Müdafiə naziri istefa ərizəsi yazıb
"Xeberinfo.com": Daxili Qoşunların keçmiş komandanı, general-polkovnik Zakir Həsənov müdafiə naziri kürsüsünə təyin olunandan sonra bir sıra islahatlara, kadr dəyişikliklərinə başladı. Ordunun daha da güclənməsi, müşahidə olunan neqativlərə son qoyulması yeni nazirdən cəmiyyətin əsas gözləntiləri idi.
Etiraf edilməlidir ki, Zakir Həsənov bu gözləntiləri doğrultmaq üçün konkret addımlar atıb. Onun müdafiə naziri təyinatından sonrakı ilk aylarda tez-tez cəbhə bölgələrindəki hərbi hissələrə getməsi və bu səfərlərdə naziri baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müşayiət etməsi cəmiyyətdə “nəhayət, Azərbaycan ordusundakı uzun illərdir hökm sürən müdafiə naziri-Baş Qərargah rəisi qovğasına son qoyuldu” fikrini yaratmışdı.
Lakin son vaxtlar yayılan informasiyalardan belə görünür ki, yeni nazirlə Nəcməddin Sadıqovun dostluğu uzun çəkməyib. Müdafiə Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb. Buna səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat xarakterli addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi göstərilir.
Redaksiyaya daxil olan məlumata görə, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan cənab Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar.
Son aylarda Müdafiə Nazirliyi sistemində Rusiyaya yaxınlıq ilə tanınan generalların məhz Baş Qərargah rəisinin göstərişi ilə ciddi hərəkətə keçdiyi də verilən xəbərlər sırasındadır.
Xəbərlərdə vurğulanır ki, Rusiyaya yaxınlığı ilə seçilən yüksək rütbəli hərbçilərin sıraları Müdafiə Nazirliyində o həddə genişlənib və təsir imkanları o dərəcədə artıb ki, nazirliyə Daxili Qoşunlardan gəlmiş general Zakir Həsənovun iradəsindən kənar prosesləri həyata keçirə bilirlər.
Nazir isə ordudakı problemlərə son qoymaq, Azərbaycan ordusunu NATO standartlarına tam uyğun gələn ordu səviyyəsinə qaldırmaq üçün gələrkən nəzərdə tutduğu planları gerçəkləşdirməkdə çətinlik çəkir. Onun bu planları çox ciddi maneələrlə qarşılaşır.
Redaksiyamızın əldə etdiyi şok informasiyaya görə, Zakir Həsənov normal islahatlar keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sabotajla üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib. Mənbənin dediklərinə inansaq, general-polkovnik prezidentə belə vəziyyət davam edəcəksə, ona mane olan qüvvələr zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində qalmağının mənasız olduğunu və istefasının qəbul olunmasını xahiş edib.
Mənbə iddia edir ki, Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən çıxarılacağı barədə təxminən iki həftə əvvəl mediaya sızan informasiya da təsadüfi deyil. Həmin informasiya məhz Zakir Həsənovun İlham Əliyevə sözügedən məruzəsindən dərhal sonra mediaya sızıb. Bu isə nazirin prezidentdən dəstək və hansısa ciddi mesaj aldığı barədə ehtimalları irəli sürməyə əsas yaradan nüans sayıla bilər.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.