“Gündəm şok xəbər”-in kollektivindən Şirin Cəfəriyə cavab
"Xeberinfo.com": Şoka düşüblər. Həm də bütün mənalarda. Qurduqları oyunun bir anda iflasa uğraması narahatlıq yaradıb. Elə bu səbəbdəndir ki, Şirin Cəfəri son günlərin media ulduzuna dönərək bəzi saytların əsas qəhrəmanına çevrilib. “Yay məzuniyyətində” olan bu şəxsin istirahətini yarımçıq buraxaraq bəyanatlar verməsinin, “təxribata uğraması” ilə bağlı fikirlər səsləndirməsinin isə tək bir səbəbi var - hər şey onun düşündüyünün əksinə gedir, planlar pozulub və mövqelər itirilir. Odur ki, Cəfəri yenidən meydana atılaraq şou göstərməyə başlayıb. İddia edir ki, guya təxribata məruz qalıb və qəzeti əlindən alınıb. Haray-həşir qoparır ki, “Gündəm xəbər” qəzeti konkret olaraq ona məxsusdur. Ancaq, məntiq elə qurulub ki, sanki o, özü də buna inanmaq və bunun həqiqətən də belə olduğunu qəbul etmək istəmir. Yoxsa, bunu dəqiqəbaşı təkrarlamağa əşhədü ehtiyac varmıdır? Axı, kimsə onun bu hüququnu əlindən almaq və “Gündəm xəbər”ə sahiblənmək iddiasında da deyil. Sadəcə olaraq kimlərinsə (xatırladaq ki, bu güclərin kim olduğu bizə məlumdur) maraqları naminə gündəlik nəşr olunan bir qəzeti qəflətən qapatmaq, sonra isə bunu “yay məzuniyyəti” adlandıraraq təkrar oyuna girmək düşüncəsi yalnız Şirin Cəfəriyə məxsus ola bilər. Onun məzuniyyətdədir dediyi kollektivin böyük əksəriyyəti bu gün iş başındadır və “Gündəm şok xəbər” qəzetini nəşr edir. Əgər Cəfəri unudubsa, açıb “Gündəm xəbər”in son saylarını bir daha oxusun. Bu gün naxələflikdə ittiham etdiyi kollektiv bütün yay fəsli boyunca əmək haqqı almadan işləməyə razı olmuşdu. Qəzeti ayaqda saxlamaq üçün bir kollektivin bundan böyük FƏDAKARLIQ göstərməsi mümkünsüzdür. Ancaq, indi naxələflikdən danışan Şirin Cəfəri hər şeyin üstündən xətt çəkərək kimlərinsə diqtəsi ilə bu gün “yay məzuniyyəti” adlandırdığı oyuna getdi və kollektivi yarı yolda buraxdı. Şirin Cəfəri nədənsə özünü “Gündəm xəbər” qəzetinin baş redaktoru kimi təqdim edir. Ancaq bir daha bildiririk ki, o, baş redaktor vəzifəsini bir gün də olsa icra etməyib və ümumiyyətlə onun ali təhsili yoxdur. Hər halda qəzetin sahibi olmaqla qəzetin baş redaktoru olmaq anlayışları eyni deyil.
Uzun müddət “Gündəm xəbər” qəzetinin formalaşmasında, ayaqda qalmasında böyük əmək sərf edən bir kollektivə qarşı haqsızlıq edən, öz maraqlarını təmin etmək üçün onları yarı yolda buraxaraq separat danışıqlara gedən Cəfəri əslində bu gün varlığını qəbul etmək istəmədiyi “Gündəm şok xəbər” qəzetinin yaradılmasına özü razılıq vermişdi. Qəzetin kollektivi onu sona qədər gözlədi, onun bütün problemlərinin həll olunması üçün hər şeyi etməyə hazır olduğunu bildirdi. Lakin, ona qarşı böyük hörmət qoyan kollektivə qarşı yalançı çıxan, onları sadəcə olaraq aldadan Cəfəri kimlərinsə diqtəsi ilə özü-özünü qurban verdi. Bu gün “hər şeyi” adlandırdığı “Gündəm xəbər” qəzetini bir andaca özünün və ona havadarlıq edənlərin maraqlarına xidmət edərək qapatdı. Bu addımı atarkən kollektivin ümumi rəyinə məhəl qoymadığı halda nədənsə indi tez-tez həmin insanların məzuniyyətdə olduğunu bəyan edir. Axı heç kim məzuniyyətdə deyil. Sadəcə bu insanlar üçün “Gündəm xəbər” dönəmi bitib. Bu gün həmin kollektiv qanuni yolla “Gündəm şok xəbər” qəzetində fəaliyyətlərini davam etdirirlər.
“Gündəm xəbər” qəzetinin son baş redaktoru Nicat Mahmudov olub. Cəfəri indi iddia edir ki, guya yeni nəşr olunan “Gündəm şok xəbər” qəzeti ona qarşı kimlərinsə qurduğu oyunun tərkib hissəsidir. Əslində Şirin Cəfəri özünün dediyi kimi “üst qurumunu” aldadaraq bir əlində bir neçə qarpız tutmaq məqsədilə çirkin oyun oynayırdı. Sadəcə kollektiv bu çirkin oyunda iştirakçı olmamaq üçün qəti addım ataraq kənara çəkildi. “Gündəm xəbər” qəzetinin keçmiş əməkdaşları ilə “Şok xəbər” kollektivi birləşərək tam yeni bir layihə olan “Gündəm şok xəbər” qəzetinin nəşrinə başladı. Əgər Cəfəri unutmayıbsa, yeni qəzetin, yəni “Gündəm şok xəbər”in yayım şirkətləri ilə bağlanan müqavilələrinin formasını öz “gözəl hüsn-xətti” ilə yazmışdı. Həmin sənəd “xatirə”olaraq hələ də redaksiyamızda saxlanılır.
Baş verənlər Cəfərinin anlaşdığı bir çox saytların “bir-birini əvəz edən rayonlar” razılaşmasını da pozduğu üçün bəziləri həvəslə onun bəyanatlarını tirajlamaqla məşğuldur. Lakin, “Gündəm şok xəbər” heç vaxt belə çirkin oyunların iştirakçısı olmaq niyyətində deyil. Biz qəzetçiliyin belə “reket” formalarından çox uzağıq. Cəfəri üçün çirkin oyunlar quraraq başqalarını aldatmaq yeni prinsip deyil. Onun hansı yollarla dövlət orqanlarını aldatması da hər kəsə aydındır. Bu gün Şirin Cəfəri tez-tez qeyd edir ki, üzərində 3 il şərti iş və 71144 manat cərimə borcu var. Bütün bunlar isə onun hansı idarəetmə və qəzetçilik qabiliyyətinə malik olduğunu sübut edir. Külli miqdarda borcu olan Cəfəri hesablarına qadağan qoyulmuş “Gündəm xəbər” qəzetini MMC-yə çevirərək yeni hesab açaraq redaksiya kollektivini və vergi orqanlarını aldatmaqla böyük bir maxinasiya aparmışdır. Bunun isə cinayət olub-olmamasına hüquq-mühafizə və vergi orqanlarına ünvanlayacağımız müraciətdən sonra təbii ki, aydınlıq gələcəkdir.
“Yay məzuniyyətində” olan Cəfəriyə isə məsləhətimiz odur ki, özünü reklam etmək üçün başqa yollar axtarsın və əgər qəzetçiliyə bu qədər sevgisi varsa, yeni kollektiv formalaşdıraraq fəaliyyətə başlasın. Belə bəyanatlarla gül kimi “məzuniyyətinin” dadını qaçırtmasın. Sonda onu da qeyd etmək istərdik ki, nədənsə çıxışlarında Şirin Cəfəri tez-tez “oyun” ifadəsindən istifadə edir. Hətta “uşaq oyununda iştirakçı olmaq istəmirəm” deyə bildirir. Haqlıdır, onun iştirakçısı olduğu oyunlar uşaq oyunları deyil, sadəcə hər şeyi oyun təfəkkürü ilə qəbul etmək məntiqi Cəfərini bu vəziyyətə salıb. Biz heç bir çirkin oyunun iştirakçısı və kiminsə əlində vasitə deyilik. “Gündəm şok xəbər” müstəqil fikrin, azad düşüncənin, demokratik təfəkkürün məhsuludur. Manşetləri diqtə olunan qəzetçilik bizim dünyagörüşümüzə uyğun deyil. Xatırladırıq ki, qəzet təkcə loqodan və təsvirdən ibarət deyil. Onu ayaqda saxlamaq üçün fədakar kollektiv və istedad gərəkdir.
Bir daha Şirin Cəfəriyə bildiririk ki, “məzuniyyətdə” olmadığımız üçün onun “söz oyununda” iştirak etməyə vaxtımız və həvəsimiz yoxdur. İstənilən hüquqi instansiyada da görüşməyə hazırıq.
“Gündəm şok xəbər” qəzetinin kollektivi