Bankirlər dolları “qara bazar”a çıxarır- ŞOK İDDİA
Bir həftədən çoxdur ki, ölkə bankları xarici valyuta satışını dayandırıblar.
Xeberinfo.com: Banklar bunu daxili qərar adlandırsalar da, ekspertlər növbəti devalvasiya ehtimallarından narahatdırlar. Manatın növbəti və kəskin dəyər itirməsinin sentyabrın sonunda olacağı ehtimal edilir. Üstəlik, keçirilən valyuta hərraclarında xarici valyuta almaqla tələbatını ödəyə bilmədiyini göstərməyə çalışan bankların aldıqları dolları “qara bazar”a çıxardığı iddiaları da var...
Bildirilir ki, hazırda 15-ə yaxın bank valyuta satmır. “Respublika” bankından “Turan” agentliyinə satışın dayandırılmasının səbəbini izah etməyiblər, yalnız “bu qərarın bank daxilində qəbul edildiyini” qeyd ediblər. “Atabank” və “AFB” bankda isə deyiblər ki, artıq bir neçə gündür dollar satmırlar. “Nikoil” bankında avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər. Qeyd edək ki, avqustun 31-də 29 kommersiya bankı hərracda ölkənin Neft Fondunun çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumatlara görə, satış tələbatı dəfələrlə yüksək olub.
İqtisadçı Samir Əliyev hesab edir ki, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır. “Bunun mümkün devalvasiya ilə bağlı olduğunu düşünmürəm” deyə, o bildirib. “Banklar ilk növbədə nağd valyutanı idxal əməliyyatları üzrə öz müştərilərinə satır. Yalnız qalan hissə bütün arzu edənlərə satılır. Hazırda bankların artıq pulu yoxdur” deyə, S.Əliyev əlavə edib.
Ekspert Azər Mehtiyev musavat.com-a açıqlamasında bildirib ki, fakt odur ki, ölkədə ciddi dollar qıtlığı mövcuddur: “Artıq dollar hərraclarında da görürük ki, bankların tələbatları hərraca çıxarılan dollar təklifini on dəfədən çox üstələyir. Düzdür, ola bilsin, banklar öz tələblərini daha çox göstərirlər ki, heç olmasa, müəyyən vəsait əldə edə bilsinlər. Ancaq eyni zamanda, banklar öz müştərilərinin dollara olan tələbatını ödəyə bilmirlər. Korporativ müştərilərlə işləməyə üstünlük verirlər. Dollara tələbatı artıran başqa bir səbəb odur ki, ölkəyə dollar gəlməsi kəskin şəkildə məhdudlaşıb. Neftin qiymətinin aşağı düşməsi nəticəsində gələn valyuta azalıb. Ölkəyə əsasən dollar neft-qaz satışından gəlir. Neft və qazın qiymətinin kəskin aşağı düşməsi ölkəyə dollar idxalını kəskin şəkildə azaldıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, son vaxtlar dövlət büdcəsindən TANAP layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayrılması ilə əlavə manatın dollara çevrilməsinə ehtiyac yaranır”.
Müsahibimizin sözlərinə görə, faktiki olaraq dollar qıtlığı şəraitində manatın məzənnəsinin saxlanılması problemdir: “Çünki Mərkəzi Bankın da valyuta ehtiyatları aşağı səviyyədədir. Neft Fondunun vəsaitinin bundan sonra manatın məzənnəsinin sabitləşməsi üçün imkanları məhdudlaşıb. Düzdür, hələ ki, Neft Fondunun müəyyən qədər aktivləri var. Narahatedici məqam ondan ibarətdir ki, 2015-ci ağır ili yola verdik. Ancaq hələ də nə Mərkəzi Bankın, nə hökumətin ciddi şəkildə ortaya qoyduğu araşdırma, tədqiqatlar yoxdur ki, ümumiyyətlə manatın taleyi ilə bağlı real vəziyyət nədən ibarətdir? Bu ajiotajın yaranması səbəbləri nə ilə bağlıdır? Hansı həqiqi ideal iqtisadi tələblərdən formalaşır? Ajiotajın qarşısını hansı formada almaq mümkündür? Bu suallar cəmiyyəti narahat edir və manata olan basqıların güclənməsinə səbəb olur”.
A.Mehtiyev qeyd edib ki, manatın hansı həddə qədər ucuzlaşacağını söyləmək bir qədər çətindir:“Azərbaycanda hökumətin siyasətini proqnozlaşdırmaq mümkün deyil. Hökumətin siyasəti şəffaf, açıq deyil. Belə yanaşmanın olması ona gətirib çıxara bilər ki, hər an ən müxtəlif hadisələr baş verə bilər. Düzdür, Mərkəzi Bank hesab edir ki, artıq ötən ilin dekabrından manat üzən məzənnəyə keçib. Ancaq gözlə gördüyümüz odur ki, əvvəlki formada tənzimlənir. İndiki məhdudlaşdırma iqtisadi fəallığı aşağı salan amildir. Gözlə görünən odur ki, manatın məzənnəsi qaçılmaz şəkildə düşməkdə davam edəcək”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, sentyabrın sonuna qədər manatın devalvasiyası qaçılmazdır: “Sentyabrın sonuna qədər məsələ bitməlidir, belə çox davam edə bilməz. Faktiki Mərkəzi Bank və Neft Fondunun valyuta bazarındakı passivliyi ona gətirib ki, qara bazar güclənib. Buna görə də vəziyyət çox davam edə bilməz. Burada iki yol var. Ya Mərkəzi Bank sentyabrda kəskin devalvasiyaya getməlidir. Yəni Mərkəzi Bank valyuta ehtiyatlarının azalmasını istəmir, söhbət bundan gedir. Ona görə dollarını satmır. Mərkəzi Bank istəyir ki, Neft Fondu dollarını satsın. Neft Fondu da valyuta ehtiyatlarının azalmasını istəmir. Amma bunu istəmirlərsə, onda Mərkəzi Bank devalvasiyaya getməlidir. Dollar alınsa belə, yeni məzənnə ilə alınacaq. Bu da dollar alanlara o qədər də sərf etməyəcək. Əgər Mərkəzi Bank devalvasiyaya getməsə, başqa variant odur ki, Neft Fondu xaricdəki aktivlərini, ehtiyatlarının bir hissəsini bazara çıxarmalıdır, satmalıdır. Və ölkəyə əlavə dollar gətirməlidir, dollar gətirəcək və bu halda bir müddət devalvasiyadan qaçmaq olar. Amma mən inanmıram ki, belə olsun. Mənə elə gəlir ki, birinci variant daha çox gözləniləndir ki, sentyabrın sonunda devalvasiya olacaq”.