Eldar Sabiroğludan Rauf Arifoğluna cavab
“Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında böhtanlarınızı, insanlığa yaraşmayan təhqirlərinizi yaddan çıxarmaq mümkündürmü?”
"Xeberinfo.com": “Eldar Sabiroğlunun nəzərinə çatdırmaq istəyirəm ki, hansı yazını necə vermək həmin qəzetin, saytın işidir. Bunu KİV-dən birmənalı tələb etməyə nə hüquqi baza var, nə də digər öhdəliklər. Ramiz Mehdiyevi kimlərinsə tənqidindən qorumaq kimi öhdəliyimiz yoxdur. Əgər Eldar müəllim kimlərinsə qarşısında Administrasiya rəhbərini davamlı hədəfə almaq öhdəliyi götürübsə, hakimiyyətdaxili qrupların informasiya savaşında killer rolunu oynamaq vəzifəsini üstələnibsə, biz ”Yeni Müsavat” olaraq belə çirkin oyunlarda yoxuq. Qoy getsin bu işdə özünə başqa müttəfiqlər tapsın”.
Bunları “Yeni Müsavat”ın baş redaktorunun birinci müavini Azər Ayxan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun bəzi açıqlamalarına münasibət bildirərkən deyib.
E.Sabiroğlu onunla YAP-çı deputat Siyavuş Novruzov arasında baş verən mübahisə zamanı “Yeni Müsavat”ı tərəf tutmaqda ittiham edib.
A.Ayxan daha sonra deyib: “Mən ”Azadlıq”ı Səfər Əbiyevlə və iqtidardakı digər qrupla ittifaq qurması münasibətilə ürəkdən təbrik edirəm. Eldar Sabiroğlu da bu prosesdə sabiq müdafiə nazirinin, həmçinin hakimiyyətdaxili başqa bir qrupun əsas danışan dilidir. Danışsın. Susmasından danışması daha yaxşıdır. Ən azı arada biz qəzetçilərə mövzu verir bu açıqlamaları ilə. Amma hazırkı iqtidar o qədər də səbirli və demokratik deyil. Vaxtı ilə hakimiyyətdə vəzifə tutub sonra onu tənqid edənlərin aqibəti heç də yaxşı qurtarmır – ya türməyə düşürlər, ya mühacirətə yollanmağa məcbur olurlar. Biz hər iki halda Eldar müəllimə dəstək verməyə hazırıq – Allah qorusun, türməyə düşəcək olsa, məhkəməsindən geniş reportajlar dərc edəcəyimizə bəribaşdan söz verirəm. Mühacirətə üz tutsa, ordan yollayacağı məktubları böyük həvəslə çap edə bilərik. Hesab edirəm o, kifayət qədər məlumatlı adamdır”.
Eldar Sabiroğlunun Azər Ayxana cavabını çox gözləmək lazım gəlməyib. Onun cavabını təqdim edirik:
“Neçə vaxtdır yatıb-yatıb, “Yeni Musavat”ın indi mənə cavab verməsini gülüşlə qarşıladım. Dəmiri isti-isti döyərlər, Rauf Arifoğlu! Niyə bu qədər yubandınız? Yoxsa, müəlliminizin gecikmiş məsləhəti Sizi yuxudan oyatdı… Bunu bilin ki, mənim Sizdən nə tələbim, nə də xahişim ömründə ola bilməz. Bu, şəxsi münasibətlərdən qaynaqlanan bir şey deyil. “Yeni Musavat”ın təmsil olunduğum partiya və müdafiə etdiyim iqtidarı vaxtilə düşməncəsinə hədəf götürməsini heç vaxt bağışlaya bilmərəm. Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında böhtanlarınızı, insanlığa yaraşmayan təhqirlərinizi yaddan çıxarmaq mümkündürmü? Mən o şəxslərdən deyiləm. Şantaj yolu “Yeni Musavat”ın ənənəvi yoludur. Rauf Arifoğlu qardaşı vasitəsilə məni “Azadliq” qəzeti ilə qorxutmağa cəhd edir. Amma bilin ki, bu, boş bir şeydir. Mən heç bir vaxt “Azadlıq” qəzetinə açıqlama verməmişəm. Və bu niyyətim də olmayıb. Sadəcə olaraq, ölkə saytlarına təqdim etdiyim fikirləri “Azadlıq” qəzeti çap edib. Bunu gözə soxmaqda məqsədiniz nədir? Yəni ki, ay iqtidar, Eldar Sabiroğlu bu gun hansı cəbhə ilə əlaqədədir… Yazıqlaq olsun! Görünür mənim polkovnik rütbəm də Sizi cox sıxır. Siz iki qardaşdan fərqli olaraq, mən orduda xidmət etmişəm, 7 il Mudafiə Nazirliyində Silahlı Qüvvələrimizin təbliğatı, Ali Baş Komandanımız cənab İlham Əliyevə sədaqətlə xidmət göstərmişəm.
Yazırsınız ki, əgər həbsxanaya düşəsi olsam və bu zaman Sizdən imdad diləsəm, köməyinzi əsirgəyən deyilsiniz. Ölüm mənimçün daha şərəflidir, nəinki Sizdən imdam diləmək! Bir şeyi xatırladacağam və açıq danışacağam.
Gizli deyil ki, Əli İnsanovla mənim münasibətlərim pis olmayıb. Lakin onu da qeyd edim ki, səhv hərəkətlərinə görə indi bunun altını çəkir. Ancaq onun türmədən Rauf Arifoğlu haqqında xoş sözlər deyərək ictimaiyyətə müraciət etməsini ömrümdə qəbul edə bilmərəm. Rauf Arifoğlu, heç bir zaman Sizdən ümid gözləyə bilmərəm!
Sizi qıcıqlandıran bilirəm nədir. Yenə təkrar edirəm, Allah Ramiz Mehdiyevlə sizin ittifaqınızı bundan sonra daha da möhkəmləndirsin”.
Azpolitika.info