Azərbaycan İdman Akademiyasında (ASA) əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib.

Yenixeber.org: Zalın açılış mərasimində çıxış edən ASA-nın rektoru Fuad Hacıyev cüdoçuların peşəkar hazırlığının və sağlam həyat tərzinin təşviqinin Akademiyanın əsas prioritetləri arasında olduğunu bildirib. Rektor göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını ifadə edib.

ACF-in baş katibi Rəşad Rəsullu çıxışında üç ildir ki, ASA ilə Federasiya arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib. O, həmçinin bildirib ki, Böyük Britaniyanın Hertfordşir Universiteti ilə birgə cüdo sahəsində praktiki dərslərin təşkili və yeni məşqçilər üçün ixtisasartırma kurslarının keçirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Daha sonra Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen çıxış edərək, ASA və ACF arasında qurulan üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın cüdo biliklərinin yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq arenada da yayılmasına böyük töhfə verdiyini vurğulayıb.