Eldar Mahmudovun yerinə kimlər gələ bilər?
Dünən prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəfildən vəzifəsindən azad edilməsi, daha sonra da həbs olunması xəbərinin yayılması (həbs xəbəri rəsmi təsdiqini tapmayıb hələ – Strateq.az), həqiqətən, cəmiyyətdə şok effekti doğurub.
"Xeberinfo.com": Çünki Eldar Mahmudov nazir təyin olunduğu 23 iyul 2004-cü il tarixdən keçən bu 11 il ərzində, xüsusən də 2005-20014-cü illər aralığında maddi və siyasi imkanlar baxımından ölkənin 5 ən qüdrətli nazirindən birinə çevrilməyi bacarmışdı. O, nazir təyin olunduqdan az sonra tabeçiliyindəki nəhayətsiz gücün, xüsusən də antiterror əməliyyatları aparmaq adıyla yeni yaradılan və hədsiz geniş səlahiyyətlər verilən qurumun imkanları daha çox rəhmətlik Heydər Əliyevdən qalma hakimiyyət komandasının əsas üzvlərinin əleyhinə yönəldilmiş, demək olar ki, bu komandanın bütün önəmli simalarına qarşı geniş cəbhə açılmışdı.
İlk vaxtlar bu, cəmiyyətə 2003-cü ildə hakimiyyətə gəlmiş yeni və gənc Prezident İlham Əliyevin “köhnə qvardiya” ilə üzülüşmək və cənab Eldar Mahmudovun timsalında yeni komandaya istinad cəhdi kimi qələmə verilsə də, sonradan aydınlaşmışdı ki, əslində bir çox təşəbbüslər yeni nazirin MTN-dəki əlahiddə səlahiyyət verilmiş qurumda birləşmiş adamlarının özfəaliyyətidir. Və bu “özfəaliyyət” isə heç də ümumi işin xeyrinə deyil, əksinə ziyanınadır – hakimiyyət komandası içdən bölünə bilər…
Açıq desək, ilk vaxtlar cəmiyyətin özünün də yeni MTN rəhbərindən gözləntiləri çox idi – düşünülürdü ki, Namiq Abbasov kimi nəhəng fiqurdan sonra onun yerinə təyin olunmuş Eldar Mahmudov, barəsində həmişə mif və əfsanələr dolaşmış bu qurumun işini daha təkmil şəkildə qurmaqla onu hökumət içərisində xalqla yeni seçilmiş gənc Prezident İlham Əliyev arasında etibarlı körpüyə çevirəcək, beləliklə də, cəmiyyətin əsas güvənc və inam yerinə döndərəcək.
Ancaq nə yazıq ki, gözləntilər özünü doğrultmadı. Əksinə, MTN əsas qayəsindən, hədəf və məqsədlərindən uzaqlaşdırıldı, qurumun vacib strukturlarının gücü, diqqəti ölkəni real şəkildə təhdid edən xarici ünsürlərə, separatçılara və terrorçu-ekstremistlərə qarşı deyil, daxili siyasi rəqabətdə mövqe və nüfuz savaşına səfərbər edildi, nazirliyin bir çox əməkdaşı isə müqəddəs peşəsinin imkanlarını sürətlə varlanmaya, “oliqarxlaşma”ya yönəltdi…
Bu da nəticəsi – ilin əvvəlindən etibarən, Azərbaycan həm iqtisadi, həm də siyasi və təhlükəsizlik baxımdan xarici təhdidlərlə və böyük bir xəyanətlə açıq-aşkar üz-üzə qalıb: vəzifə borcu Prezidenti ölkənin gerçək vəziyyəti barədə doğru-dürüst məlumatlandırmaq olan bir qurumun rəhbərinin ən yaxın qohumunun əliylə milyardlarla vəsait gizlicə xaricə çıxarılıb; Suriyada, İraqda, Əfqanıstanda isə azərbaycanlılardan ibarət böyük bir “mücahid ordusu” formalaşıb və hər gün addımbaaddım ölkənin içərisinə doğru irəliləyir…
Biz Eldar Mahmudovun niyə, hansı səbəbə işdən çıxarıldığı haqda hər hansı səhih məlumata malik deyilik. Ancaq görünən odur ki, ya ölkədə yaranmış və ya yarana biləcək hansısa kritik situasiya, ya da ağlagəlməz hansısa konkret səbəb Prezident İlham Əliyevi heç seçkidən sonranı da gözləməməyi, olduqca riskli və cəsarətli bir qərar qəbul etməyə vadar edib…
Və çox maraqlıdır ki, Eldar Mahmudovla bağlı qəbul edilən bu qərar həm də olduqca diqqətçəkən və böyük simvolik mahiyyət daşıyan bir tarixə – 17 oktyabra təsadüf edir.
Bu, o “17 oktyabr”dır ki, düz on il əvvəl – 2005-ci ildə və məhz 17 oktyabrda Azərbaycan hakimiyyətinin ən qüdrətli iki naziri – Əli İnsanov və Fərhad Əliyev də beləcə qəfildən vəzifələrindən azad edilərək, elə kabinetlərindəcə qandallanmış, “dövlət çevrilişinə cəhd” ittihamıyla özləri və tərəfdarları həbsə atılmışdılar…
O zaman bu “17 oktyabr” əməliyyatına məhz Eldar Mahmudovun özü və onun MTN daxilində xüsusi imtiyaz verilmiş bir qurumu rəhbərlik edirdi…
Düz on il sonra isə eyni tarixdə onun özünə eyni aqibət yaşadıldı.
Doğrudur, hələlik rəsmi təsdiqini tapan yeganə fakt odur ki, Eldar Mahmudov nazir vəzifəsindən alınıb. Niyə, hansı səbəbə – bu haqda hələ rəsmi olaraq da heç nə deyilmir. Ancaq dediyimiz kimi, görünən odur ki, Prezidenti belə bir qərar almağa vadar edən kifayət qədər ciddi səbəblər olub və yuxarıda da bu səbəblərdən biri sadalandı.
Məsələdə başqa və diqqətçəkən digər çox mühüm məqam isə Prezidentin bu qərarını Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitindən qayıtdıqdan dərhal sonra verməsidir.
Xatırladaq ki, Prezident İlham Əliyevin də qatıldığı bu görüşdə bütövlükdə MDB məkanındakı proseslərə təsir edəcək önəmli qərarlar qəbul edilib, həmçinin MDB dövlətlərinin xarici sərhəddində “böhran situasiyası”nın həll edilməsi üçün güc strukturlarının əlaqələndirici fəaliyyətini təmin edəcək yeni qurumun yaradılması nəzərdə tutulub. MDB məkanında belə bir koordinasiyanı həyata keçirəcək formatın yaradılması isə o deməkdir ki, vaxtilə ABŞ-ın himayəsiylə bölgədə “antiterror əməliyyatları” keçirmək məqsədiylə yaradılan və dolayısıyla da Qərbin maraqlarını təmin etmək üçün xüsusi xidmət qurumlarının nəzdində yaradılmış bəzi qurumların da fəaliyyətinə ya xitam veriləcək, ya da onlar tam şəkildə yendən qurulacaq.
Mümkün ehtimallardan biri budur ki, Prezident Azərbaycan Milli Təhlükəsizlik nazirini dəyişməklə həm də “yeni dəngələrə” uyğun özünə sədaqətli kadrın bu posta əyləşməsini və onun əliylə də xüsusi xidmət sferasında xarici bağlantısı olan qrupların ləğvini təmin etməyə, ölkəni məhz o “böhran situasiyasına” hazırlamağa çalışır…
Başqa bir tərəfdən – belə bir həssas dönəmdə Milli Təhlükəsizlik naziri postuna sırf Prezidentə bağlı olan bir şəxsin gətirilməsi və güc strukturları arasındakı ziddiyyətin aradan qaldırılaraq, vahid məqsəd istiqamətində səfərbər edilməsi dövlət başçısının qarşıdakı mərhələdə ölkə sərhədləri daxilində də daha arxayın şəkildə hərəkt etməsini və “oliqarx ovu”nu davam etdirməsini təmin etməsi deməkdir…
Şübhəsiz ki, bir çox məsələlər həm də bu post kimin təyin olunacağından da xeyli dərəcədə asılı olacaq.
Bəs, kim təyin olunacaq, kimin şansı daha çoxdur? Hələlik, bu haqda da səhih heç nə bilinməsə də, artıq ölkə mətbuatında indiyədək bu posta hazırlıqlı olan xeyli generalın adı çəkilib. Şanslılar sırasında isə daha çox bu şəxslərin adları üzərində dayanılır:
1. General Əli Nağıyev – Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini
2. General Məhərrəm Əliyev – Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri;
3. General Vəli Ələsgərov – Naxçıvan MR-in Milli Təhlükəsizlik naziri
4. General Elçin Əliyev – Milli Təhlükəsizlik nazirinin birinci müavini
5. General Vahid Əliyev – Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi
O da mümkündür ki, gözlənilməz qərarlarıyla hamını təəccübləndirən Prezident İlham Əliyev heç kimin ağlına gəlməyən, heç kimin gözləmədiyi tamam başqa bir şəxsin adı üzərində dayansın…
Hər bir halda gerçəklik budur ki, Azərbaycanda sürprizlərlə dolu, köhnə dəngələri alt-üst edəcək yeni bir dövr başlanır…(Strateq.az)