Heydər Əliyev Hacı Əbdül haqqında nə demişdi, Mehriban xanım onu niyə ziyarət etdi?
Yenixeber.org: Azərbaycanın I vitse-prezidenti Mehrban Əliyevanın İmam Hüseyn məscidini ziyarət etməsi ictimaiyyətdə müəyyən polemikalara səbəb olub. Maraqlıdır ki, istər müxalif düşərgədə, istərsə də Hacı Əbdülə yaxın çevrələrdə bu ziyarət bir zamanlar Heydər Əliyevə qarşı kəskin müxalifliyi ilə seçilən Hacı Əbdülə verilmiş dəstək kimi qiymətləndirilir. Bu da təsadüfi deyil və son zamanlar xanım Mehriban Əliyevanın aktiv təbliğatçısına çevrilmiş hacıya göstərilmiş iltifatın birmənalı qarşılanmayacağı bəlli idi.
Fikrimizcə isə, Mehriban xanımın İmam Hüseyn məscidinə ziyarəti qətiyyən siyasi motiv daşımır və daşıya da bilməz. Ən azı ona görə ki, Hacı Əbdül ciddi siyasi imicə malik deyil. Hacı çox gözəl insan, qayğıkeş axund, yüksək keyfiyyətlərə malik vətəndaş ola bilər, amma onun indiyə qədər ortaya qoyduğu kimliyi siyasi ciddiyyətdən çox-çox uzaqdır. Məhz bu səbəbdən də iddia etmək olar ki, hacı həmin görüşdə Mehriban xanımın qarşısına sırf din xadimi statusunda – məscidin axundu kimi çıxmışdı. İddiamızı hacının özü də etiraf edərək, “Report”a açıqlamasında deyib:
“Bu günə qədər məscid bir dəfə də olsun əsaslı təmir edilməmişdi. “Tövbə” cəmiyyəti olaraq hər yerə müraciət etmişdik ki, məscid əldən gedir və təmirə ehtiyac var. Çünki həmin məscid qədim tarixi və təkrarı olmayan ibadət məkanıdır. Nəhayət Mehriban xanıma müraciət etdik. Sağ olsun ki, bizim müraciətimizi qəbul edərək məscidi əsaslı surətdə və gözəl şəkildə təmir etdirərək dindarlara qaytardı”.
Açıqlamadan da aydın olur ki, Mehriban xanım İmam Hüseyn məscidinə sırf xeyirxahlıq niyyətilə, milli mədəniyyət nümunələrinə dəyər verən ziyalı kimi qədəm qoyub və ziyarət sırasında istər-istəməz məscidin axundu ilə ayaqüstü söhbətləşib. Bundan hansısa siyasi nəticələr çıxarmaq isə yanlışdır. Ona qalsa, hörmətli Mehriban xanım hər gün ən müxtəlif yardıma ehtiyacı olan insanları qəbul edir və problemlərini çözməyə çalışır. Vitse-prezidentə müraciət edənlər arasında sağlamlıq problemi ilə əlləşən xəstələrə də, təhsilini başa vurmaq üçün maddi dəstək almaq istəyən tələbələrə də, təqaüdçülərə də, haqsızlıqla üzləşənərə də rast gəlmək olar. Sözsüz ki, Mehriban xanım onları hansısa siyasi divident qazanmaq xətrinə qəbul etmir. Hacı Əbdülün yuxarıdakı açıqlamalarından aydın olur ki, o da axundluq etdiyi məscidin təmiri üçün Xanıma müraciət etmiş və həmin təşəbbüs yüksək qiymətləndirilmişdir. O da unudulmamalıdır ki, Mehriban xanım həm də UNESCO və ISESCO-nun xoşməramlı səfiridir və onun bir mədəniyyət abidəsinə təşrif buyurmasından təbii heç nə ola bilməz.
Digər tərəfdən, Hacı Əbdülün siyasi imici və keçmişi Mehriban xanımın onu siyasi dəstək almaq məqsədilə ziyarət etməsi arqumentini alt-üst edir. Belə ki, I vitse-prezident həm də mərhum Heydər Əliyevin siyasi irsini yaşadan quruma rəhbərlik edir, Hacı Əbdül isə bir zamanlar Heydər Əliyevə qarşı ən radikal müxalif mövqedə dayanır, onun hakimiyyətə gəlməsi perspektivinə aşağılayıcı üslubla qarşı çıxırdı.
Prinsipcə, Heydər Əliyevin də hacıya münasibəti yaxşı deyildi və bu möqveyini dəfələrlə gündəmə gətirmişdi. Onun 1991-ci ildə məşhur Nehrəm görüşündə Hacı Ədbül haqqında dediyi aşağıdakı fikirlər belə, üzərindən uzun illər keçsə də, yaddaşlardan silinməyib.
Əlbəttə ki, Heydər Əliyevin ən yumşaq halda “əcaib adam” adlandırdığı birisiylə Mehriban xanım siyasi əməkdaşlıq etməz və onun belə bir adamın köməyinə də ehtiyacı yoxdur. Hər halda o, istənilən bölgədən minlərlə ağsaqqalın dəstəyini qazanmaq gücünə malikdir. Hacı Ədbül kimi siyasi cəhətdən yetkin olmayan birinin dəstəyi isə istənilən şəxsə siyasi dividentdən çox, zərər gətirər.
Bütün bu amillər ictimai müzakirələrə yol açan məlum görüşün, siyasi motivlərdən uzaq, sırf mədəni xarakter daşıdığından xəbər verir.(ovqat.com)