Fətullahçı nazirlərin adları açıqlandı
FETÖ Türkiyəni 1 həftə işıqsız qoyacaqmış
Xeberinfo.com: Bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun “sağ qolu” kimi tanınan Nurəddin Verən AKP içərisindəki Gülən tərəfdarı nazirlərin adlarını açıqlayıb.
“CNN Türk”də proqramlardan birində qonaq olan N.Verən açıqlamasında AKP-çi keçmiş nazirlər Cəmil Çiçək, Əbdülqadir Aksu, Bülənt Arınç və Vəcdi Gönülün gülənçilərlə birlikdə olduğunu dilə gətirib: “Mən həqiqəti deyirəm. Indi çıxıb ”yanılmışıq” deyə bilərlər. 2008-2009-cu ilərdə gedib onlarla üz-üzə söhbət elədim, məni dinləmədilər”.
Qeyd edək ki, Bülənt Arınç və Cəmil Çiçən bir neçə il Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini də icra ediblər. Onlar AKP içərisində ən nüfuzlu şəxslərdən sayılıblar və hazırki prezident Ərdoğanın baş nazirliyi dövründə ona ən yaxın nazirlərdən olublar. Hər iki siyasətçi bir müddət partiyanın sözçülüyünü də edib.
Vecdi Gönül uzun müddət Müdafiə Nazirliyinə rəhbərlik edib. O, ən son Əhməd Davudoğlunun dövründə müdafiə naziri olub. Əbdülqadir Aksu isə AKP-nin ilk nazirlərindən biri olub. O, Ərdoğan hakimiyyətinin ilk illərində gömrük naziri postunu tutub.ÿ
Ankara bələdiyyə sədri Melih Gökçək sosial şəbəkələrdə Fətullah Gülən üzvləri tərəfindən yayılan “14 avqustu gözləyin. Çox gözəl şeylər olacaq!” mesajları ilə bağlı sensasion məlumat açıqlayıb.
Türkiyə KIV-nin məlumatına görə, vətəndaşlara səslənən bələdiyyə sədri Gülən camaatı üzvlərinin avqustun 14-də bütün Türkiyəni bir həftə işıqsız qoymağı planladığını deyib və bu təxribatdan xəbərdar olduqlarını bəyan edib.ÿ
Gökçək bildirib ki, Gülənçilər ölkədəki böyük işıq stansiyalarında təxribat törədərək Türkiyəni qaranlığa qərq etməyi hədəfləyibmiş: “Ancaq artıq bu plandan xəbərimiz olduğu üçün bunu edə bilməyəcəklər”(lent.az).
Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə kompensasiya ödəyəcək.
“CNN Türk”ün xəbərinə görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.ÿ
Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar. Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.
Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı yaralananlardan 117 nəfərinin xəstəxanalardakı müalicəsinin hələ də davam etdiyini deyib.
Nazir yaralılardan 18-nin vəziyyətinin ağır olduğunu bildirib. 117 yaralıdan biri Malatyada, 2-si Sakaryada, 114-ü isə Ankara və Istanbuldakı xəstəxanalarda müalicə olunur.
Bu arada, Fətullah Gülən Türkiyənin onun həbsinə qərar verməsindən sonra ölkədəki məhkəmə sistemini tənqid edib: “Yaxşı məlumdur ki, Türkiyədə məhkəmə sisteminin hüquqi mütəqilliyi yoxdur. Ona görə də bu qərar prezidentin avtoritarizmə doğru və demokratiyadan uzaqlaşan daha bir addımıdır”.
Qeyd edək ki, Istanbul məhkəməsi F.Güləni 15 iyul çevrilişə cəhdin arxasında dayanmaqda ittiham edir. Gülən məhkəmənin qərarının onun mövqeyinə təsir etmədiyini bildirir: “Türkiyə məhkəməsinin həbsimlə bağlı qərarı mənim vəziyyətimdə və baxışlarımda heç nəyi dəyişmir. Mən dəfələrlə Türkiyədəki çevriliş cəhdini pisləmişəm və orda iştirakımla bağlı ittihamları rədd etmişəm”.