Yenixeber.org: Hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.

Ev alqı-satqısı ilə məşğul olan Natiq Bəhramov Modern.az-ın əməkdaşı ilə söhbət zamanı sentyabrda Bakıda kirayə qiymətlərinin avqustla müqayisədə artdığını bildirib.

O qeyd edib ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 350-400 manata, 3 otaqlı evlər isə 500 manatdan başlayan qiymətlərlə təklif olunur.

Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. Yay aylarında 250-300 manata təklif edilən evlərin qiyməti hazırda 400-450 manatadək bahalaşıb.