Azadlıq Meydanında çadır qurulmasının səbəbi məlum oldu
Bakıda keçiriləcək “Bakı-2015” Avropa Oyunlarına hazırlıqlar davam edir.
"Xeberinfo.com": Bu idman tədbiri Asiya Oyunları, Pan-Amerika Oyunları, Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə oyunları olacaq. Avropa Oyunlarında 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya olmaqla, cəmi 20 idman növü üzrə yarışlar keçiriləcək.
Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş də daxil olmaqla, 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiyadasına təsnifat imkanları veriləcək.
Avropa Oyunlarına daxil edilmiş idman növləri arasında yer alan şosse velosipedi yarışı üçün artıq hazırlıqlar başlayıb. May ayının 6-dan 10-na kimi Bakıda keçiriləcək "Tour d’Azerbaïdjan-2015" velosiped yürüşü üçün artıq görülməli olan işlərə start verilib. Onlardan biri də Azadlıq Meydanında baş tutur.
Belə ki, şosse velosipedi idmanı üzrə yarışların keçiriləcəyi sonuncu mərhələ Hökumət Evinin qarşısında olan Azadlıq Meydanında başlayacaq və İçəri Şəhər də daxil olmaqla, Bakının müxtəlif yerlərindən keçərək 13,5 km-lik məsafəni əhatə edəcək.
Buna görə də, Azadlıq Meydanındakı görülən işlərlə tanış olmaq üçün oraya üz tutduq. Burada Çinin "Piko" şirkəti idmançılar və media təmsilçiləri üçün xüsusi çadırlar quraşdırırlar. Meydanda çadırlardan əlavə metal konstruksiyalardan yığılmış otaqlar da mövcuddur.
Ərazidə çalışan məsul şəxslərdən aldığımız məlumata görə, burada idmançıların müəyyən müddət üçün dincəlməsi, digər işlərin görülməsi və jurnalistlərin rahat fəaliyyəti üçün şərait yaradılacaq: "İdmançılar buradan yarışa start verəcəklər. Ona görə də, qızğın iş rejimində çalışırıq ki, ən qısa zamanda tapşırığın öhdəsindən gələk. Gördüyünüz bütün çadırları və digər qurğuları Çinin "Piko" şirkəti hazırlayır. Burada Çindən gəlmiş bir neçə mütəxəssis də çalışır. Çadırlardan biri jurnalistlər üçün nəzərdə tutulub. Yarış başlayan zaman onların rahat fəaliyyət göstərmələri üçün əlimizdən gələni edəcəyik".
Məlumat üçün qeyd edək ki, 5 günü əhatə edəcək bu yarış, Xəzər dənizinin sahilindən başlayacaq və Qəbələnin şimal hissəsindəki dağlara qədər olan məsafədə davam edəcək.
Birinci mərhələ Bakıda Bayraq Meydanında başlayacaq və Xəzər dənizinin sahili boyunca Sumqayıt şəhərinin 154 kilometrliyinә qədər olan məsafəni əhatə edəcək. Buraya 3 kateqoriyalı hündürlüyə dırmaşma və üç orta sürət üzrə yarış daxil olacaq. Bu mərhələ Sumqayıt ətrafında beş dövrə vurmaqla tamamlanacaq.
İkinci mərhələ Bakıda Velosiped Parkında başlayacaq və üç kateqoriyalı hündürlüyə dırmaşma üzrə həyata keçiriləcək. Buraya birinci kateqoriyalı hündürlüyə dırmaşma daxildir ki, bu da 187 kilometrdən sonra İsmayıllıda başa çatacaq.
Üçüncü mərhələ dağ-kurort şəhəri olan Qəbələdə başlayacaq, bu yol idmançıları Şəkiyə aparacaq və yarışçılar 177 kilometrlik məsafəni qət edərək, Qəbələyə geri qayıdacaqlar.
Dördüncü mərhələ “Tour d’Azerbaijan”ın ən uzun mərhələsidir. Belə ki, bu mərhələ Qəbələdən başlayaraq, Avropa Oyunlarının avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərində yerləşən İdman Mərkəzi Stadionuna qədər davam edərək 204,6 kilometrlik bir məsafəni əhatə edəcək.
Son mərhələ mayın 10-da Azadlıq Meydanında başlayacaq və Bakı şəhərinin ətrafında davam etməklə, elə həmin meydanda da başa çatacaq.
Qeyd edək ki, bu yarışları bütün dünya üzrə nüfuzlu idman kanalı olan "Eurosport" da canlı olaraq, yayımlayacaq.
Musavat.com