Kərəm Həsənovun yenicə vəzifəyə verdiyi şəxsə ağır ittihamlar
Bir neçə ay əvvəl bağlanan “Bakı Sənaye Tikinti Dəstləşdirmə” Açıq Səhmdar Cəmiyyətinin işdən çıxarılmış əməkdaşları ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında qalmaqal yaranıb.
"Xeberinfo.com": Məlumata görə, İşçilər komitədən şikayətçidirlər, komitə isə vaxtilə nəzdində olan həmin ASC ilə artıq heç bir bağlılığının olmadığını iddia edir.
Məsələ ilə bağlı danışan “Bakı Sənaye Tikinti Dəstləşdirmə” ASC-nin hüquqşünası Məmməd Eynalov deyib ki, noyabrda bu Cəmiyyətdə tutduğu vəzifədən azad olunub, lakin maaşlarının hələ də ala bilmir.
Müəssisənin yerləşdiyi ərazi Olimpiya Şəhərciyinin tikilməsi səbəbilə satılıb, binası sökülüb, işçiləri də bir günün içində işdən azad olunub. Amma işdən çıxarılan 10 nəfərin 2 aylıq əmək haqqı, məzuniyyət pulları və təzminatı ödənilməyib.
İşçilər Əmlak Məsələləri Dövlət Komitəsində Rövşən adlı şəxsin qəbuluna düşüblər, aldıqları cavab isə belə olub: “Hara istəyirsiniz şikayət edin, bizlik bir şey yoxdur”.
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Əmlak Komitəsi ilə əlaqə saxlayıb. Qurumda məsləhətçi vəzifəsində çalışan Rövşən Məmmədov şikayətə baxılacağını deyib: “Müəssisənin 30 % səhmləri əvvəl dövlətin idi. Satıldığına görə tam özəlləşib. Bizim onlara müdaxilə etməyə heç bir haqqımız yoxdur. İşçilərin şikayətlərinə qanunvericiliyə uyğun baxılacaq. Baxılmazsa, məhkəməyə müraciət etməlidirlər”.
Məsələ isə göründüyündən daha qəlizdir. Belə ki, cəmiyyət bağlandığından işçilər kimi və ya hansı orqanı məhkəməyə verəcəklərini bilmir: “Biz məhkəməyə kimi verək? ASC-nin yerləşdiyi bina da sökülüb. Belə bir obyekt artıq yoxdur. Müəssisə bağlanmamışdan öncə Əmlak Komitəsinin nəzdində idi. Ona görə də biz haqqımızı oradan tələb edirik”.
İşin ən maraqlı tərəfi isə odur ki,
“Bakı Sənaye Tikinti Dəstləşdirmə” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra qurumun sədri Nəsib Fərzəliyev Əmlak Məsələləri Dövlət Komitəsində vəzifəyə götürülüb. Şikayətçilər isə həmin şəxsin telefonlara cavab vermədiyini, işçilərdən gizləndiyini deyir.
“Azərsu” ASC Olimpiya şəhərciyinə həmin ərazidən su çəkdiyindən orada yerləşən bütün obyektlərə müəyyən bir məbləğ ödəyib.
Məmməd Eynalov iddia edir ki, fürsətdən istifadə edən “Bakı Sənaye Tikinti Dəstləşdirmə” Açıq Səhmdar Cəmiyyəti 51 min AZN məbləğində səhmləri 253 min AZN məbləği ilə bir şəxsin adına qeydiyyata salıb.
“Buna görə də “Azərsu” ASC-dən daha artıq məbləğ, daha doğrusu 10 milyon manat tələb edir. “Bizim çalışdığımız müəssisəyə 1 milyon 400 min manatdan artıq ödəniş olunub, amma yenə maaşımız verilmir. ASC-nin avadanlıqları da Komitədə çalışan Əziz adlı adam tərəfindən satılıb, öz aralarında bölüşdürülüb. 10 işçinin ümumi haqqı 13 min AZN-dən çox etmir. Lakin yenə də gözlərinə çox görünür və haqqımızı vermirlər”, - deyə, “Bakı Sənaye Tikinti Dəstləşdirmə” ASC-nin hüquqşünası bildirib.