Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Ann Buayonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.
Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub. Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb.
Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.
Vaşinqton görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.
Səfir Ann Buayon, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.