90 saylı dairə ilə bağlı ilginc xəbərlər: “Çovdarovun adamı..."
Cavid Osmanovun və Çingiz Əsədullayevin həbsdəki generalın adamı olması barədə iddialar var
Xeberinfo.com: İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçiriləcək. Seçki kampaniyasının başa çatmasına 10 gün qalıb. İlkin müşahidələr əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov arasında getdiyini göstərir.
Cavid Osmanovun 2005-ci ildən 2015-ci ilədək 90 saylı dairənin deputatı olmuş Çingiz Əsədullayevin adamı olduğu haqda xəbər yayılıb. Agxeber.com saytının yaydığı xəbərdə deyilir ki, özü deputat mandatından məhrum edilən Çingiz Əsədullayevin sözügedən dairəni digər vasitələrlə nəzarətdə saxlamaq planları ortaya çıxıb. Belə ki, 90 saylı Ağdaş seçki dairəsindən hakim partiyanın namizədi kimi seçkiyə qatılmış Cavid Osmanovun sabiq deputatla uzun keçmişə dayanan geniş əlaqələri varmış.
Milli Məclisə təkrar seçkilərdə 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Cavid Osmanov 2005-ci il parlament seçkilərində sabiq deputatın seçki qərargahının sədr müavini olub. Bu seçki prosesindəki xidmətləri bankir deputatla Osmanovu yaxınlaşdırıb və xidmətlərin qarşılığı olaraq icra nümayəndəsi təyin edilib.
Bunun ardınca isə yenə də Ç.Əsədullayevin dəstəyi ilə Osmanov icra başçısının müavini postunu ələ keçirib. Cavid Osmanovun hazırda həbsdə olan general Akif Çovdarovla da zamanında əlaqələrinin olduğu yayılan xəbər sırasındadır.
Xəbərdə həmçinin bildirilir ki, Cavid Osmanova vaxtilə Akif Çovdarovun yaxın adamı kimi tanınan, hazırda Ağdaş Rayon İcra Hakimiyyətində şöbə müdiri postunda olan Əsgərxan Həsənov tərəfindən ciddi dəstək verilir. Məqsəd 90 saylı Ağdaş seçki dairəsini əldə saxlamaqdır.
90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Tamilla Qulami isə “Yeni Müsavat”a açıqlamasında yayılan xəbərlərin Ağdaş əhalisinə çoxdan bəlli olduğunu bildirdi: “Biz seçki kampaniyası başlayandan Ağdaş rayonunda, kəndlərdə əhali ilə görüşlər keçirmişik, hər kəsi dinləmişik.
Cavid Osmanovun Çingiz Əsədullayevin və Akif Çovdarovun adamı olduğu haqda yazılanları Ağdaşda hər kəs bilir. Bizə yerli sakinlər hələ xeyli əvvəldən bu barədə danışmışdılar. Rayon sakinləri deyir ki, Cavid Osmanov hələ 2005-ci ildən Çingiz Əsədullayevin və onun təmsil olunduğu qrupun adamı kimi tanınıb. 2005-ci ildə keçirilən parlament seçkilərində Cavid Osmanov Çingiz Əsədullayevin seçki qərargahının sədr müavini olub. Cavid Osmanovun icra başçısının müavini vəzifəsindən azad edilməsindən bir müddət sonra əvvəlki işinə qaytarılmasının da birbaşa o zamankı deputat Çingiz Əsədullayevin və Akif Çovdarovun köməyi ilə baş verdiyini rayonda bilməyən yoxdur. Bütün Ağdaş əhalisi Cavid Osmanovun, həmçinin Əsgərxan Həsənovun Çingiz Əsədullayevin adamı olduğunu deyir”.
T.Qulami onu da dedi ki, indi Əsgərxan Həsənov icra başçısının birinci müavini vəzifəsini ələ keçirmək istəyir. Ona görə də bütün gücü ilə Cavid Osmanovun deputat olmasına çalışır: “Əsgərxan Həsənov Cavid Osmanovun deputat olmasından sonra boş qalacaq birinci müavin vəzifəsində özünü görür. Cavid Osmanovun da öz yerinə onu təyin etdirəcəyinə söz verdiyi deyilir. Bu cütlüyə indi də Çingiz Əsədullayevin dəstək verdiyi rayonda söylənilir”.
T.Qulami onu da dedi ki, Cavid Osmanovun seçki təbliğatı rayonun inzibati strukturları vasitəsilə həyata keçirilir: “İnsanları təzyiq etməklə, hədələməklə onun təbliğat görüşlərinə toplayırlar. Məktəblərdə, bələdiyyələrdə Cavid Osmanovun təbliğat tədbirləri keçirilir. Bütün bunlara baxmayaraq, əhali açıq şəkildə bəyan edir ki, biz İqbal Ağazadəni deputatımız kimi görmək istəyirik. İqbal Ağazadə qapı-qapı insanlarla görüşüb, təbliğat kampaniyası davam edir. Əhali deyir ki, nə olsun ki, Cavid Osmanov ağdaşlıdır, bizə heç bir köməkliyi dəyməyib, ancaq özünə işləyib bu adam”.
Xatırladaq ki, 90 saylı dairədə ötən il noyabrın 1-də keçirilən deputat seçkisində dairənin o zamankı deputatı Çingiz Əsədullayev yenidən mandat qazanmışdı. Lakin sonradan MSK 90 saylı dairədə seçki pozuntularının olduğunu əsas göstərərək nəticələri ləğv etdi.(Musavat.com)