“Kəmaləddin Heydərovun göstərişiylə mənə az kompensasiya verirlər”
"Xeberinfo.com": “Nərimanov rayon icra hakimiyyətində oldum. Orada mənə bildirdilər ki, Fövqalədə Hallar Nazirliyi mənim mülkümün hər kvadrat metrinə 1050 manat kompensasiya yazıb. Zirzəmiyə isə 1000 manatdan ödəyəcəklər. Partlayış olan, heç bir kommunikasiya xətləri olmayan zirzəmiyə 1000, ancaq təmirli, hər şəraiti olan mülkümə 1050? Bu nə ədalətsizlikdi?” – bunu “Azadlıq”a açıqlamasında AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq, ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov deyib. Onun sözlərinə görə, mülkünün sahəsi 320 kvadrat metrdir.
Azər Əsgərov deyir ki, FHN-in təyin etdiyi kompensasiya ilə razı deyil: “Ölkə başçısı adi sökülən evlərə 1500 manatdan kompensasiya verir. Mənim isə mülkümə heç nə olmamışdı, partlayış zirzəmidə baş vermişdi. Kəmaləddin Heydərovun xüsusi göstərişiylə mənə bu qədər kompensasiya verirlər”.
Mülk sahibinin sözlərinə görə, Kəmaləddin Heydərovu və onun müavini Orucəli Hacıyevi də məhkəməyə verib, onlardan 3 milyon yarım pul tələb edir: “Mülkümü qeyri-qanuni sökdüklərinə görə hər iki şxəsi məhkəməyə vermişəm. 2 milyon manat mülkümə görə, 1 milyon manat isə mənəvi təzminat tələb edirəm. Mülküm sökülən zaman əşyaları apardılar. Mənə bir stulda verilməyib. 500 min manatda bunun müqabilində istəyirəm”.
Azər Əsgərov onu da qeyd etdi ki, FHN indiyə qədər onun mülkünə kompensasiya vermirdi: “Deyirdilər ki, bizlik deyil. İndi isə 1050 manatdan ödəmək istəyirlər. Tikintiyə nəzarət idarəsi mülkümü qiymətləndirib. Bu məbləği ona görə təyin ediblər ki, qərargahı AXCP-yə kirayə vermişəm, Kəmaləddin Heydərovu dinləməmişəm”.
Azər Əsgərovun vəkili Namizəd Səfərov isə bizimlə söhbətində bildirdi ki, deyilən kompensasiya mülk sahibini qane etmir: “Ərazidəki qeyri-yaşayış sahəsinə bu qədər məbləğ ödəyirlər. Qərəz açıq-aşkar göz qabağındadı. Əminəm ki, başqa vətəndaşlara qeyri-rəsmi olaraq deyilən məbləğdən artıq pul ödənilib”.
Namizəd Səfərov deyir ki, Azər Əsgərova kompensasiyanı vermək üçün onunla alqı-satqı müqaviləsi bağlamaq istəyirlər: “Yəni, ucurulmuş binanı Azər Əsgərov guya başqa bir adama satıb, bunun müqabilində də ona kvadtarına 1050 manatdan pul verirlər. Biz isə bununla razı deyilik. 2 saylı bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişik. Həm Nərimanov Rayon İcra hakimiyyətini, həm Kəmaləddin Heydərovu, həm də Orucəli Hacıyevdən şikayətçiyik. Biz mülkün sökülməsiylə bağlı adları çəkilən hüquqi və fiziki şəxslərdən kompensasiya tələb edirik. Mahiyyət əslində bəllidi. Məhkəmənin qərarını gözləyirik. Bundan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”.