"Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarına növbəti səfəri məzmun baxımdan olduqca zəngin oldu. Ölkə Başçısı işğaldan azad olunmuş ərazilərdə bir neçə istiqamət üzrə planlaşdırılan infrastruktur layihələri barədə ictimaiyyəti məlumatlandırdı. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməlini qoymaqla, “Böyük Qayıdışın” bu gündən başlandığını və 200-dən yuxarı kəndin məhz ən müasir standartlara uyğun bərpa olunacağını elan etdi".
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, “Ağıllı kənd” layihəsi ilə paralel olaraq “Ağıllı ferma”, alternativ və bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, məşğulluq problemlərinin həlli ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunda əhəmiyyətli rolu olacaq:
"Videoformat vasitəsilə bərpa prosesində iştirak edən xarici şirkət rəhbərlərinin ölkə Başçısına verdikləri məlumat və təqdim olunan layihələr hər birimizdə olduqca xoş təəssüratlar yaratdı. Zəngilan sərhəd zastavasının açılışı, yeni alınmış silahların və texnikanın nümayişi həssas bölgədə təhlükəsizlik tədbirlərinə Prezident tərəfindən xüsusi önəm verilidiyinin bariz nümunəsidir. Ağır məğlubiyyətə baxmayaraq, düşmən revanş barədə fikirlərini gizlətmir. Xarici himayədarlarına arxalanaraq yenidən ordu qurmağa cəhd edir. Şəxsən mənim üçün, elə xalqımızın tam əksəriyyəti üçün cənab Prezidentin qətiyyətlə ermənilərə yerini göstərməsi, müharibə dövründə olduğu kimi, hər zaman “Dəmir yumruğun” yerində olduğunu xatırlatması olduqca əhəmiyyətlidir. Ölkə Başçısının qətuyyəti bir mənalı olaraq hər kəsdə özünə inam hissi oyadır. Mən bu fikirləri müharibədə iştirak etmiş hərbçilərin dilindən eşitmişəm. Hesab edirəm ki, bu xəbərdarlıqların Ali Baş Komandanın dilindən eşidilməsi müharibə axtaran erməniləri, proseslərə ayıq gözlə baxmağa vadar edir".
Deputatın fikrincə, Zəngilan beynəlxalq hava limanının təməlinin qoyulması, Zəngilanın yaxın zamanlarda nəqliyyat-loqistik mərkəzinə çevirəcək:
"Zəfər parkının özülünün qoyulması hərb tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək baxımında olduqca əhəmiyyətlidir. Erməni vandallarının tamamilə dağıtdıqları qədim məscidin binası “Heydər Əliyev” fondu tərəfindən inşa ediləcək. Fondun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məscidin əvvəlki ölçülərlə, olduğu kimi bərpa edilməsi, dini dəyərlərimizə verilən ən böyük qiymətdir. Ümumiyyətlə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər bir səfəri bərpa işlərində böyük irəliləyişə səbəb olmaqla, doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan soydaşlarımızın arzularını gerçəkləşdirir. Beləliklə, Prezident İlham Əliyev müharibədə olduğu kimi, tarix yazmaqda davam edir".