Ümid Partiyasından müsavatçının həbsi ilə bağlı bəyanat
Həbslər gəncləri islah etmir, əksinə onların həyatında böyük mənəvi travmalar yaradır.
“Xeberinfo.com": Ümid Partiyası sədrinin İnformasiya və Mətbuat üzrə müavini Elman Abbasov gənc fəal, bloqqer Fərəc Kərimlinin həbsinə münasibət bildirib.
Xəbər verdiyi kimi, iyulun 23-də səhər saatlarında Müsavat Partiyasının üzvü, gənc bloqqer Fərəc Kərimli mülkü geyimli şəxslər tərəfindən başına qara torba keçirdilərək , naməlum istiqamətə aparılıb. Bir gündən artıq müddət keçdikdən sonra isə DİN onun həbsini təsdiqləyib təsdiqlənib. Onun cibindən narkotik aşkar olunduğu bildirilib.
Bundan əvvəl də bir sıra gənc siyasi fəallar və bloqqerlər narkotik və başqa ittihamlarla həbs olunub.
Hesab edirik ki, Fərəc Kərimlinin həbsi də siyasi sifarişli həbsdir. Digər siyasilərin həbsində olduğu kimi Sirac Kərimlinin də həbsi zamanı bütün prosessual qaydalar pozulub. Həbs olunması ilə bağlı bir gündən artıq müddət ərzində qohumlarına və vəkilinə məlumat verilmiyib. Vəkili ilə görüşdürülməyib, həbsi zamanı onun başına torba keçirilib, həbsinin motivi barədə ictimaiyyətə dolğun məlumat verilməyib.
Ümumiyyətlə bir həftə əvvəl heç bir siyasi proseslərə qoşulmayan qardaşının narkotiklə ittiham olunmasını bilən bir şəxsin cibində narkotik gəzdirməsi də absurd bir məslədir. Bununla da əməliyyatı icra edən qurumlar bir daha özlərini ifşa ediblər.
Hakimiyyət bu cür həbslərlə Azərbaycanın gələcəyi olan azad fikirli, fərqli düşüncəli gənclərin gözünü qorxutmağa, siyasi proseslərdən kənar saxlamağa çalışır. Bu cür ittihamlar artıq ictimaiyyətdə kinayə hissi yaradır. Aidiyyatı qurumları qınaq obyektinə çevirir, beynəlxalq qurumların hakimiyyətə qarşı təzyiqlərinin artmasına səbəb olur, dövlətin beynəlxalq ailəmdə imicinə ciddi ziyan vurur.
Qeyd edim ki, bu gün Azərbaycanın gələcəyi olan gəncliyin onsuz da böyük problemləri var. İşsiz-gücsüz, evsiz-eşiksiz, asudə vaxtını səmərəli keçirə bilməyən, istədiyi formada təhsili ala, yaşaya bilməyən, zamanında ailə həyatı qurmaq imkanı olmayan bir Azərbaycan gəncliyi var. Hakimiyyət nəzərə almalıdır ki, bu həbslər gəncləri islah etmir, əksinə onların həyatında böyük mənəvi travmalar yaranmasına səbəb olur.
Biz Ümid Partiyası olaraq bu cür həbsləri həmişə pisləmişik və münasibət bildirmişik. Partiya sədri, millət vəkili İqbal Ağazadə əqidəsindən, münasibətindən, partiyalılığından asılı olmayaraq gənclərin və siyasilərin qanunsuz, qeyri-qanuni həbsini dəflərlə parlamentin sessiyalarında qaldırıb, partiya həbs olunan siyasi məhbusların azadlığa buraxılması üçün hakimiyyətə müraciətlər ünvanlayıb.
Hesab edirik ki, hakimiyyət gənclərlə davranışda daha diqqətli olmalı, onları həbs etmək əvəzinə intellektual, dünya ilə ayaqlaşa bilən, azad düşüncəli Azərbaycan gəncliyinin yetişməsi üçün münbit şəraitin yaradılması istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Əks təqdirdə gənclərə qarşı aparılan repressiya siyasəti, basqılar, gənclər arasında ayrı-seçkilik gələcəkdə ölkənin inkişafında gəncliyin roluna çox ciddi zərbə vuracaq. Çünki yaşamaq üçün münbit şəraiti olmayan, dövlət qayğısından uzaq olan gənclik imkan tapan ilk fürsətdə ölkəni tərk edərək, qonşu ölkələrə, Avropaya üz tutur, gənclik dövrlərində fiziki və elmi potensiallarını getdikləri ölkələrə sərf etməli olurlar.