Bu geyimlər vergidən və gömrük rüsumundan azad olunur
Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir.
Yenixeber.org: Bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətində vergi ödəməkdən azad edilir.
Hazırda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə vergidən azaddır.
Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının 2023-cü il martın 1-dən 5 il müddətinə vergidən azad olunması təklif olunur.
“Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişiklikdə isə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Qanunun hazırkı variantında qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə gömrük rüsumlarından azaddır.
Dəyişikliklər ölkədə ərazilərin minalardan təmizlənməsi üçün texnikanın, avadanlıqların, texniki vasitə və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.