Gömrük rəisinin azadlığa buraxılmasının sirri
Mirməhəmməd Seyidov Türkiyədə girov saxlanılırmış
"Xeberinfo.com":Türkiyədə 17 dekabr rüşvət əməliyyatında saxlanılan azərbaycanlı, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa buraxılıb.
Məlumata görə, Mirməhəmməd Seyidov artıq İstanbul reysi ilə Bakıya göndərilir.
Qeyd edək ki, Mirməhəmməd Seyidov Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər.
Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük Idarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş.
“Azadlıq”a daxil olan məlumatlara görə, Mirməhəmməd Seyidovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyəti çoxsaylı cəhdlər edib. Lakin Azərbaycan hakimiyyəti ilə Ərdoğan arasında “nurçu məsələsi” tam həllini tapmadığı üçün Seyidovun azadlığa buraxılması mümkün olmayıb. Sədərəyin gömrük rəisi bir növ girov kimi saxlanılıb. Nəhayət, Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını verdikdən və bununla da nurçulara sarsıcıdı zərbə vurduqdan sonra Seyidovun azadlığa buraxılması reallaşıb. İddia olunur ki, Seyidov məhz bu məsələyə görə azadlığa buraxılıb.