“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi inkişafını şərtləndirən başlıca subyekt olacaq.

Yenixeber.org: Bunu iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, Araz Vadisi İqtisadi Zonasında çalışan sahibkarlıq subyektləri 10 illik mənfəət vergisindən, xaricdən gətirilən avadanlıqlar 7 il müddətinə gömrük rüsumlarından və ƏDV-dən azad olunacaq:

"Bu da həm xarici, həm də yerli investorlara stimul verəcək. Digər tərəfdən burada əsasən yüngül sənayə və emal, qida sənayesi müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur ki bu da bölgə sakinlərinin işlə təmin edilməsinə əhəmiyyətli təsir göstərəcək. Digər tərəfdən Araz Vadisi İqtisadi Zonasının coğrafi mövqeyi bölgənin logistik imkanlarını da genişləndirəcək və inkişaf etdirəcək. Kənd təsərrüfatı məhsullarının emalı, saxlanılması və daşınması üçün əlverişli nəqliyyat imkanları yaranacaq ki, bu da orada gələcəkdə çalışan fermerlərin də fəaliyyətini stimullaşdıracaq. Bölgədə istifadəsi nəzərdə tutulan yaşıl və alternativ enerji mənbələrinin quraşdırılması zonada yeni texnologiyaların tətbiqinə geniş imkanlar yaradacaq.

Həmçinin sənaye parkının nəzdində tekstil və toxuculuq müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur ki, bu da bölgədə qadınların işlə təmin edilməsinə kömək olacaq. Araz Vadisi İqtisadi Zonası və Ağdam Sənaye Parkı Qarabağ bölgəsinin Azərbaycanın sənaye və ticarət mərkəzinə çevrilməsində iqtisadi lokomotiv rolunu oynayacaq.

Sənaye parkları bölgənin ÜDM-də payının artmasına və gələcəkdə özünütəminatına imkan verəcək", - deyə ekspert bildirib.