Prezident İlham Əliyevdən təbrik
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin iştirakçılarına təbrik məktubu göndərib
"Xeberinfo.com": Dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli konqres iştirakçıları!
Sizi – müxtəlif ölkələrdən “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinə gəlmiş alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirəm. Ümidvaram ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi Bakı konqresi müasir təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfəsini verəcəkdir.
Ölkəmizdə davamlı surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və ən yeni texnologiyalara uyğun müalicəsini prioritet istiqamətlərdən biri olaraq müəyyən etmişdir. İnkişaf strategiyamıza uyğun şəkildə paytaxt və regionlarda günün tələblərinə cavab verən xəstəxanaların, xüsusi ixtisaslaşmış mərkəzlərin yaradılması əhaliyə kardiologiyanın nailiyyətlərindən lazımınca faydalanmaq imkanı verir. Ürək-damar cərrahiyyəsi üçün tələb olunan yüksəkixtisaslı kadr hazırlığı problemi həm ölkə daxilində, həm də Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində həllini tapmaqdadır. Əminəm ki, müasir kardiologiya sahəsinin aktual problemlərinin konqresdə aparılacaq birgə geniş müzakirəsi Azərbaycanın səhiyyə sisteminin təkmilləşdirilməsi baxımından da önəmli olacaqdır.
Builki konqresiniz Birinci Avropa Oyunları ərəfəsində keçirilir. Sağlamlığın rəhni olan və fəal həyat tərzi təbliğ edən idman da təbabət kimi həmişə insan resurslarının keşiyində dayanır, ölkələrin və xalqların uğurlu əməkdaşlığına, qarşılıqlı anlaşmasına xidmət göstərir. İnanıram ki, işlərinizin gərginliyinə baxmayaraq, ilk Avropa Oyunları ilə bağlı maraqlı hadisələri diqqətlə izləyəcək, daim gözəlləşən və müasirləşən Bakının görməli yerlərini ziyarət edəcəksiniz.
Hamınıza cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram."
Xatırladaq ki, Azərbaycanda Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti mayın 15-17-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir.(azvision.az)