NAXÇIVAN GÖMRÜKLƏRİNDƏ NƏ BAŞ VERİR? –8 ay əvvəl təyin olunan gömrük rəisi işdən çıxarıldı
Sədərək Gömrük İdarəsinin 8 ay əvvəl bu vəzifəyə təyin olunmuş rəisi Əli Novruzov vəzifəsindən azad olunub. Bu barədə Naxçıvandakı mənbə məlumat verib.
Yenixeber.org: Əli Novruzov bu strateji posta ötən ilin iyun ayında – əvvəlki rəis Mirməhəmməd Seyidov gözlənilmədən vəzifəsindən azad olunandan sonra təyin olunmuşdu. Vaxtilə Türkiyədə antikorrupsiya əməliyyatları çərçivəsində həbs olunub, bir neçə ay həbsdə qaldığına görə görə ictimaiyyətin diqqət mərkəzinə düşən Seyidov, həbsdən sonra heç nə olmamış kimi vəzifəsinin başına qayıtmışdı. Lakin bəzi məlumatlara görə, M.Seyidov ötən ilin iyun ayında Naxçıvanın sabiq Daxili işlər naziri Əhməd Əhmədovla işbirliyinə görə vəzifəsindən uzaqlaşdırılmış, bir müddət sonra Naxçıvan MR Kömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdu. M.Seyidovdan sonra Sədərək Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan Əli Novruzovun cəmi 8 ay sonra vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Artıq yeni rəis də təyin olunub – Nicat Mahmudov. N.Mahmudov bunadək Naxçıvan Hava Limanının gömrüyündə işləyib.
Qeyd edək ki, Sədərək Gömrüyünə nəzarət uğrunda hər zaman ciddi mübarizə gedib. Bu da səbəbsiz deyil. Sədərək Gömrüyünə nəzarət, milyonlara nəzarət anlamına gəlir. Uzun illər bu idarəyə rəhbərlik edən məşhur Mübariz Pənahovdan sonra Sədərək gömrüyü tam şəkildə Naxçıvan siyasi hakimiyyətinin nəzarəti altına düşdü. Lakin son illər isə Sədərək gömrüyü uğrunda bu dəfə Naxçıvan hakimiyyəti daxilindəki qruplaşmaların ciddi savaşı başlamışdı. Hazırda Sədərək Gömrük İdarəsinin, bütövlükdə Naxçıvanın gömrük sisteminin MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun tam nəzarəti altında olduğu, hətta Gömrük Komitəsinin sədri Asəf Məmmədovun belə bu postda formal olaraq əyləşdiyi, bütün səlahiyyətlərinin əlindən alındığı bildirilir. İstisna deyil ki, Sədərək Gömrük İdarəsinin 8 ay əvvəl təyin olunan rəisinin işdən çıxarılması da Naxçıvan Gömrüyünə nəzarətin “əl dəyişdirməsindən” qaynaqlanıb.
Maraqlıdır ki, son 2 ildə Azərbaycanda gömrük sahəsində ciddi islahatlar aparılsa da, Naxçıvan Gömrüyünün yeni “sahibi” meydana çıxandan sonra MR iqtisadiyyatında monopoliya birə beş qat artıb. İndi quş quşluğu ilə Naxçıvan gömrüyündən icazəsiz uçub keçə bilməz!
Bu artıq başqa yazının mövzusudur.
Vaqif NƏSİBOV (azpolitika.info)