ya pul qarşılığında, ya da başqa məqsədlər naminə edirlər. Yəni təhqir edənlər əsas adamlar deyil, onlar sadəcə icraçıdırlar. Qırmızı cizgiləri aşmaq əxlaqsız hərəkətdir.
- Siyavuş Novruzov müraciətində sizlərə Vidadi İsgəndərlinin xalq hərəkatında iştirak edib-etməməsi haqda da sual verib...
- Vidadi İsgəndərli milli azadlıq hərəkatında iştirak etməyib. Mən bu adamı nə xalq hərəkatında görmüşəm, nə də adını eşitmişəm. O, həbs ediləndə bir neçə hüquq müdafiəçisi ilə Göyçay rayonuna getdik. Onu müdafiə etdik, azadlığa çıxmasına çalışdıq. Ancaq həbsdən çıxandan sonra bizim haqqımızda min söz danışdı. Beləsinə nə deyəsən?
İndi də xəbər yayıb ki, guya hökumət göstəriş verib və mən ona zəng vurmuşam. Yalanın, şər və böhtanın da ölçüsü olar.
- Sizinlə hansı problemi var?
- Mən eşitdim ki, çıxış edib və Qüdrət Həsənquliyevin ailə üzvləri haqqında danışıb, onları təhqir edib. Qüdrət Həsənquliyevin ailəsini çox gözəl tanıyıram, Naxçıvanda da onlarda olmuşam. Şərəfsiz, sən siyasətçini tənqid edirsən, elə, onun ailə üzvləri ilə nə işin var? Adamın kişiliyi olar, qadın və uşaqları niyə bu məsələyə qatırsan?
Bunu eşitdikdən sonra zəng elədim Vidadi İsgəndərliyə. Dedim, tənqid elə, amma ailəylə, qadınla işin olmasın. Mən Azərbaycan qadınıyam, xanımlar haqqında nəsə deyəndə bu, mənə pis təsir edir. Mənim zəngimdən sonra deyib ki, bəs hökumət tapşırıb, mən də ona zəng vurmuşam. Əslində mən onun qardaşına zəng etmişəm. Mən Azərbaycan qadınını müdafiə edirəm, hökumət mənə tapşırıq verməlidir?
- Xaricdə ancaq bu tip insanlar var, yoxsa ölkəmizi yüksək səviyyədə təmsil edən azərbaycanlılarımız daha çoxdur?
- Sizə bir söz deyim. Xaricdə tanıdığım vətənini sevən çoxsaylı insanlar var. Siyasi mənsubiyyətindən asılı olmayaraq ölkəmizi, dövlətimizi sevirlər.
Yeri gələndə tənqid də edirlər, Dağlıq Qarabağ məsələsinə görə birləşib küçələrə də çıxırlar. Bu insanlardan bir dəfə də təhqir eşitməmişəm. Xaricə təzə gedənlərin bəzisi düşüb ortaya. Üstəlik burada nə siyasətdə olublar, nə də QHT-lərdə fəaliyyət göstəriblər. Onlardan elə sözlər eşidirsən, adamın ağzı açıq qalır...
Dövlət hamımızındır. Azərbaycan dövlətinin ünvanına mənfi söz deyəndə mənə pis təsir edir. Dövlətə çamur atanların düşməniyəm.