Daha bir “facebook” fəalı həbs olundu
Mülki geyimlilər Fərəc Kərimlinin başına torba keçirib, naməlum istiqamətə aparıblar
"Xeberinfo.com": Müsavat Gənclər Təşkilatının (MGT) üzvü Fərəc Kərimlini iyulun 23-də səhər saatlarında həbs ediblər. Gənc fəalın həbs edilməsinin səbəbləri hələ bilinmir. O, anasını xəstəxanaya apararkən, mülki geyimli şəxslər tərəfindən başına torba keçirdilərək, naməlum istiqamətə aparılıb. Hazırda harada olması barədə məlumat yoxdur.
Fərəc Kərimlinin vəkili Nemət Kərimli onun həbsi ilə bağlı bunları deyib: “Fərəc Kərimli Müsavat Gənclər Təşkilatının sədr müavinidir. İyulun 17-də onun qardaşı Sirac Kərimlini iş yerindən həbs etmişdilər. Daha doğrusu, oğurlamışdılar. Ona qarşı artıq Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıblar. Evdən onun atasına məxsus noutbuku da götürmüşdülər. Məhkəmə zamanı vəsatət qaldırdıq ki, noutbukun bu məsələyə nə dəxli var? Bu işin siyasi xarakter daşıdığını və Fərəclə bağlı olduğunu dedik. Ehtimal edirdik ki, onlar Fərəcin əvəzinə səhvən qardaşını həbs ediblər. O gündən bu yana daim Fərəc nəzarət altında idi. Evinin ətrafında əməliyyatçılar keşik çəkirdi. Bu gün anası xəstə olduğundan Fərəc onu xəstəxanaya aparıb. Orada faktiki olaraq, onu oğurlayıblar. İndiyə qədər onun barəsində heç bir məlumat verilməyib”.
Vəkil gənc fəalın həbs edilərkən ciddi təzyiqlərə məruz qaldığını, başına torba keçirdilərək, döyüldüyünü bildirib: “Şahidlərin dediyinə görə, həbs edilərkən onun başına qara torba keçirdilmiş, qolları arxadan bağlı vəziyyətdə xüsusi amansızlıqla döyülərək həbs edilmişdi. Onu həbs edənlər özlərini belə təqdim etməyiblər. Fərəcin bu vəziyyətdə həbs edilməsi insanı dəyərlərə ziddir. Polis haqqında qanunda saxlanılan şəxslə necə davranmaq yazılıb. Fərəc saxlanılarkən səbəbi ona bildirilməliydi. Vəkilin yardımından istifadə etməsi dərhal təmin edilməliydi. Bunun bir adı var, adam oğurluğu. Birbaşa siyasi sifarişdən doğan həbsdir. O, musavat.org saytının adminlərindən idi. Eyni zamanda sosial şəbəkələrdə fəal idi”.
Nemət Kərimli Fərəc Kərimlinin hazırda hara aparılmasından məlumatsız olduqlarını və dəqiqləşdirməyə çalışdıqlarını da qeyd edib: “Biz Fərəcin həbsi ilə bağlı 102 xidmətinə zəng vurduq. Lakin indiyə qədər bu barədə heç bir məlumat yoxdur. Ona yaxınlarına, valideynlərinə məlumat verməsi üçün şərait yaradılmalıdır. Onun qardaşı da həbs ediləndə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə getdim. Mənə qarşı orada kobudluq etdilər. Bayıra çıxararaq, axşamtərəfi gəlməyimi tələb etdilər. Axşam getdiyim zaman mənə heç bir məlumat vermədilər. Bütün bunlar qardaşların həbsinin qanunsuz olduğunu sübut edir”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
O. Mansurzadə onu da qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.
“Ailəmdə heç zaman narkoman olmayıb. Bu cür addım atılacağını gözləmirdim. Bu rejimin bizə qarşı bu qədər qəddar olacağını güman etməzdim” – bunu həbs edilən gənc fəalın atası Raqif Kərimov deyib. O, oğlunun həbsinin siyasi sifariş olduğunu bildirib: “Bizim ailədə dövlət əleyhinə təbliğat olmazdı. Biz axı nə etmişik?! Sadəcə qanuni mübarizə yolu ilə gedən adamlarıq. Böyük oğlumun siyasətlə ümumiyyətlə, əlaqəsi yoxdur. Fərəcin və mənim siyasi mənsubiyyətimiz var. Bunu inkar etmirəm. Qanun çərçivəsində hərəkət edən adamlarıq.
Qanunların yol verdiyi qədər mübarizə aparırıq. Bundan sonra bu rejimdən artıq nə görsəm, təəccüblənməyəcəm. Artıq hər şey gözləyirəm. Bundan sonra yenə bir addım mövqeyimdən geri çəkilməyəcəm. Sona qədər haqqımı müdafiə edəcəm. Qanunun tələb etdiyi bütün mübarizə üsulları üzrə hərəkət edəcəm”.
Müsavat Partiyası olayla bağlı bəyanat verib.
“Müsavat Partiyası siyasi xarakter daşıyan bu həbslərin Partiyaya qarşı, azad düşüncəli gənclərə, sosial şəbəkələrin fəal iştirakçılarına, bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bəyan edir.
Raqif Kərimlinin ailə üzvlərinə qarşı həyata keçirilən bu həbslər, iki azyaşlı uşaq atası, heç bir siyasi mənsubiyyəti olmayan Sirac Kərimlinin şərlənərək həbs edilməsindən sonra insult əlamətləri olan anasını təcili yardım maşını ilə Bakı sağlamlıq mərkəzinə müayinədən keçirmək üçün aparan qardaşı Fərəc Kərimovun da saxlanılması eyni zamanda konkret bir ailəyə qarşı qəddarlığın təzahürüdür.
Beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların olmadığını iddia edən Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bloggerləri, siyasi fəalları, QHT nümayəndələrini həbs etməklə faktiki olaraq siyasi məhbuslar siyahısını günü-gündən genişləndirir.
Azərbaycan hakimiyyətinin bu repressiv addımları haqq və ədalət ugrunda mübarizə aparan müasir gəncliyin mübarizə ruhunu qıra bilməyəcəkdir. Gənclərlə mübarizə aparan rejimlərin süquta məhkum olması tarixin qanunauyğunluğudur”, - deyə bəyanatda qedy edilir.
Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimlinin və Fərəc Kərimovun qeyri-şərtsiz olaraq dərhal həbsdən azad edilməsini tələb edir.