Deputatın ev dələduzluğu ortaya çıxdı
Bakı şəhər sakini Ziyafət Ağamirova “Yeni Müsavat”a müraciət edib
"Xeberinfo.com": Z.Ağamirova yaxın qohumu olan modelyer Nərgiz Camalla deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımovdan şikayətçidir. Ağamirova ona məxsus mənzilin adı çəkilən şəxslər tərəfindən ələ keçirdiyini iddia edir: “Nərgiz Camal gedib Vüqar Qasımovun yanına. Deyib ki, adına bir mənzil var, real qiyməti 300 min manatdır, həmin mənzili yarı - 150 min manata satır. Bir şərtlə ki, polisdə, prokurorluqda, məhkəmədə onu himayə edəcəklər. Həmin ev bizim evdir. Deputatın qardaşı da razılaşıb. İndi evimizin yerində hündürmərtəbəli ev tikiblər. Evin özülü düz evimizin yerinə düşür”.
Onun sözlərinə görə mübahisə obyekti olan mənzil Bakının mərkəzində, Rəsul Rza küçəsi ilə Mirzəağa Əliyev küçəsində yerləşib: “Modelyer Nərgiz Camal həyat yoldaşımın qohumudur. Onun anası yoldaşımdan xahiş etmişdi ki, Nərgizin Bakıda qeydiyyata düşməsinə kömək etsin. Onların yaşadıqları ev mikrorayonda idi. Həmin vaxt bizim yaşadığımız evin qonşuluğunda – Mirzəağa Əliyev 210 ünvanında qonşumuz evini satırdı və bizə təklif etmişdi. Evi alıb elə Nərgizin anasının adına rəsmiləşdirdik ki, həm də qeydiyyata düşsün. Münasibətlərimiz də çox yaxşı idi deyə heç ağlımıza da gəlməzdi ki, başımıza belə oyun açılar”. Z.Ağamirova deyir ki, 2003-də ildə baş tutan bu alqı-satqıdan bir neçə il sonra evi adlarına keçirmək istəsələr də, hər dəfə məsələ təxirə düşüb: “Evin kupçası bizdə idi. Başımıza bu oyunu açmazdan əvvəl bizim maşın qəzaya düşmüşdü. Nərgiz Camal dedi ki, “Bank Respublika”da Xədicə xanım adlı rəfiqəsi var. Evin kupçasını verin aparıb girov qoyum və pul götürüm. Heç ağlımıza gəlməzdi ki, Nərgiz Camal bizim maşının qəzaya düşməsindən istifadə edər. Gedib bankdan 10 min pul götürüb bizə verdi. Sonradan xırda bir məsələyə görə Nərgiz bizimlə mübahisə etdi və bizi öz evimizdən qovdu. Elə orada dedi ki, baxın sizin başınıza nə oyun açacağam. Sonra bildik ki, o, evimizi banka qoyub 55 min manat pul götürüb. Biz 2 dəfə həmin pulun faizini min manat olmaqla ödədik. Günlərin birində isə bizə deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov zəng elədi ki, gəlin evin məsələsini həll edək”.
Şikayətçi dediyinə görə, yoldaşı V.Qasımovla danışandan sonra bilib ki, N.Camal onların evlərini bankdan girovluqdan çıxararaq tikinti şirkətinə satıb: “Vüqar özü yoldaşıma deyib ki, Nərgiz onu himayə etmələri şərtilə adına olan evimizi yarı qiymətə onlara satıb”.
Z.Ağamirova məhkəməyə üz tutub: “Vəkil Rasim Vəliyev və Nəsimi İcra Hakimiyyətinin hüquq şöbəsinin səlahiyyətlisi bizə dedilər ki, 20 min manat müqabilində evimizi özümə qaytaracaqlar, işi məhkəmədə udacaqlar. İşə hakim Şahin Abdullayev baxdı. İlkin instansiyada işi uddular. Bundan sonra sözlərindən qaçdılar. Sonrakı məhkəmə instansiyalarında bizi uduzdurdular. Dedilər ki, biz ancaq birinci instansiyanı danışmışıq. Kişilərin bu cür yalan danışması mənim xoşuma gəlmədi. Yoldaşım sənədləşmə məsələlərini xoşlamır. Ona görə də bu işlərlə mən məşğul olurdum. Yoldaşım dedi ki, apar vəkillərə 5 min ver. Vəkillərlə görüşəndə onlara dedim ki, sizin bu işdən ötrü məhkəmədə 3 min xərcinizin çıxmasından xəbərim var. Bizdən isə 20 min almısız. Üstəlik, 5 min manat da istəyirsiz. Dedilər nə danışırsan, biz o biri instansiyalarda işi udacağıq. Yoldaşıma da məzəmmət etdilər ki, yoldaşın aranı qatır, işi udmağa imkan vermir.
Beləcə 25 min manat pulumuzu da vəkillər mənimsədi. Bu gün evimiz də, pulumuz da əlimizdən çıxıb. Bu işlərin arxasında isə deputat Əsabil Qasımov dayanır”. Z.Ağamirova bildirib ki, N.Camal onlarla görüşməkdən də yayınır: “Onun yaşadığı ünvana getdik. Gördük ki, qapıya polis qoyub. Bizə Nərgiz Camal açıq-aşkar dedi ki, sizə atmışam, evi də satmışam”.
Şikayətçinin sözlərinə görə deputat Ə.Qasımovun qardaşı V.Qasımov onların bir evini ələ keçirilməsində iştirak etməklə yanaşı, digər evlərinin alqısı zamanı da 5 min manatlarını mənimsəyib: “Tikinti şirkətinə faktiki olaraq Vüqar rəhbərlik edir. O, evimizi satın alanda 5 min manatı sonra verəcəyini deyərək saxlamışdı. Üstündən bir neçə il ötüb, lakin Vüqar 5 min manatımızı vermir. Tələbim budur ki, ya evlərimizi qaytarıb versinlər, ya da evlərimizin pulunu versinlər. Vüqar Nərgizdən evimizi yarı qiymətə alanda bilirdi ki, ev bizimdir. Amma qardaşının vəzifəsi, pulu var deyə bu cinayətə gedib”. Şikayətçi iş üzrə keçirilən məhkəmə prosesində evin alqı-satqısı zamanı saxtakarlıq faktının təsbit olunduğunu da bildirib: “Evin alqı-satqısının notarial qaydada baş tutması üçün qonşuların razılıq ərizəsi olmalı idi. Lakin onlar bizdən belə bir razılıq almayıblar. Buna görə də Xızı rayonunun baş notariusu ilə danışıb pul gücünə saxta razılıq ərizəsi alıblar. Sonradan məhkəmə gedişində həmin razılıq ərizəsində çəkilən qolun yoldaşıma aid olmadığı da sübut olundu”.
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı deputat Ə.Qasımovun münasibətini öyrənmək üçün onunla əlaqə saxlamaq istəyib. Amma deputat israrlı zənglərə cavab verməyib. Onun qardaşı V.Qasımov isə məsələ ilə bağlı danışmaq istəməyib.