Bu gün xalqımızın igid oğlu, general-mayor -Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
Yanvarın 22-si xalqımızın igid oğlu, İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, istedadlı hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyidir.
Yenixeber.org: Ötən il dekabrın 29-da Prezident İlham Əliyev görkəmli hərbi xadimin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizədə və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri var. 1941–1945-ci illərdə Azərbaycanın 700 minə yaxın övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.
Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün qeyd olunması müstəsna əhəmiyyət daşıyır.
Qəhrəman Vətən övladı Həzi Aslanovun şərəfli ömür yolu
hər bir azərbaycanlıya örnəkdir
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. On üç yaşında atasını itirən Həzi həmin ildən kərpic zavodunda fəhlə işləyib. İki ildən sonra onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərirlər. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İkiillik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib. Həzi Aslanov o zaman Ukraynada xidmət edirdi. Müharibəni də elə bu ölkədə qarşılayır. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərir. 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşlərdə qəhrəmanlığına görə “Qırmızı ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutur, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Polkovnik-leytenant Həzi Aslanov rəhbərlik etdiyi briqada bu döyüşdə düşmənin 30 əks-hücumunu dəf edir, almanların bir piyada batalyonunu, 30 tankını, 50 avtomobilini sıradan çıxarır. Həzi Aslanov göstərdiyi şücaətə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-nadək Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi birillik təhsil proqramını üç aya başa vurur. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilir. 1944-cü il iyunun sonlarında Belarusiya və birinci Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə istiqamət alır. Cəsur generalın rəhbərlik etdiyi briqada iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qırmızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli “Suvorov” ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. İgid həmyerlimiz Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə səkkiz dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə “Qırmızı ulduz”, üç dəfə “Qırmızı bayraq”, “Aleksandr Nevski”, ikinci dərəcəli “Suvorov”, 1-ci dərəcəli “Vətən Müharibəsi” ordenlər və sayısız medallarla təltif edilmişdi.
1945-ci il yanvarın 24-də Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, tibb məntəqəsinə gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. Bir qədər sonra general özünə gəlir, vəziyyəti getdikcə yaxşılaşır. Onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərmək qərara alınır. İki saat müddətində generalı səhra hospitala çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, Həzi Aslanovun həyatını xilas etmək mümkün olmur. Almanların tanklarını darmadağın edən Həzi Aslanov erməni məkrinin qurbanına çevrilir. O, 1945-ci il yanvarın 24-də aldığı yaralardan 23 saat sağ qalır. Onu Moskvaya aparmaq üçün təyyarə göndərilsə də, erməni general Baqramyanın əmri ilə təyyarə işə salınmır. Çoxlu qan itirən həmyerlimiz 35 yaşında həyatla vidalaşır.
Ölümündən 47 il sonra - 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzinin doğulduğu Lənkəranda generalın şəxsi əşyaları, şərəfli döyüş və ömür yolunu əks etdirən fotoşəkillərin yer aldığı ev-muzeyi istifadəyə verilib, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun böyük heykəli qoyulub. Bakıdakı küçələrdən və metronun stansiyalarından biri Həzi Aslanovun adını daşıyır.