Deputatlar tətildə:Yeni ili kim harada qarşılayacaq?
Köhnə ili təhvil verməyimizə cəmi üç gün qalıb. Artıq çoxları bayramı harada, necə və kimlərlə keçirəcəyini özü üçün müəyyənləşdirib. Bəzilərimiz ötən illə xarici ölkələrdə, bəzilərimiz isə vətəndə vidalaşmağı planlaşdırmışıq. Bəs bu gündən tətilə çıxan millət vəkillərimiz qarşıdan gələn ili harada və kiminlə keçirəcəklər?
Yenixeber.org: Millət vəkili Tahir Mirkişi Yeni ili Bakıda qarşılayacağını, tətil günlərində isə dağ-xizək idman növü ilə məşğul olacağını bildirib.
“Özünüz də bildiyiniz kimi, Yeni il bir ailə bayramıdır. Bayramı öz evimdə, ailəmlə birgə qeyd edəcəyəm. Növbəti bayram günlərində isə Qəbələyə yollanacam. Belə ki, orada çox sevdiyim idman növü olan dağ-xizək idman növü ilə məşğul olmağı planlaşdırıram”.
Milli Məclisin deputatı Fazil Mustafa da 2018-ci ili paytaxtda qarşılayacağını bildirib:
“Yeni il bayramını ailəmlə birgə Bakıda keçirməyi düşünürəm. Tətil günləri ilə bağlı isə xüsusi planım yoxdur”.
Millət vəkili Elman Məmmədov bayram ərəfəsində ölkə xaricinə çıxmaqla bağlı planının olmadığını bildirib:
“Hər il olduğu kimi, bu ili də Azərbaycanda öz xalqımla keçirəcəyəm. Ölkə xaricinə çıxmaq planım yoxdur. Bizim əhalinin kompakt yaşadığı yerlər, rayonlar var. Yeni ildə həmin yerləri ziyarət edərək, əhali ilə görüşməyi planlaşdırıram. Xalqımızı təbrik edərək, xoş ovqat yaratmaq istəyirəm. Xalqımızla bir yerdə bayram keçirməyi hər şeydən üstün bilirəm. Düzü, bu bayramlar mənimçün mütləq bayramlar deyil. Bizim üçün mütləq bayram torpaqlarımız işğaldan azad edildikdən sonra, doğma yurdumuzda, doğma ocaqlarımızda olacaq. Bütün Azərbaycan xalqını təbrik edirəm”.
Deputat Zahid Oruc isə Yeni ildə mütaliə ilə məşğul olmağa üstünlük verəcəyini deyir:
“Düzü, Yeni il bayramı ərəfəsində xarici ölkələrə səfər etməyin həvəskarı olmamışam. Rəsmi səfərlə bağlı bir çox aparıcı ölkələrdə olmağıma baxmayaraq, Azərbaycanı onların hamısından üstün hesab edirəm. Düşünürəm ki, insan özünü harada tapırsa, orada dincəlir, mənəvi güc əldə edir. Bayram günlərində isə doğmalarımı ziyarət etməyi, mütaliə ilə məşğul olmağı planlaşdırıram.
Azərbaycan xalqına, səngərdə dayanan əsgərimizdən tutmuş ən ucqar əyalətdəki sıravi vətəndaşımıza qədər hər bir şəxsə sağlıq, əmin-amanlıq, anlaşma arzulayıram”.
Milli Məclisi deputatı Tahir Kərimli 2018-ci ili paytaxtda qarşılayacağını, lakin tətil günlərində Azərbaycanın regionlarına yollanacağını qeyd edib:
“Yeni ili ailəmlə birgə Bakıda qeyd etməyi planlaşdırıram. Lakin tətil günlərində Ağsu, Şamaxı, İsmayıllıya yollanıb, orada yaşayan doğmalarımı ziyarət etmək istəyirəm”.
Millət vəkili Elman Nəsirov isə tətil günlərində harada dincələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib:
“Qəbələ, Şəki, Xaçmaz və ya Qusarda dincəlmək variantları var. Bununla bağlı evdə hələ müzakirələr aparırıq. İstənilən halda, bir həftə dincəlmək planımız var. Çünki 2018-ci il mühüm siyasi hadisələrlə zəngin il olacaq.
Belə ki, 2018-ci ildə həm hakim Yeni Azərbaycan partiyasının qurultayı keçiriləcək, həm ölkədə çox mühüm siyasi proses olan prezident seçkiləri baş tutacaq. Bildiyimiz kimi, seçki prosesinin də öz qaydaları, tələbləri var. Bu nöqteyi-nəzərdən YAP öz fəaliyyətinə yeni dinamika verəcək. Ona görə də bu proseslərdə daha çox işləmək lazımdır. Yaxşı işləmək üçün də yaxşı istirahət etmək lazımdır.
Düzü, xüsusi təmtərağa, istirahətin özündə də izafi xərclərə mənfi münasibət bəsləyirəm. Hər şey çərçivəsində olmalıdır”.