Günahkarı gizlətmək üçün bizə böhtan atılır- Nazirlik
Ekologiya və Təbii Sərvətlər Nazirliyi küçə heyvanları ilə bağlı bəyanat yayıb.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, ölkə ərazisində, küçələrdə sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına görə mediada, sosial şəbəkədə xarici və yerli istifadəçilər ETSN-nin adını qınaq obyekti kimi çəkir.
Nazirlik bəyan edir ki, sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi məsələsi ETSN səlahiyyətinə aid deyil və onun Əsasnaməsi ilə müəyyən edilməyib. Nazirliyin bu sahədə fəaliyyət göstərən səlahiyyətli qurumu yoxdur, bununla bağlı dövlət Nazirliyə hər hansı hüquq verməyib və məsuliyyət müəyyən etməyib.
Nazirlikdən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdəki sahibsiz ev heyvanları ilə rəhmsiz davranışları qınayır. Nazirlik səlahiyyəti daxilində ev heyvanlarına qarşı törədilən bu cür əməllərlə bağlı tədbirlər görür, çoxlu sayda müxtəlif vətəndaşlara qarşı cərimə protokolları tərtib olunub və bir sıra hallarda hüquq-mühafizə orqanlarına təqdimatlar göndərilib.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə baş verənlərə görə Nazirliyin adının hallandırılmasını qeyri-səmimi yanaşma və provokasiya hesab edirik. Çünki bu halda ünvan düzgün seçilməyib və bundan belə nəticə çıxarmaq olur ki, kimlərsə bilərəkdən yanlış məlumat yayır. Məqsəd isə heyvanların mühafizəsi deyil, əsl günahkarları gizlətməkdən, aidiyyəti olmayan şəxslərə şər-böhtan atmaqdan və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaqdan ibarətdir.
Nazirlik bir daha diqqətə çatdırır ki, ünvan səhv salınıb. Başqa idarəetmə orqanlarının bu və ya digər sahədə fəaliyyətinə qiymət vermək isə Nazirliyin işi deyil”, - bəyanatda bildirilib.
Nazirlik sahibsiz ev heyvanları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına xidmət edə biləcək istənilən təklifi öz səlahiyyətləri daxilində müzakirə etməyə və lazım gələrsə dəstəkləməyə hazır olduğunu da bəyan edib.