Sabiq nazirin digər bankir qudası da həbs oluna bilər
Çingiz Əsədullayev şoka düşüb, “Azərqaz” Bankda şübhəli hesablar üzə çıxıb, deputatı yaxşı perspektiv gözləmir
"Xeberinfo.com": Məlumata görə, 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmiş, hazırda yenidən seçkilərə qatılmış Çingiz Əsədullayev şok vəziyyətlə üzləşib.
Məlumata görə, Əsədullayevi şoka salan iki hadisə olub.Həmin hadisələrdən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasıdır. Belə ki, sabiq nazirlə quda olan Əsədullayev mandat almaq imkanlarının artıq xəyal olduğunu düşünməyə başlayıb.
Çingiz Əsədullayevi şoka salan ikinci hadisə isə Müşahidə Şurasının sədri olduğu “Azərqaz” Bankda qəfil yoxlamalara başlanılmasıdır. Mənbənin iddiasına görə, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Güman edilir ki, həmin şübhəli hesablar sabiq nazirə və ya onun yaxınlarına məxsusdur. Və araşdırma qrupu da bunu dəqiqləşdirməyə çalışır.
Məlumatda o da iddia olunur ki, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun mandatını itirəcəyi ilə yanaşı, bankdan uzaqlaşdırılacağı, hətta istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər. Qarşı tərəfi də dinləməyə hazırıq.(Jam.az)
Yeri gəlmişkən qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da iddia edib ki, Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Səfir həmçinin idda edirdi ki, mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib.
Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası olub.(AzPolitika.info)