Leyla Yunusovanın səhhəti ilə bağlı açıqlama
Beynəlxalq həkim qrupunun apardığı müayinələr Leyla Yunusovanın səhhəti ilə bağlı yayılmış məlumatların əsassız olduğunu təsdiqləyib.
"Xeberinfo.com": Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilən məlumata görə, son zamanlar kütləvi informasiya vasitələrində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs L.Yunusovanın səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Bəzi Avropa qurumları bununla bağlı öz narahatlıqlarını ifadə ediblər.
Xidmət ilk növbədə qeyd edir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət dəfələrlə Leyla Yunusovanın tibbi müayinəsini həyata keçirmək istəyib, lakin o, müxtəlif bəhanələrlə bu tibbi müayinələrdən imtina edib.
Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs L.Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış "Charite" xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin L.Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.
Qeyd olunur ki, 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Dr. K.Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professor Murad Məmmədov, professor Gəray Gəraybəyli, professor Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs L.Yunusovanın tam müayinəsi - qanın laborator analizi, qarın boşluğu, kiçik çanaq orqanlarının və qalxanvarı vəzinin müayinəsi, yuxu arteriyalarının, vertebral arteriyaların və aşağı ətraf arteriyalarının doppler USM müayinəsi, döş qəfəsi orqanlarının, baş beynin və tam qarın boşluğunun kompüter tomoqrafiyası, EKQ, EXO-kg, ürəyin exoqrafiyası həyata keçirilib, oftolmoloqun, nevropatoloqun və onkoloqun konsultasiyası aparılıb. Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin video çəkilişi aparılıb. Dr. K.Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik və etik standartlara uyğun aparıldığını təsdiq edib.
Aparılmış müayinənin nəticələri təqsirləndirilən şəxs L.Yunusovanın həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərib, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq edib.