Saxta diplom satan sabiq direktor həbsdən azad olunub
Azərbaycan müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysov azadlığa çıxıb.
"Xeberinfo.com": Bu barədə xəbəri direktorun yaxın qohumları veriblər. Onların sözlərinə görə, İsa Veysova qarşı iddiaların böyük hissəsi də geri götürülüb və hazırda onun işinə xitam verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, İsa Veysov saxta diplom satışı və qanunsuz xidmətlər müqabilində külli miqdarda rüşvət almaqda təqsirli bilinərək bir müddət öncə həbs edilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda göstərilirdi ki, İsa Veysov “qulluq mövqeyindən istifadə edib saxta sənədlər əsasında filiala müsabiqədənkənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətlər etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan, o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
İsa Veysovun 36 deyil, yüzlərlə saxta diplom satdığı, hətta valideynlərin buna görə onun Qazaxda yerləşən villasını yandırdığı, həbsindən sonra isə keçmiş işçilərinin valideynlərlə münasibətləri yoluna qoymağa çalışdığı barədə xəbər vermişdik. Mənbə bildirirdi ki, İsa Veysovun azadlığa çıxması üçün iş aparılır və valideynlərin iddialarını geri çəkməsinə və nəticədə keçmiş direktorun azadlığa çıxmasına çalışılır.
İsa Veysovun aldatdığı vətəndaşların pulunu qaytarmaq üçün Bakıda yerləşən və dəyəri milyonlarla ölçülən villasını satışa qoyduğu da bildirilirdi.
Bütün bunlara baxmayaraq, iyunun 16-da həbs olunan keçmiş filial direktorunun bir ay tamam olmamış, yəni məhkəmənin seçdiyi müddətdən də tez bir zamanda (apelyasiya şikayətinin isə vaxtı keçib) həbsdən azad olunması təəccüblə qarşılanmaya bilməz.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, Prokurorluq işi məhkəməyə verib, ona görə də məsələyə münasibət bildirə bilməzlər.
Faktı araşdırmağa çalışırıq.