Dünyanın ən yaxşı təhsil verən 5 ölkəsi -ARAŞDIRMA
Yaxşı təhsil xoşbəxt gələcək deməkdir. Lakin dünya ölkələrinin heç də hamısının təhsil sistemi yüksək səviyyədə deyil. Elə ölkələr var ki, orada təhsil almaq və yaşamaq milyonlarla insanın arzusudur. Söhbət hansı ölkələrdən gedir?
Yenixeber.org: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı (İngiliscə: Program for International Student Assessment) PISA bu mövzuda cari ilin hesabatını hazırlayıb.
Təhsil sisteminin mükəmməlliyinə görə ilk 5-likdə yer alan ölkələr aşağıdakılardır:
1. Finlandiya
2. Cənubi Koreya
3. Niderland
4. Danimarka
5. İngiltərə
Bəs, bu ölkələr niyə ilk 5-likdədir?
Təhsildə fin nümunəsi...
Finlandiya uzun illərdir ki, ən keyfiyyətli təhsil sisteminə malik ölkələr sırasında qərarlaşır. Təhsildə ilbəil təkmilləşən ölkə olan Finlandiya reytinq cədvəlində ən yüksək bal toplayanlar arasında göstərilir. Bu ölkə xüsusilə orta məktəb təhsilindəki uğurları ilə diqqət çəkir.
Finlandiyada təhsil sisteminin bu qədər yaxşı olmasını şərtləndirən amilləri aşağıdakı kimi sıralamaq olar:
1. Ölkədə əsas və ikinci təhsil səviyyəsi pulsuzdur. Ali təhsil pilləsində də yerlərin çoxu ödənişsizdir. Bu, gəlirindən asılı olmayaraq hər kəsə yaxşı təhsil almağa imkan verir.
2. Əsas təhsil pilləsində dərs deyən bütün müəllimlər magistr təhsili alan şəxslərdən seçilir. Bu, o deməkdir ki, məktəblərdə dərslər daha savadlı müəllimlər tərəfindən tədris olunur. Ölkə üzrə müəllimlərin pedaqoji hazırlığı da yüksək qiymətləndirilir.
3. Demək olar ki, bütün sinif otaqları texnologiya baxımından zənginləşdirilib. Hətta bölgələrdə belə sinif otaqları yeni texnoloji məhsullarla təchiz olunub. Xaricdən gələn tələbələr üçün inteqrasiya təlimləri keçirilir. Bütün səviyyələr üzrə məktəblər keyfiyyətli təhsil və şagird amillərini prioritet götürür.
Dünyada ikinci ən yaxşı təhsil verən ölkə Cənubi Koreyadır. Burada təhsil alan tələbələr beynəlxalq imtahanlarda topladıqları ballarla diqqət çəkirlər. Ümumiyyətlə, Cənubi Koreyalı tələbələr hər il beynəlxalq arenalarda böyük uğurlar qazanırlar ki, bu da ölkənin təhsil sisteminin kifayət qədər yaxşı olduğu göstərir.
Cənubi Koreyada təhsilin üstünlükləri arasında önə çıxan amillərə diqqət yetirək:
1. Ölkə üzrə təhsil kifayət qədər intensivdir. Tələbələr bir çox aspektlər üzrə dərin biliyə malikdirlər. Beynəlxalq imtahanlarda qazanılan uğurlar da inkişafı yeni mərhələyə qaldırır.
2.Cənubi Koreyada əsas təhsil pulsuzdur. Ancaq müxtəlif ödənişlər etməklə daha keyfiyyəli ali təhsil almaq mümkündür.
3. Müəllimlər yüksək biliyə malik olmalarını sübut etmək üçün imtahan verməlidirlər. İmtahan prosesi ixtisaslı müəllimlərin seçilməsini təmin edir.
4. Şagirdlərə kiçik yaşlarından nizam-intizamlı iş prinsipi aşılanır. Bu metod intizamlı, uğurlu və məsuliyyətli nəslin formalaşmasına gətirib çıxarır.
5. Hazırda təhsil ixtisaslı kadrların yetişdirilməsi üçün kifayət qədər yaxşıdır. Cənubi Koreya məktəblərində təhsil alanlar asanlıqla iş tapa və beynəlxalq arenada yaxşı karyera qura bilərlər.
Ən yüksək təhsilə sahib olan ölkələr sırasında üçüncü yerdə Niderland gəlir. Bu ölkə uzun illər təhsildə uğur qazanıb və bu sahədə köklü sistemə malikdir.
Niderlandda təhsilin əsas üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:
1. Ölkədə hər bir vətəndaşın öz inancına uyğun təhsil almaq hüququ var. Bundan əlavə, təhsil strukturu bərabərdir.
2. Təhsil 5 yaşından başlamalıdır.
3. İbtidai və orta məktəbdə təhsil pulsuzdur. Bununla yanaşı, ölkədə yüksək perspektiv vəd edən özəl məktəblər də fəaliyyət göstərir.
Niderlandda peşə təhsilinə xüsusi önəm verilir. Orta məktəbi bitirən məzunların peşə məktəblərinə qəbulu prioritet hesab olunur və onlara ən müasir texnoloji avadanlıqlardan istifadə olunaraq, peşələrin sirləri öyrədilir.
4. Ölkədə yaxşı təhsil verən köklü universitetlər mövcuddur. Bu universitetlərdə təhsil alan tələbələr peşəkar kadr kimi hazırlanır. Gənclərin təhsilində biznes sahəsinə böyük üstünlük verilir.
Danimarka dünyanın ən yaxşı təhsil sisteminə malik 5 ölkədən biridir. Orada ali təhsilin səviyyəsi kifayət qədər yüksəkdir.
Danimarkada təhsil sisteminin diqqətəlayiq xüsusiyyətlərini aşağıdakı kimi sıralamaq olar:
1. Ölkədə təhsil 16 yaşa qədər icbaridir. Ali təhsil məcburi olmasa da, insanların böyük əksəriyyəti diplom almağa can atır.
2. Orta məktəb sinifləri ən müasir texnoloji avadanlıqlarla təmin olunub.
3. Məktəb müəllimləri seçilərkən, xüsusi həssaslıq göstərilir. Daha peşəkar və savadlı müəllimlərin məktəblərə cəlb olunması, təhsilin səviyyəsini yüksəldir. Hazırda Danimarkada çalışan müəllimlər keyfiyyətli təhsil üçün tələb olunan keyfiyyətlərə malikdirlər.
4. Liseylərdə verilən ixtisaslı təhsil sayəsində tələbələrin çoxu universitetə getmədən əvvəl hazırlıqlı vəziyyətdə olur. Kurikulumdakı fənlər bir çox sahələri əhatə edir.
5. Xüsusilə yüksək keyfiyyətli universitetləri olan ölkədə ali təhsilini başa vurmuş bir çox insanlar dünyanın hər yerində rahatlıqla iş tapa biləcək səviyyədədir.
Reytinq sırasında ilk beşliyi Böyük Britaniya tamamlayır.
Xarici ekspertlərin fikrincə, Britaniya əla təhsil sisteminə malikdir, bu ölkənin təhsil müəsissələri savadlı kadrlar hazırlayır. Ümumilikdə götürdükdə İngiltərədə təhsilin keyfiyyəti siyahıda olan digər ölkələrdən daha yüksəkdir. Ölkənin təhsil sistemini həm köklü, həm də müasir kimi qiymətləndirmək olar.
Britaniya təhsil sisteminin əsas istiqamətləri:
1. Böyük Britaniyada başqa ölkələrdə olduğu kimi 16 yaşa qədər təhsil icbaridir.
2. İbtidai sinifdən kollecə qədər təhsil səviyyəsi pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir.
3. Şagirdlərin bilik səviyyəsi ölkə məktəblərində vaxtaşırı keçirilən ümumi qiymətləndirmə imtahanları ilə ölçülür. İmtahanlar nəticəsində təhsilin keyfiyyəti ölçülür, müsbət və mənfi məqamlar üzə çıxır.
4. Britaniyada hər bir şəxsin təhsil alması üçün münbit şərait mövcuddur.
5. Bu ölkədə dünyanın ən nüfuzlu və qədim universitetləri fəaliyyət göstərir. Hər il dünyanın müxtəlif yerlərindən yüzlərlə tələbə Britaniyaya təhsil almağa gəlir. Onların bəziləri təhsillərini başa vurduqdan sonra geri qayıtsalar da, əksəriyyəti Britaniyada qalıb, karyera qurmağa üstünlük verir.