Müdafiə Nazirliyi qohum - əqrabalar klubuna çevrilib
“Sizi yalançı və saxtakar general kimi davamlı ifşa edəcəyimə söz verirəm!”
"xeberinfo.com": Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamlar irəli sürüb. Müdafiə naziri Zakir Həsənovu “tam təsadüf nəticəsində” bu vəzifəyə təyin olunmuş şəxs adlandıran Ü.Cəfərov, onu “yalançı və saxtakar” general kimi ifşa edəcəyinə söz verib. Hərbi ekspert özünün Feysbuk səhifəsində yazır: “Hörmətli dostlarım! Dünən saat 20.33 radələrində müdafiə naziri Zakir Həsənovun və onun birinci müavini Nəcməddin Sadıqovun birbaşa göstərişlərinə əsasən, mənim FB səhifəm yenidən ələ keçirilmiş və orada mənə hədə-qorxu dolu sözlər ünvanlanmışdır. Bu hadisənin çoxlu şahidləri var və onlar da səhifəmi ələ keçirən, özünü “Azərbaycan ordusunun gələcəyi” adlandıran atası-anası bəlli olmayan bir məxluqa başa salmağa çalışmışlar ki, etdiyi hərəkət cinayət tərkiblidir və bu yaramaz hərəkətdən əl çəksinlər. Artıq-əksik hərəkətlərin olmaması üçün mən müvəqqəti də olsa o səhifənin bağlanmasına nail oldum…
Burdan müdafiə naziri general-polkovnik Zakir Həsənova və onun birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqova səslənirəm: Sizin mənə qarşı atdığınız addımlar, qeyri-qanuni hərəkətləriniz və cinayət tərkibli qərarlarınız bumeranq kimi sizin özünüzə və yaxınlarınıza dəyəcək. Siz elə düşünməyin ki, məni müxtəlif yollarla şantaj etməklə, hədə-qorxu gəlməklə susdura biləcəksiniz. Müdafiə naziri postunda tam təsadüf nəticəsində oturdulmuş Zakir Həsənova deyirəm: Bir gün belə döyüşdə olmadığınız halda özünüzü guya hansısa döyüşlərin iştrakçısı adlandırırsınız. Sizi yalançı və saxtakar general kimi davamlı ifşa edəcəyimə söz verirəm! Qoy Azərbaycan xalqı tanısın ki, onun bir gün də olsun döyüşlərdə iştrak etməyən, çiynində general-polkovnik paqonlarını daşıyan naziri müharibə aparmaq haqqında deyil, gecə-gündüz onun qeyri-qanuni əməllərindən danışan və yazan insanlarla haqq-hesab çəkmək haqda düşünür. Onun müdafiə naziri postuna təyinatından sonra Müdafiə Nazirliyi sözün əsil mənasında “dostlar və qohum-əqraba klubuna” çevrilmişdir. Bu şəxs heç bir qanunlara məhəl qoymadan yaxın dostlarını (lazım olsa onların adlarını bir daha açıqlayacağam), bacanağını, simpatiya bəslədiyi zərif cinsin nümayəndəsini MN sistemində yüksək postlara təyin edib. Soruşmaq lazımdır bu generaldan; bəlkə o MN-ni artıq özəlləşdirib, millətin bundan xəbəri yoxdur?
Baş Qərargah rəisi vəzifəsindən çoxdan çıxarılmalı olan general-polkovnik, Dağıstanın Milli Qəhrəmanı Nəcməddin Sadıkov! Bu şəxs artıq Ginnesin Rekordlar Kitabına düşməyə layiq adamdır. 20 ildən artıqdır ki, SQ-ə rəhbərlik edir. Bu illər ərzində bu şəxs Azərbaycan Respublikasının dövlət dilində hələ də sərbəst şəkildə nə danışa, nə də yaza bilir. Bir də 20 ildən artıq Azərbaycanda hərbi sahədə mühüm post tutmuş bir şəxs hansı xidmətlərinə və fəaliyyətinə görə bizə heç də isti münasibəti olmayan, düşmən dövlət olan Ermənistana havadarlıq edən Rusiya Federasiyasının bir subyektinin Milli Qəhrəmanı adına layıq görülüb? Mənə elə gəlir ki, çox tezliklə bütün bu suallara tam aydınlıq gətiriləcək.
Və sonda, Azərbaycan Ordusunun birinci və ikinci şəxslərinə tərs sual: Necə olur ki, Siz Azərbaycan Ordusunun vurğunu kimi özünüzü göstərmək istəyirsiniz, amma doğma övladlarınız müharibə şəraitində olan dövlətin tamam başqa – gəlirli, əlverişli sahələrini əhatə edən strukturlarının sıralarında özlərinə çox komfortlu və rahat xidmət yerləri seçiblər? Zakir Həsənovun övladı polis, Nəcməddin Sadıkovun oğlu isə Vergilər Nazirliyi sistemində yüksək vəzifələrdə təmsil olunurlar…
Və ən əsası. Tam məsuliyyətimlə bildirirəm ki, MN-nin indiki rəhbərliyi Ermənistanın bəzi işbazları ilə sıx əlaqədədirlər. MTN-nin 2008-ci ildə düşmən ölkəyə kerosin, yanacaq-sürtkü materialları satmaqda ittiham etdiyi bir dəstənin 9 il müddətinə azadlıqdan məhrum edilmiş başçısı həbsdən azad edildikdən qısa müddət sonra Zakir Həsənov və Nəcməddin Sadıkov tərəfindən elə əvvəlki hərbi hissə komandiri vəzifəsinə təyin edilmişdir. Açıqlamasını yəqin ki, MN özü verər…
Bu gündən başlayaraq, demək olar ki, hər gün mən MN sistemində baş verən özbaşınalıqlar, korrupsiya və rüşvətxorluq, müəyyən maddi maraqlar müqabilində vəzifələrə təyinatlar və digər hallar haqqında Azərbaycan mətbuatına ətraflı məlumatlar verəcəyəm. Azərbaycan xalqının çörəyini yeyib, ona xəyanət edənləri hamı daha yaxından tanımalıdır.”