Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular-İnşaat müharibələri, Foto-Video
Bakının Nəsimi rayonunda, Cavadxan küçəsi N68A saylı evdə yaşayan sakinlər “Fidan” MTK şirkətinin tikməyə hazırlaşdığı 16 mərtəbəli binanın inşasının qarşısını almaq üçün öz həyətlərində gecə-gündüz növbə təşkil ediblər.
Yenixeber.org: Evin sakini Hicran Məmmədovanın bildirdiyinə görə, “Fidan” MTK-nın işçiləri iyulun ilk günlərində onların evindən 15 metr məsafədə həyətlərinin bir hissəsini, hansı ki, çoxillik ağacların olduğu bağça, köşk, uşaq meydançası vardı, hasarlayıb. Sakinlərə elan ediblər ki, hasarlanmış ərazidə 16 mərtəbəli bina tikiləcək.
"Şirkət bizim özümüzün nə vaxtsa əkib böyütdüyümüz ağacları, əllərimizlə düzəldib quraşdırdığımız oturacaqları, köşkləri, turnikləri və saldığımız qumluğu sadəcə bütövlükdə zəbt edib”, - deyə H.Məmmədova və qonşuları bildiriblər.
Artıq iyulun 10-da əraziyə köşklərlə bağçanı dağıtmaq və özül qazmağa başlamaq üçün texnika gətiriblər. Amma hiddətlənən sakinlər hasarı sındırıb tikintini dayandırıblar. Sakinlər və inşaatçılar arasında münaqişə olduqca gərgin vəziyyət alıb və necə deyərlər, üstünlük hələlik birincilərin tərəfindədir. Belə ki, onlar “Fidan” MTK-nın tikinti işlərinə başlamasına imkan vermirlər.
Həmin binanının 68 A saylı mənzilində yaşayan 1968-ci il təvəllüdlü Xalis Quliyev əməkdaşımızla söhbətində bildirib ki, hələ 2003-cü ildə binanın qəzalı vəziyyətdə olması ilə bağlı mütəxəssis çağırılıb. Bünövrə yatdığından fasadda çatlar əmələ gəlib: “Bütün bunlara baxmayaraq, bizim evimizin yanında üç yeni tikili qaldırmağı planlaşdırırlar”.
Bina sakinləri Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon Prokurorluğuna, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də digər qurumlara müraciət ediblər. Tikinti müvəqqəti olaraq dayandırılıb. Amma istənilən an onun yenidən başlanma ehtimalı var. Tikintinin yenilənməsindən ehtiyatlanan sakinlər növbə ilə, hətta gecələr belə həyətdə keşik çəkirlər.
“Fidan” MTK-nın əməkdaşı Ədalət Əsgərov isə şirkətin bu ərazidə tikinti aparması üçün, əllərində lazım olan bütün zəruri sənədlərin olduğunu bəyan edib. Ağaclara gəlincə, Əsgərov "onlar başqa yerə köçürüləcək” deyib.
Ağaclar haqda Əsgərovun verdiyi vəd sakinlər arasında narazılığa səbəb olub. Onlar bildiriblər ki, çoxillik ağacların yerini dəyişdirmək mümkün deyil, çünki onlar anındaca məhv ola bilərlər. Bir də...
“O siz jurnalistlərə elə deyir, bizləri isə bağçadakı bütün ağacları kəsəcəyi ilə hədələyir”, - deyə Hicran Məmmədov bildirib.
Sakinlər qanunsuz tikiliyə etiraz olaraq məhkəməyə müraciət etmək niyyətindədirlər. Onların iddiasına görə, binanın 15 metrliyində hansısa tikintiyə, həmçinin çoxillik ağacların məhv edilməsinə qanunla yol verilmir.
Bina sakini Natiq Həsənovun sözlərinə görə, bu tikili onları uçqun altında qoya bilər: “Bizim qəzalı vəziyyətdə olan evlərimiz başımıza uçar”.
Virtualaz.org