Hacıbala Abutalıbovun adamları belə pul qazanırlar - FOTOLAR
“Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər...”
Xeberinfo.com: Bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 15 aprel tarixli iclasında prezident İlham Əliyev demişdi.
Elə prezidentin bu çıxışından sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov təcili olaraq, “əli çubuqlulara” alternativ axtarmağa başladı. İlk olaraq 2014-cü il, mayın 12-dən Bakının bir neçə nöqtəsində park-terminalların quraşdırılmasına başlanıldı.
İndi isə Bakının elə bir nöqtəsi yoxdur ki, orada park-terminal olmasın. Ara küçələr, səkilər, hətta yaşıllıqlar belə, ödənişli dayanacaq kimi sürücülərin xidmətinə verildi, park-terminallar quraşdırıldı.
Əslində, park-terminallar quraşdırılmağa başlayarkən gözlənilən o idi ki, avtomobillərin hərəkətinə mane olacaq, tıxacların yaranmasına səbəb olacaq yol kənarlarında avtomobillər saxlanmasına icazə verilməyəcək və özbaşınalıq edən sürücülər bundan sonra səkilərdə avtomobil saxlamayacaq. Lakin gözlənti bu olsa da, hazırda müşahidə etdiklərimiz tam fərqlidir.
İndi fərqlilik yalnız “əli çubuqlular”ın yerinə dayanacaqlarda standart formalı BŞİH əməkdaşlarını görməyimizdir. Yol kənarlarında, səkilərdə, ağacların arasında, ara məhəllələrdə olan bütün boş ərazilər artıq ödənişli dayanacaqlara çevirilib.
Yəni, ödənişini et, maşını harada istəsən, orada saxla... Elə bu özbaşınalıqlar, yol kənarlarındakı ödənişli dayanacaqlar çox vaxt tıxacların yaranmasına səbəb olur.
Paytaxtın mərkəzi küçələrində bu hallara rast gəlinməsə də, ətraf küçələrdə, yol kənarlarında quraşdırılan saysız-hesabsız parkomatlar bu cür tıxacların yaranmasına səbəb olur.
Bakının dar küçələrinin bir hissəsi ödənişli dayanacaqlara ayrıldığından tıxacların yaranması qaçınılmaz olur. Həmçinin bəzi küçələrdə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərin də ödənişli dayanacaqlar kimi istifadəyə verilməsi halları da müşahidə olunur.
Bu da öz növbəsində piyadaların hərəkətinə ciddi problemlər yaradır. Səkilərdə maşınların park edilməsi piyadaların həyatını təhlükəyə atır. Belə olan halda piyadalar məcburi şəkildə avtomobil yolu ilə hərəkət etməli olurlar.
Belə hallar daha çox ticarət mərkəzlərinin, bazarların ətrafında müşahidə olunur. Məsələn, bu cür vəziyyət artıq uzun müddətdir ki, “Xalqlar Dostluğu” ticarət mərkəzinin ətrafında da höküm sürür.
Səkiyə BŞİH tərəfindən vurulan elanda bildirilir ki, bu ərazi ödənişli dayanacaqdır. Sürücülər də ödəniş edərək, səkidə avtomobil saxlayırlar. Piyadalar isə hərəkətdə olan maşınların arasından yollarına davam etməyə çalışırlar.
Ümumi mənzərə belədir ki, BŞİH əməkdaşları avtomobil girə bilən hər yerdən pul qazanmağa çalışır. Hətta yaşıllıq ərazilərdə, ağacların arasında, məhəllə küçələrində belə parkomatlar quraşdırılıb. Bu cür anormal hallara şəhərin müxtəlif yerlərində rast gəlmək mümkündür.
Nizami rayonu ərazisində də bu cür hallar müşahidə olunur. Rayonun Qara Qarayev prospektində yaşıllıqlar arasında parkomatlar quraşdırılıb.
Ağacların arasındakı boş ərazilər parkinq kimi istifadə olunur. BŞİH əməkdaşları bacardıqları qədər boş əraziləri israf etməməyə, Bakının hər qarışından pul qazanmağa çalışırlar.
Musavat.com